Qəhrəman və yazıq jurnalist

Azərbaycanda siyasət adıyla bazar, siyasətçi adıyla bazarkomlar var

Əgər Mirzə Sakitlə jurnalistin qondarma ittihamlarla həbsinin əsası qoyuldusa, Eynulla Fətullayevin həbsi müstəqillik dönəmində jurnalistə kəsilən rekord cəza müddəti ilə yadda qaldı. Az sonra Qənimət Zahidin də "xuliqanlıq" maddəsi ilə azadlıqdan mərhum edilməsi seçki ilində durumun daha da kəskinləşəcəyini bəlli etdi.
Bu yazımda məqsədim heç də hakimiyyətin azad sözə qarşı basqısını vurğulamaq deyil, çünki bu həqiqəti yenidən kəşf etməyə ehtiyac yoxdur. Mən jurnalistlərin özü haqqında yazmaq istəyirəm.
Son vaxtlar, istər jurnalistlər, istərsə də digər sağlam düşünərlər arasında bir tərəddüd var. Bu tərəddüd də cəmiyyətin jyrnalistlərin həbsini çox susqunluqla qarşılaması ilə bağlıdır. Əcəba, bu cəmiyyət uğrunda həyatını, sağlamlığını, enerjili illərini riskə atmağa dəyərmi? Əgər həftədə üst-üstə 100 min tiraja yaxın qəzet buraxan Eynullanın həbsi min oxucunun qılını tərpətmirsə, qəzet buraxmağa dəyərmi?
Ən təhlükəlisi budur ki, artıq bəzi insanlar cəmiyyətin susqunluğunda siyasətçiləri, ziyalıları deyil, məhz jurnalistləri ittiham etməyə başlayıblar. Məntiq də budur ki, onlar cəmiyyəti öz arxasınca aparan yazılar yaza bilmirlər. Bir dəfə yazmışam, yenə də təkrar etməyi lazım bilirəm, jurnalistin vəzifəsi YAZMAQdır, əlinə silah götürüb inqilab eləmək yox. Jurnalist hətta siyasi lider də deyil. Əli Kərimlinin jurnalistikadan partiya sədri vəzifəsinə qədər yüksəlməsi digər bütün jurnalistlərdən bunu gözləməyə əsas vermir.
Cəmiyyətin susqunluğu barədə aşağıda yazacağam, hələlik jurnalistlərə yönəlməkdə olan "ittihamlara" toxunmaq istəyirəm. Nə yazıqlar ki, istər ziyalıları, istər cəmiyyəti, istərsə də savadsız və qorxaq siyasətçilərə bu cür ittihamlar səsləndirmək üçün bəhanəni biz jurnalistlər vermişik! Baxın, bü gün korrupsiyaya bulaşan, hər cür azadlığımızı məhdudlaşdıran hakimiyyətə qarşı ardıcıl və qorxmadan dayanan yeganə qüvvə hansıdır? Jurnalistlər! Bunun qarşılığında təzyiqlərə məruz qalan, həbsə atılanlar kimdir? Jurnalistlər! Cəmiyyətin ən kasıb, ən rəzil günündə yaşayan təbəqəsi kimdir? Yenə jurnalistlər!!! Elə isə jurnalistlərə qarşı toplumun ünvanladığı "ittihamlar" hardan qaynaqlanır?
Problem ondadır ki, uzun illərdir jurnalislər siyasətçilərin, ziyalıların, hətta ideoloqların da funksiyalarını öz üzərinə götürüblər. Son vaxtlar hansısa siyasətçinin hakimiyyətə qarşı sərt açıqlamalarını eşitmisinizmi? Hansısa partiya qadağalara baxmayaraq, aksiyalar keçirməyə, yaranan vəziyyəti dəyişməyə cəhd edibmi? Yox, yox, yenə də yox! Hanı İsa Qəmbər? Hanı Əli Kərimli, Asim Mollazadə, Pənah Hüseynov, Lalə Şövkət və başqaları? Hanı Müsavat boyda partiya? Hanı müxalifət partiyaları- azad sözü də qorumaq üçün ayağa qalxmayacaqlarsa, onda heç vaxt qalxmasınlar, otursunlar isti kabinetlərində. Tamam, biz də bilirik ki, "müdafiə komitələri" yaradırsınız, qəzetlərdə (yenə qəzetlərdə!) münasibət bildirirsiniz, konfranslarda çıxışlar edirsiniz. Amma bu yolla indiyə qədər, heç olmasa, bir jurnalistin azad olunmasına nail olmadığınızı bilə-bilə, lütfən, bizimlə məzələnməyin. Gedin oturun meşin kreslolarda, millət vəkili kürsülərində, evdə.
Yoxdur Azərbaycanda siyasətçi! Azərbaycanda siyasət adıyla bazar, siyasətçi adıyla bazarkomlar var, vəssalam. Eyni sözlər ziyalılara da aiddir. Musa Yaquba, Xalid Əlimirzəyevə, Sabir Azəriyə, Flora Kərimovaya, Ramiz Rövşənə, hamıya, hamıya aiddir! Hakimiyyət hərəsinə bir "qazanc" yeri qayırmaqla ağızlarını çoxdan yumub.
Bəs yazıq jurnalistlər nə vaxta qədər bunların hamısının yerinə işləməli, sinəsini qabağa verməlidir?
Cəmiyyəti isə susqunluqda ittiham etməyək, bu gün onlar heç də jurnalistlərdən az basqı altında deyillər. Sadə vətəndaş hər addımda haqsızlıqla üzləşir. Toplumun necə bir depressiyaya qapıldığını onun içində olanlar yaxşı bilir. Onda sual yaranır? Bəs niyə ayağa qalxmır cəmiyyət? Əslində ciddi adamlar heç belə ritorik suallar verməməlidir də. Amma indi ki, verilib, cavablandırmağa çalışaq: toplum ona görə ayağa qalxmır ki, müxalifət düşərgəsində oturanların hamısının birmənalı şəkildə satıldığını aydın görür, onları hakimiyyətə gətirməyi mənasız hesab edir! Bax, budur, qısa və konkret cavab! Sadə bir vətəndaşın bir dəfə mənə verdiyi və cavab tapa bilmədiyim sual-dilemmanı indi mən də bütün oxuculara ünvanlayıram: "Müxalifət partiyaları hardan maliyyələşir, bəlkə deyəsən ki, hakimiyyətdən almırlar? Axı hamımız bilirik ki, onların icazəsi olmadan ölkəyə bir manat belə, girə bilməz! Deməli içəridən alırlar pulu. Ölkədə pul kimdədir? Hakimiyyətdə! Vəssalam da!"
Hə, doğrudan da, vəssalam!
Məncə əlavə şərhə ehtiyac yoxdur!
Bütün bunlara baxmayaraq, jurnalist dostlarıma geri çəkilməməyi, bu ağır və şərəfli taleyi sona qədər yaşamağı arzu edirəm.

16-11-2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца