AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

Ölkəmizi dünyada tanımırlar. Bəs tanınmağı haqq etdikmi?

Azərbaycan bir ölkə kimi dünya düzənində yalnız coğrafi mənada mövcuddur. BMT-də, ATƏT-də, digər nüfuzlu təşkilatların ofislərinin önündə bayrağımızın dalğalanması nə qədər qürurverici olsa da, bundan o yana gedə bilməməyimiz o qədər, necə deyərlər, kədərlidir.
Yaxınlarda dünya mətbuatında ölkələr haqqında məlumatların sayına görə müəyyənləşən “East West Global Index 200” reytinqi açıqlananda məlum oldu ki, Azərbaycan 60-cı yeri tutub. Dünyanın 38 aparıcı kütləvi informasiya vasitələrində keçirilən monitorinq əsasında hazırlanan cədvələ görə, hesabat dövründə 38 media orqanında Azərbaycanın adı 869 dəfə çəkilib. Hərçənd reytinq cədvəlində YAP, QAT və ANS üçün təsəlliverici məqam da var: Ermənistan 151-ci yerdədir.

Bu gün Azərbaycanın adı dünya mediasında əsasən iki faktorun üzərində hallanır: neft və Qarabağ münaqişəsi.

Dünyada neft ölkələrinin sayı o qədər çoxdur ki, yalnız mütəxəssislərin kiçik bir qrupu onların adını əzbərdən deyə bilər. Venesuela, Nikaraqua, İran, ərəb ölkələri... Azərbaycan bu ölkələrdən hansı kriteriyalarına görə üstündür? Neft-qaz ehtiyatlarının həcminə görə, yoxsa siyasi rejimin daha demokratik olmasına görə?

Oktyabr ayında 75 illiyi səssizcə tamam olan dəyərli şairimiz Məmməd Araz demişkən: "Siyasət çayları boy verməz sənə / Kəndim balacasan, çox balacasan".

Əlbəttə, Azərbaycan haqqında ABŞ, Böyük Britaniya, Fransa və s. böyük ölkələrinin hökumətlərində bəzi kabinet məmurları bilgili ola bilər. Amma mən dünya ölkələrində yaşayan sadə insanların ölkəmiz haqqında bilgisiz olmasından danışıram.

Çin və Hindistan dünya əhalisinin az qala yarısını təşkil edir. Onlar Azərbaycan haqqında nə bilir? Və ya sualı belə qoyaq: onlar Azərbaycan haqqında niyə də məlumatlı olmalıdırlar? Biz nə etdik ki, bizi tanısınlar?

Sözümü qəribçiliyə salmayın: Qarabağ münaqişəsi və Bakı nefti olmasaydı, ölkəsinin 5-ci dərəcəli məmuru olan Metyu Brayza da bizi tanımazdı. Bədbəxtçilikdən nə Qarabağ müharibəsi, nə də Bakı neftinin, necə deyərlər, müəlliflik hüququ bizə məxsus deyil. Birinə ermənilər, birinə də təbiət imza atıb.

Doğrudan da, biz nə etdik ki bizi tanısınlar?

Azərbaycan dünyanın ədəbiyyat xəritəsində yoxdur. Biləcəridən o yana hansısa sanballı uğura imza atan, dünya ölkələrində sevilərək oxunan heç bir yazarımız yoxdur. Yəni "Ədəbiyyat BMT-sində" hələ də bayrağımız dalğalanmır.

Gələk iqtisadiyyata. Üzərində "Made in Azerbaidjan" yazılan hansısa məhsulu ixrac edirikmi? Şərq ölkələri olan Yaponiya və Cənubi Koreya hələ bir yana qalsın, heç olmasa Sinqapur qədər iqtisadi gücümüz varmı? (Yeri gəlmişkən, yuxarıda danışdığım reytinq cədvəlində Sinqapur birinci yeri tutub.). Allahın velosipedini belə, istehsal edə bilmirik. Təkcə neftin hesabına dünyanın iqtisadi xəritəsində yer tutmaq xülyası korrupsiyaya bulaşmış ölkələrin reytinq cədvəlində birinci olanların gün vurmuş ağlına gələ bilər yalnız. Deməli, buna da bir quş.

Elmdən nə danışaq? Milli alimxanamızda günü nərd oynamaqla keçənlər qoy inciməsin, ölkədə quşa daş atırsan, dosentə, elmlər namizədinə, doktora, professora dəyir. Adlarını burdan-bura heç biz duymadıq, qalmışdı dünya elmi.

İnformasiya və bilgi çağından hətta Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov da sevə-sevə danışır. Amma Azərbaycanda böyük çoxluq internetə hələ də "dial up"la qoşulur. Biabırçılıqdır.

Deməli, dünyanın nə elm, nə də "bilgi çağı" xəritəsində belə, adımız yoxdur.
Bəs biz harda varıq?
Jurnalistlərin öldürüldüyü, həbs olunduğu ölkələr siyahısında!
Korrupsiya hesabatlarında!
İnsan haqqlarının pozulması haqqında bəyanatlarda!
Bir sözlə, insanlıq dışı bütün qorxunc nağıllarda Azərbaycanın adı birinci keçir.
Belə getsə, tezliklə hətta Afrika cəngəlliklərində yaşayan sivilizasiyadan uzaq tayfalar da uşaqlarını "Azərbaycan"la qorxudacaqlar.

Biz dünyanın ən potensial və istedadlı XOXANıyıq.

Hakimiyyətin idmana yatırdığı (batırdığı) pulla elmə, təhsilə yatırdığı pulları müqayisə edin! Dəhşətə gəlməmək üçün adama şir ürəyi lazımdır!

Hakimiyyətin ciddi mədəniyyətə, ədəbiyyata verdiyi dəstək isə yalnız və yalnız öz bürokratik davamını- quyruğunu uzatmağa hesablanıb!
"İqtisadiyyat inkişaf edir" nağıllarıyla neftin pullarını fantastik layihələrə xərcləyirlər, bu günkü və gələcək nəsillərin malı olan bu pulları havaya sovurarkən heç bir vətəndaşın rəyi nəzərə alınmır.

Polisin əməkhaqqları son bir neçə ildə dəfələrlə qaldırılsa da, müəllimin başını "25 faiz artımla" aldadırlar. Amma demirlər ki, qanuna əsasən, hökumətin borcudur ki, hər il ölkədəki inflyasiyanı (bu il 30 faizə yaxın) əmək haqqlarında kompensasiya etsin.

Bunu "əmək haqqlarının artımı" kimi təqdim etmək və prezident seçkiləri öncəsi təbliğat faktoruna çevirmək vətəndaşı yumşaq desək, eşşək yerinə qoymaqdır.

Qeyri-neft sektoru iflic vəziyyətindədir. Ölkədə bir Sahibkarlığa Yardım Fondu var. İldə yüz milyonlarla dolları guya kredit kimi sahibkarlara verirlər. Ey mənim yetim oxucum, bir ətrafına yaxşı-yaxşı bax, sən bu fonddan bircə manat kredit alan adi bir iş adamı tanıyırsanmı? Bəs bu pullar hara gedir? Əlbəttə, kredit adıyla kimlərəsə verilir. Amma kimlərə? Xatırlayırsınızsa, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs olunanda məlum oldu ki, qardaşımız bu kreditləri dost-tanışlarına, qohumlarına verirmiş. O vaxtdan indiyə qədər bu fondun illik büdcəsi bir neçə dəfə artıb. İndiki iqtisadi inkişaf naziri isə Heydər Babayevdir. Əlavə şərhə ehtiyac yoxdur.

Bu ilki dövlət büdcəsindən isə nə az-nə çox, 450 milyon manat- yarım milyard dollardan çox vəsait yerli-dibli yoxa çıxıb. Xatırladım ki, Heydər Əliyevin dövründə Azərbaycanın illik büdcəsi 1 milyard dollar idi. Bu boyda zıppıltıya heç bir rəsmi açıqlama verilmir.

Azərbaycan doğrudan da qorxulu nağıllar ölkəsidir.
Biz isə nağıl personajları.

Və burda qəribə heç nə yoxdur, axı biz özümüzü nağıl və dastan personajlarının- Dədə Qorqudun, Koroğlunun, Nəbinin nəvələri hesab edirik. Biz həyatda, reallıqda yoxuq. Biz və Azərbaycan uydurulmuş nağılıq.

Biz nəinki dünya xəritəsində, heç dünyanın özündə belə yoxuq.
Əsl multfilm!

14-10-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

против солнца