ZİYALISI YALTAQ, SİYASƏTÇİSİ QORXAQ, VƏTƏNDAŞI MAYMAQ ...

16-10-2008

Azərbaycan uğrunda çarpışmağa dəyərmi?

Seçkilər adlı tamaşa bitdi... Nəticələri öncədən bəlli olmasına baxmayaraq, hər halda biabırçılıq və həyasızlığın son 5 ildə daha da "çiçəklənib", bura qədər gələcəyini gözləmirdim. Bəri başdan deyirəm, aqressiyam qətiyyən seşkidə qalib gəldiyi deyilən namizədə və onun partiyasına deyil, Azərbaycan toplumuna qarşıdır. Bununla belə, İlham Əliyev haqqında heç olmasa bir neçə həqiqəti demədən yazıma başlamaq yapçılıq olardı.

Yeni və köhnə prezident birinci 5 illik müdəti dövründə həm də YAP-ın sədri qalmaqla Azərbaycan Konstitusiyasını pozub. İkinci dəfə prezidentliyə namizədliyi qeydə alınandan sonra isə prezidentlik postundan istefa verməyib- Konstitusiyanı növbəti dəfə pozub.

Prezident seçkiləri 15 oktyabrda keçirilsə də (hələ yekun nəticələrin rəsmən açıqlanacağı günü demirəm) İ.Əliyevin rəhbəri olduğu iqtidar partiyası- YAP artıq 14 oktyabrdan Bakının Sahil bağında səhnə quraraq Qələbə Konsertinin hazırlıqlarına başlamışdı. Təkcə bu amil bütün seçki prosesinin TAMAŞA olduğuna, nəticələrin öncədən, həm də seçki məntəqələrində yox, yüksəkçinli məmur otaqlarında yazıldığına aydın dəlildir.

İlham Əliyev müxalifətin Konstitusiya ilə təmin olunan sərbəst toplaşmaq hüququnu bir neçə ildir ki, məhdudlaşdırıb... Amma müxalifəti buraxmadığı Azadlıq meydanını bu yaxınlarda xaricdən alınan zibilyığan maşınların üzünə açdı. Üstəlik özü də həmin zibilyığan maşınların sərgisinə qatıldı. Bir ölkənin ki, prezidenti zibilyığan maşınları demokratiyanın əsas atributlarından olan müxalifətdən daha vacib sayır, .... onu qınamayın... Bunca təhqir olunmasını məmnunluqla qarşılayan müxalifət və toplumu ittiham edin... üz çevirin həmin toplumdan... O ölkədən, o ölkənin düzələcəyinə olan ən gizlin, ən sısqa ümidlərdən belə, üz çevirin, rədd olub gedin o ölkədən...

Azərbaycan bizə, biz Azərbaycana lazım deyilik...

İlham Əliyev haqqında daha bir məqama da toxunub, məsələni yekunlaşdıraq. Sizcə, köhnə və yeni prezidentimiz, hələ ortada olan siyasətçiləri demirəm, istənilən sıravi vətəndaşdan hansı keyfiyyətlərinə görə üstün sayıla bilər? İntellektual göstəricilərinə görəmi? Azərbaycan dilində daha səlist danışa bildiyinə görəmi? Bəlkə kağız üzərində şişirdilən saxta statistik rəqəmlərə görə? Axı nədir onun üstünlüyü? Bəlkə komandası yaxşıdır?

Rüşvət və korrupsiya deyiriksə, onun komandasındadır! Hər halda Fərhad Əliyev, Əli İnsanov, Fikrət Yusifov, Hacı Məmmədov, Zakir Nəsirov və onlarla irili-xırdalı məmurlar xalamın deyil, İlham Əliyevin komandası idi.

Hələ həbsdə olmayan Kəmaləddin Heydərov, Heydər Babayev, Ziya Məmmədov, Misir Mərdanov və adını yaxşı ki, bu anda unutduğum digərləri bəs necə olsun? Yoxsa onların əlləri təmizdir? Onda "Jalə" şirələri, "Gilan-Holdunq", çoxsaylı banklar, tikinti şirkətləri, nəşriyyatlar, villalar kimindir? Sənin? Mənim? Yoxsa qonşularımızın? Oysa ölkədə bütün biznez sahələrini monopoliyaya alan kimlərdi bəs? Biz deyiliksə, onlar deyilsə, kimlərdir? Bilirsən axı, mənim xalqım, and olsun inandığım bütün müqəddəslərə, bilirsən! Vallah, bilirsən! Bəs niyə səsin çıxmır? Niyə? Yooox, səsin çıxır. 5 ildən bir bu məmur tayfasının seçki qutularından çıxır səsin.

Sən elə buna layiqsən!

Sənə bu da azdır!

Və sənin səs verdiyin İlham Əliyev bütün bunları bilmirsə, onda it olub küçələrdə hürüm!!!

Bilir! Sən də bilirsən ki, bilir!

Onda mən niyə xiyar kimi düşmüşəm ortaya? Onda Sənin və Sənin gələcəyin uğrunda çürütdüyüm, havaya sovurduğum gəncliyimin, ömrümün ən qızıl çağlarının hesabını kimdən sorum?

Axı niyə qurban verməliyəm özümü?

Sən ki, buna layiq deyilsən!

Azacıq cəsarətin varsa, dur, bu yazıma, bu sərt ittihamlara, səni heçdən sayıb gəlməyimə görə məni məhkəməyə ver, dama basdır! Heç olmasa məni məhv etməklə, çığnamaqla içində hələ də bir cıqqa cəsarət toxumu qaldığını sübut et! Heç olmasa bu şəkildə var olduğunu göstər!

Təəssüf!
Nə isə... Yazını daha uzun yazacaqdım... Amma...
Ziyalıların yaltaqlığıyla, məmurların tıxmaqlığıyla, siyasətçilərin qorxaqlığıyla, vətəndaşların maymaqlığıyla... mənsə sənə sevgimlə BƏDBƏXTƏM!

REKLAMLAR BİTDİ, SEYRƏ DAVAM...

16-10-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца