Xilasedici

Çingiz Sultansoya ithaf olunur

- Bunu niyə yazdın?
- Nəyi?
- İkimizə aid olanları.
- Hekayəni deyirsən?
- ...
- Heççç. Televizorda savaş filminə baxırdım. Birdən ağlıma gəldi ki, yazmalıyam bunları.
- Dolamısan məni? Savaş filminin bura nə dəxli? Biz adam kimi ayrılmışıq, sən söz vermişdin ki, aramızda olanları heç vaxt yazmayacaqsan. Söz vermişdin...
- Hə, söz vermişdim.
- Niyə yazdın onda?
- Mən heç nə yazmamışam. Orada ikimizə aid heç nə yoxdu.
- Necə yəni yoxdu, oxuyan kimi bildim ki, mənə deyirsən o sözləri.
- Ola bilər.
- Bəs deyirsən ikimizə aid heç nə yoxdu?
- Heç nə yoxdu. Nə varsa mənə aiddi. Orada yazılanlar aramızda olmayıb. Yəqin mənə sadəcə təkan verib yazmağa son günlərdə yaşadıqlarım. Ola bilər sənə qəzəbim.
- Mənə nifrət edirsən?
- Yox.
- Amma qəzəblisən.
- Hə. Nə gözləyirdin? Gənclyimin beş ili sənə getdi, qocaltdın məni, indi də hər şeyi zibil eləyib getmisən, nə etməliydim? Bəlkə sevincimdən şıllaq ataydım?
- Bəs qalıb, aldadaydım səni? Yalandan deyərdim ki, səni sevirəm?
- Sən təkcə bu il əlli dəfə sevmirəm deyib, getmisən. Bir neçə gün keçib qayıdıb demisən ki, belə-elə, sənsiz qala bilmirəm-filan. Sevmirdinsə, hər dəfə niyə qayıdırdın?
- Səni çox istəyirəm ona görə. Sənə öyrəşmişəm. Ayrılan kimi təklikdən qorxuram həm də.
- Əlbəttə, mən itəm, pişiyəm. Mənə öyrəşmək olar, sevmək yox. Mən yaraşıqlı da deyiləm. Pulum da yoxdu. Kirayədə qalıram. Gic-gic yazılar yazan axmaq bir köşə yazarıyam. Üzümdə də eybəcər bir çapıq var. Sən mənə görə utanırdın. Yoxsa yalan deyirəm?
- Elə deyil...
- Sənə varlı, pullu, evli-eşikli, saçı jeleli, matışka birisi lazımdı.
- Danışığına fikir ver.
- Hə, o həm də incəbel olmalıdır. Üzünə pudra vursa, lap əla.
- Elə deyil. Mənə eləsi lazım deyil.
- Bəs?
- Mən xoşbəxt olmaq istəyirəm. Səninlə hiss eləmirdim bunu.
- Yox, sən nə istədiyini bilmirsən.
- Bilmirəm. Amma xoşbəxt olmaq istəyirəm.
- Ok. Get xoşbəxt ol.... Hə də, hə. Get.
- Belə kobud yox.
- Bəs necə, belə yaxşıdır? Bax, üzüm gülür. Sakitəm, sənə çox nəzakətlə deyirəm, rədd ol burdan.
- Donuz!
- Hə, mən donuzam. Daha doğrusu eşşəyəm. Yoxsa məni beş il axmaq yerinə qoyanda bilmirdin bunu?
- Mən səni axmaq yerinə qoymamışam.
- Rədd ol da.
- Yaxşı, mən rədd oluram.
- Aha.
- Nə aha?
- Yəni rədd ol get.
- ...

***

Göy üzü murdar idi. Bir neçə ton çürümüş zibili səməya boşaltmışdılar elə bil.
Həyətin qaranlığı kir-pas qoxuyurdu.
Kötüyün üstündə - gecənin qaranlığıyla nəfəs-nəfəsə oturub, heç nə düşünməməyə çalışırdı.
Bax belə.
Çəkisizlik.

“Lənət şeytana, sən bir ölkənin paytaxtında, şəhərin tam göbəyində bu gün-sabah söküləcək köhnə həyət evlərinin birində, qaranlığın lap göbəyində oturub, əzab çəkirsən! Kimdir günahkar? Özünü bu həyət evi kimi həyatdan, insanlardan, çevrədən ayırmısan. Heç vaxt dəxlin olmayıb həyata. Bu gün-sabah sənin həyatın da bu köhnə ev kimi uçulub-dağılacaq. Bəlkə dağılıb artıq. 35 yaşın var, amma təksən. Həyatda heç nəyin, heç kimin yoxdur. Deyirsən xalq üçün çalışırsan! Paho! Bu xalq sənin üzünə də tüpürmək istəmir. Axmaq adamsan! Səfeh idealistsən! Yaşamırsan sən. Diri ölüsən. Sənin kimilər çoxdan muzelylik olub. Yer yoxdu sənə bu ölkədə! Get as özünü! Kimə lazımsan axı bu mənasız həyatınla?.. ”

Çəkisizlik.
Göy üzü murdar idi.

***

- Deyəsən daha yazmayacam.
- Ədəbiyyatdan gedirsən?
- Axmaqsane, 1-2 hekayə yazmaqla ədəbiyyata gəldiyimi kim dedi sənə? Qəzetdən gedirəm. Köşə yazmaqdan doymuşam. Deməyə sözüm də yoxdu daha.
- Təzə iş tapmısan?
- Yox.
- Bəs hara gedirsən? 10 ildi köşə yazıb, onun-bunun qabırğasına döşəyirsən, əlindən başqa nə gələcək sənin? Pulun da yox, bizneslə məşğul olasan. Olsaydı da, imkan verməzdilər. Həmişə bunları yıxıb-sürümüsən, sənə heç bir şans verməyəcəklər.
- Əşşi, onlardan şans istəyən var? Hər halda adi bir iş tapılar mənimçün. Nə lazımdıye mənə? Adi bir dolanışıq çıxsın, bəsimdi. Olmasa, gedəcəm Rusiyaya. Amma indi fikirləşmək istəmirəm bunları. Buna vaxtım olacaq.
- Noolduye birdən-birə sənə?
- Heç nə. Hər şey mənasızdır. Bu yekəbaş siyasətçilərlə, məzmunsuz xalqla vuruşa-vuruşa tutuquşuya döndüyümü anladım. Gördüm ki, qəzet səhifəsinin küncünə taxılmış adi bir müqəvvayam artıq. Çoxdan ölmüşəm, taxtayam, nə bilim bir torba zibiləm. Bezmişəm, yorulmuşam, nifrət edirəm özümə, hamıya, sənə, özümə, ölkəyə, xalqa, hamıya.
- Bir qadına görə? Bir zəif, qorxaq, səni atan şöhrətpərəst, eqoist bir xanıma görə?
- Hmmm (kinayəli gülüş). Rədd olsun o da. Sadəcə baş verənlərin sonunda birdən-birə özümlə rastlaşdım. Özümü gördüm birdən-birə. İyrəndim özümdən. Nə isəye, nə fərqi var indi?
- Bəlkə özünü deyil, qorxularını görmüsən?
- Bilirsən ki, qorxaq deyiləm. Məsələ bunda deyil. Ola bilər depressiyadır. Ola bilər kecib getsin. Amma indi belə düşünürəm. Hər şeydən uzaqlaşıb, tək qalmaq istəyirəm.
- Əşşi, onsuz da həmişə təkik. Daha bunu bir də hay-huyla camaata göstərməyə, sübut eləməyə ehtiyac yoxdu.
- Heç kimə nəsə sübut eləmək istəmirəm. İyrənirəm sadəcə. Ödüm ağzıma gəlir. Başa düşürsən?
- Başa düşürəm. Yaxşı, hara gedirsən-get, amma yerini bilim heç olmasa. Baxma da, bir də gördün mən də qaçdım yanına.
- ... (Gülümsədi).

***

Bir ay sonra:
- Çingiz də belə getdi.
- Hara? Satıldı?
- Yox, hər şeyə tüpürüb getdi.
- Hmmm. Deyirəm axı, niyə yazıları çıxmır daha. Hardadı bəs indi?
- Eşitdiyimə görə, dənizdə xilasedici işləyir.
- Xilasedici? Axmaqdı ki. Ta bunun harası getmək oldu. Əslində yenə eyni işlə məşğuldu da. Gedib heç olmasa fərli bir işdən yapışaydı.
- Əşşi, tanımırsan onu?

***
Təqribən üç il sonra. Çingiz dənizdə bir qoca qarını xilas edəndə batdı.
Dəniz göy üzünə oxşayırdı.
Dəfninə keçmiş sevgilisi də gəlmişdi. Yanında da yaraşıqlı bir oğlan. Xarici maşından düşüb bir kənarda dayanmışdılar. Qız, köhnə tanışların onun üzünə dikilən baxışlarından yayınmağa çalışırdı.
- Bu niyə gəlib bura?
- Nə bilim, gəlib də. Qovmayacaqsan ki.
- Hmmm. Əsəbləşirəm. Sən adamın bəxtinə bax da. Nə mənasız bitdiye hər şey. Hansısa gic qarıya görə batırsan... Bir neçə ay sonra unudulacaq hər şey. Sanki heç nə olmayıb.
- Hə, həmişə belə olub.

Göy üzü murdar idi.

07-08-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца