cəbhə lətifəsi

döyüş arası fasilələrdə
bəzən daha dadlı görünərdi bizə
mülki lətifələr hərbi
yeməklərdən

və biz üç nəfər
yenə yaman daraşmışdıq
köhnə adətimizə

belədi də
bəzən min dəfə eşitdiyin lətifə də
gülməli çıxır…

al bu da sənə təzə lətifə-
bir mərminin ucunda
saplandı aramıza

ölüm də lətifədir!..

bu
ağdamlı əli
bu da havada üzülmüş başını axtaran
bir cüt əli

bu
ləzgi səməd
azca aralıda hoppanıb düşən ayaqlarına
- eyy məni də aparın!- deyə
son dəfə gülümsəyir

bu da mən…
üç gün sonra ayıldım hospitalda
buraxın məni deyə qışqırdım
diksindi pəncərəyə qonan sərçələr…

sonra tanıdım həkimi-
dağlı vahabın üçüncü oğlu
uşaqlıq dostum

əl verib görüşmək
bağrıma basmaq istədim
bilirsənmi nələr oldu deyə…

və daha bir yol qışqırdım…

pəncərəni bahar örtmüşdü
həkimin üzünü payız…

bahar da lətifədir
həyat da

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца