Kayıtlar

Temmuz 22, 2007 tarihine ait yayınlar gösteriliyor

talış kəndi

kirəmitli evlər… dağların meşələrin boynuna atılmış qırmızı təsbeh qoca zaman sevir yaman təsbeh çevirməyi… holavar oxuyur evlər damına qonmuş quşların diliylə necə ki çəltik vərləri danışır dalğa dalğa içinə doluşan adamların qarışıq səsləriylə: - ey riza kişi bir qırmızı naxışlı beşik düzəldərsən oğlum olacaq üç qızıma tək qardaş… - ey riza kişi bir kisə düyü verəcəyəm bir kisə düyü oğlum olarsa… gülümsəyir qoca riza baxıb iri əllərinə - oğlun olarsa adını nəsir qoyarsan… nəsir… məndən də beşik hədiyyəsi… gülüşür qadınlar palçığa batmış ayaqları şəndir… qoca zaman sevir yaman palçıq yoğurmağı…

cəbhə lətifəsi

döyüş arası fasilələrdə bəzən daha dadlı görünərdi bizə mülki lətifələr hərbi yeməklərdən və biz üç nəfər yenə yaman daraşmışdıq köhnə adətimizə belədi də bəzən min dəfə eşitdiyin lətifə də gülməli çıxır… al bu da sənə təzə lətifə- bir mərminin ucunda saplandı aramıza ölüm də lətifədir!.. bu ağdamlı əli bu da havada üzülmüş başını axtaran bir cüt əli bu ləzgi səməd azca aralıda hoppanıb düşən ayaqlarına - eyy məni də aparın!- deyə son dəfə gülümsəyir bu da mən… üç gün sonra ayıldım hospitalda buraxın məni deyə qışqırdım diksindi pəncərəyə qonan sərçələr… sonra tanıdım həkimi- dağlı vahabın üçüncü oğlu uşaqlıq dostum əl verib görüşmək bağrıma basmaq istədim bilirsənmi nələr oldu deyə… və daha bir yol qışqırdım… pəncərəni bahar örtmüşdü həkimin üzünü payız… bahar da lətifədir həyat da

əsgər məktubu / arxa cəbhəyə!

sizə zəfər gətirəcəyik bizə məktub yazın heç olmasa sətirlərdən ürəyiniz boy versin səbirlə dinləyin şikəst qayıdan əsgər yoldaşlarımızın gecə sayıqlamalarını üz çevirib getməyin uşaqlarımız dilənəndə su verin çörək verin! atalarımıza siqaret analarımıza ürək dirək verin… sizə zəfər gətirəcəyik bizə barıt qoxusu dadmayan səhər saxlayın bir az günəş bir az dəniz… bir az da soyuq xırdalan pivəsi şəxsən mənim üçün və sevməyin ay əclaflar bizi gözləyən qadınları

təşviqat vərəqəsi / ön cəbhəyə!

endirilmiş bayraqları güllələməyin öldürülmüş əsgərləri tapdalamayın yaralılara su verin əsirlərə təbəssüm daha bir döyüş bitdi deyə gülümsəyin işğal etdiyiniz torpaqlarda ev tikməyin ev uçurtmayın qıcıqlandırmayın yiyəsiz evlərin itlərini həmişə üstünüzdə uşaq şəkli gəzdirin və unutmayın müharibələr yalnız bayağı marşları çeynəmək üçün deyil P.S. insanları öldürüb də sonra qulaqlarınızı dayamayın ürəklərinə…

küfr

bu ocağın odunda yetimlik çörəyinin dadında yetimlik uşağında qadınında yetimlik yoxsullar vətənsizmiş vurulub azərbaycan xəritəsi pəncərəyə şüşə əvəzi… sızlayır divarın boz çatlarında unudulmuş kişi nəfəsi qadınlar bədənsizmiş ölü işıqlar yağır bu evin umud təknəsinə… sığınıb bir yetim uşaq müharibədə ölən atasının uzunboğaz çəkməsinə çəkmələr xəbərsizmiş