Yeni Hərəkata ehtiyac var!

Azərbaycanın indiki durumu haqqında yalnız mən deyil, yəqin hər biriniz tez-tez düşünür, çıxış yolları arayır, özünüzə, ətrafınıza suallar verirsiniz.

Nə etməli? Necə etməli?

Doğrudan da bu suallar bu gün vətəndaşlıq duyğusu və həssaslığı olan hər kəsi düşündürməlidir.

Günümüzün təcrübəsi göstərir ki, hakimiyyətin "parçala və hökm sür" texnologiyası öz bəhrəsini verir. Baxırsan ki, eyni ideologiya və düşüncə mərkəzli saysız-hesabsız təşkilatlar, qurumlar və partiyalar var. Amma onları bir masa ətrafında oturmaq, birgə fəaliyyətə sövq etmək ən müşkül məsələyə çevrilib.

Hətta iş o yerə çatıb ki, YAP-ın nizamnaməsi ilə müxalifət partiyalarının nizamnaməsi arasında elə bir ciddi fərq yoxdur. Hamısı sağ mərkəzlidir. Di gəl, hərəsi bir dərədə...

Gənclik də eyni aqibəti yaşayır...

Sadə vətəndaşlar da...

İtirən də elə sonunculardır...

Bəs çoxluğu bir məqsədin ətrafına toplaya biləcək ideya yoxdurmu?

Var!

Bu, Hüquq, Qanun və Vətəndaşlıq ideyasıdır!

Azərbaycanda yeni bir Vətəndaş Hərəkatına ehtiyac var. Bu Hərəkat heç bir siyasi iddialar ortaya atmadan yalnız Vətəndaş Hüquqlarının müdafiəsi uğrunda mübarizə aparmalıdır. Ki bu Hərəkatda siyasi baxışlarından asılı olmayaraq, hər bir vətəndaş təmsil oluna bilsin.

Baxın, əslində problem nədədir? Hər bir sahədə pozulan məhz vətəndaşlıq hüquqlarımız deyilmi?

Biz Vətəndaşıq! Biz hüquqlarımızı öyrənməli və onların qorunması üçün birləşməliyik!

Biz Vətəndaşıq! Yalnız öz hüquqlarımızın deyil, ətrafımızdakı insanların da hüquqlarının pozulmasına etiraz etməliyik!

Biz Vətəndaşıq! Məmurları hüquqa, qanuna hörmət etməyə məcbur etməliyik!

Rüşvət, korrupsiya, monopoliya, hüquqsuzluq bütün sahələrə ayaq açıb! Hər gün hər yerdə qarşımıza çıxan bu qanunsuzluqlara qarşı səsimizi birgə qaldırmalı, problemləri ictimaləşdirməliyik.

Vətəndaş Hərəkatına başlamalıyıq! Qoy bu Azərbaycanın ictimai həyatında yeni bir mərhələ olsun!

Lidersizlikdən də narahat olmağa dəyməz. Lider- hər bir vətəndaşdır!

Azərbaycanı biz vətəndaşlar qurmalı, biz vətəndaşlar yaratmalıyıq. Bunu əvəzimizə Herkellər, Qrosslar, Semnebiler etməyəcək.

Yaşamaq istədiyimiz, övladlarımıza miras qoymağı arzuladığımız ölkəni özümüz quraq!

Çünki...

Biz Vətəndaşıq!

YAZIMA SÖZARDI:

Bu gün səhər yazımın ilk hissəsi sayta yerləşdiriləndən sonra oxuculardan istər şərh kimi, istərsə də elektron məktub kimi bir çox maraqlı reaksiyalar aldım. Hər birisinə əlavə cavab və izahlara vaxt itirmədən, yazıya yenidən qayıtmaq qərarına gəldim.

Bir çoxları ortaya atdığım ideyanı siyasiləşmiş hərəkatlarla qarışdırdığına görə, yenidən izah etməyə ehtiyac hiss etdim:

Vətəndaşlıq Hərəkatı (bundan sonra: VH) - küçə hərəkatı deyil. İnstitutlaşma, sistemli yanaşma, konkret mexanizm tələb edir.

VH- heç bir siyasi tələb irəli sürmür, heç bir siyasi iddiası yoxdur.

VH- hakimiyyət uğrunda deyil, vətəndaş hüquqlarının pozulmasına qarşı mübarizə aparır və onların qorunmasına çalışır.

Konkret mexanizm istəyən oxucuların xahişinə əməl edərək, bir nümunə göstərə bilərəm (Digər yolları və ümumi konsepsiyanı isə birgə müzakirələrlə təyin etmək olar).

Məsələn, hüquq pozuntularına qarşı mübarizə yollarından biri məhkəmələrdən keçə bilər. VH-ya cəlb edilən hüquqşünaslar və hüquq fakültəsində oxuyan tələbələr bütün ölkə boyu məhkəmə müstəvisində hüququ pozulan vətəndaşların könüllü müdafiəçisinə çevrilə, VH-ya qoşulan medialar bunu ictimailəşdirə bilər. Nəticədə sadə vətəndaşların hakimiyyətin konkret qoluna təsiretmə imkanları yarana bilər.

VH adından il ərzində minlərlə məhkəmə prosesini, bunların ətrafında qaldırılan ictimai prosesi təsəvvür edin.

Məktəbdə oğlundan rüşvət istəyirlər? Məhkəməyə ver! Səni müdafiə edəcək VH var!

Sahibkar kimi sıxışdırılırsan? Məhkəməyə ver! VH sənin yanındadır!

JEK müdirindən, Yol Polisindən, sahə müvəkkilindən, hətta nazirlərdən və daha yüksəkçinli məmurlardan hüququnu tələb et! Daha kimsə sənə "demaqoq" və ya "Don Kixot" deməyəcək. Çünki tək olmayacaqsan! Çünki səni anlayan, səni müdafiə edən başqaları var! Səsini bütün ölkəyə duyura biləcəksən!

Budur Vətəndaş Hərəkatı!

Baxın, ölkədə sahibkarın da, dindarın da, müsavatçının da, sıravi YAP-çının da, fəhlənin də, müəllimin də- bir sözlə, böyük çoxluğun hüquqları hər gün və hər yerdə pozulur!

Mən isə bu pozuntulara qarşı adi vətəndaşların birləşməsini, öz güclərini, imkanlarını birləşdirməyini təklif edirəm.

Mümkünsüz heç nə yoxdur, sadəcə arzuların həyata keçməsi üçün qolunu çırmalamaq və iş görmək lazımdır.

19-05-2009

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца