Vətəni niyə və kimdən qorumalıyıq?

Son vaxtlar az-çox oxumuş bəzi gənclərimizin əsgərliyə getməmək üçün dəridən-qabıqdan çıxdıqlarını görəndə, istər-istəməz düşünməli oluram: niyə?
Yadıma bir Qarabağ savaşının iştirakçısıyla etdiyim söhbət düşür. Deyirdi ki, müharibədə qəhrəmanlıq edənlərin böyük əksəri orta məktəbdə «2», «3» qiyməti alan, tez-tez dərsdən qaçan uşaqlardı. Deyirdi ki, oxuyan uşaqların çoxunu qorxaq görüb. Qəhrəmanlıq edərkən çoxları bəzən hətta hansı kənd uğrunda döyüşdüklərinin belə fərqində olmurmuş. Çoxu əməlli bir məktub da yaza bilmirmiş. Savadlı uşaqların əvəzsiz xidməti isə onların yerinə məktub yazmaqmış.
Ola bilsin ki, tanışım müharibədə baş verənləri bir az şişirdib. Ola bilsin ki, hər şey məhz belə də olub.
Amma bu gün faktdır ki, savadlı, ali təhsil almış, özünü modern hesab edənlərin bir qismi əsgərliyə getmək istəmir. Maraqlı bəhanələri də var, biri alternativ xidmətin niyə olmamasından, biri solçuluqdan, biri ateizmdən dəm vurur. Amma bütün bu ideoloji-fəlsəfi sərsəmləmələr adamın qorxaqlığını ötr-basdır etmir ki, etmir.
İndi isə qayıdaq, yazımızın mövzusuna: Vətəni kimdən və necə qorumalıyıq?
Bir tərəfdən ermənilər torpaqların 20 faizini işğal edib. Bu, bir inkarolunmaz faktdır. O da faktdır ki, sadə vətəndaş yerdə qalan torpaqların səksən faizini də özünkü hesab eləmir. Bu torpaqlar kimindir bəs? Kəmaləddin Heydərovun, Ramil Usubovun, Heydər Babayevin və başqalarının. İndi bəs necə etməli? Vətənin hansı hissəsinin azad olunması ilə məşğul olmalıyıq?
Bu gün Azərbaycanda mənim kimi – evi, torpağı, dolanışığı olmayanların sayı yüz minlərlədir. Onlar bəs nəyi və kimdən qorumalıdırlar? Qorumalı nəyimiz qalıb? Sabah müharibə yenidən başlasa və bu insanları səfərbər edib, cəbhə xəttinə yollasalar, onlar nə edəcək? Mən əminəm, bu insanların özlərinə verdikləri ilk suallar bunlar olacaq: Mənim nəyimə lazım; Nəyimi qoruyuram?
Sizcə onlar haqlıdır, yoxsa haqsız? Axı onlar yaxşı bilirlər ki, bu torpaqları da alandan sonra marığa yatmış məmurlar hər şeyi qapazlayıb əllərinə keçirəcəklər! Qəbələni, Quba-Xaçmazı şəxsi istirahət zonalarına çevirənlər Şuşanı da dədə mülkü kimi bölüşdürəcəklər, Kəlbəcər qızılı üzərində siyasi didişmələr başlayacaq və s.
Bakını qarış-qarış işğal ediblər, bölüşdürüblər öz aralarında. Barmaq qoymaq üçün yer qalmayıb.
İndi oturub bu köşəni yazdığım Nəsimi rayonu ərazisində bir sot torpağın qiyməti yüz min dollarla ölçülür. Bu torpaqların mənə, sənə bir dəxli varmı? Onda niyə onları biz qorumalıyıq? Niyə orduya, döyüşə kəmaləddinlər, ramillər, ramizlər, heydərlər getməsin ki? Və ya açsınlar pul kisələrini, xaricdən muzdlu döyüşçülər gətirsinlər, qorusunlar bu torpağı.
Var-dövləti, torpaqları mənimsəyəndən sonra televizordan insanların milli hissiyatı ilə oynamağın, onları qızışdırıb savaşa yollamağın nə adı var?
Yox, mən insanları ordudan yayınmağa, Qarabağın azadlığı uğrunda döyüşməməyə çağırmıram. Sadəcə, hər kəs bilməlidir ki, Azərbaycanın 20 faizi deyil, yüz faizi işğal olunub. Biz təkcə Şuşanı, Laçını, Ağdamı deyil, Bakını, Gəncəni, Sumqayıtı, bir sözlə, bütün ölkəni işğalçılardan azad etməliyik. Doğulduğumuz, Vətən dediymiz torpağın hər qarışına sahib çıxmalıyıq.

06-08-2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца