Qaydasız döyüş

Hər kəs haqq etdiyi qədər azaddır

Bizlərdən hansı birimiz uşaqlığını, yeniyetməliyini və gəncliyini qaydasında yaşadı?
«Qaydası» nə deməkdir? Yəni uşaq olanda sevimli oyuncaqlarımız oldu, valideynlərimiz uşaq aləmimizi dağıtmaqla yox, onu qurrmaqla bizə yardım etmiş oldular, bizi tez-tez uşaq filmlərinə, tamaşalarına apardılar və s. Oldumu? Olmadı.
Yeniyetməliymiz necə keçdi? Həyatımızın bu ən həssas dönəmində valideynlərimiz bizə dost oldu, yoxsa diktator? Analar qızlarına bu dövrün sirrlərini anlada bildilərmi? Yeniyetmə dövrümüzü başqa cür «maraq fontanı» mərhələsi də adlandırmaq olar. Hər şeyə qarşı güclü maraq hissi oyanır içimizdə. Mən nə qədər oğlan, qız tanıyıram ki, məhz bu mərhələnin «qurbanı» olublar. Valideynlərinin basqısı, özlərinin məlumatsızlığı onların bütün həyatlarının relsdən çıxması ilə nəticələnib. Nədən yeniyetmə qız yenicə tanış olduğu oğlan həmyaşıdını evinə gətirib valideynləri ilə tanış etməsin? Bu, həm də oğlanlara aiddir. Belədə həm özlərində məsuliyyət hissi yaranacaq, həm də bir-birlərinə qarşı inam. Onda küncə-bucağa çəkilib «maraq fontanı»nın içində boğulmazlar.
Gəncliyimiz də, budur, qalstuklu qocalar kimi yaşayırıq.
Bir çoxumuz işləyir: ev-iş trayektoriyası bizi tramvaya döndərib.
Bir çoxumuz işləmir- ev onlara kiçik məhbəsdir.
İşlədik, işləmədik, hər birimiz depressiyadayıq.
Bir çoxları uşaqlığını, yeniyetməliyini qaydasında və zamanında yaşamadı deyə, hələ də o çağların aurasında, xəyallarında ilişib qalıb.
Bir azdan yaşlandığımızı hiss edəcək, yenə özümüz üçün deyil, başqaları üçün yaşayacağıq. Uşaq üçün, nəvə üçün… Vəssalam. Qatar çatdı, düşmək vaxtıdır…
Azərbaycan xalqı fiziki olaraq gənclik dönəmini yaşayır. Yəni xalqın yarısından çoxunun (təqribən 65 faiz) yaş həddi 35-ə qədərdir. Mənən isə bizə «gənc» demək çətindir. Hərəmiz bir dərənin qocasıyıq. Hərəmiz bir ocağın.
Həyatımızı qaydasında yaşamırıq deyə, həmişə özümüzü qaydasız döyüşdə hiss edəcəyik. Həmişə həyat bizə qurşaqdan aşağı zərbələr endirəcək.
Toparlanın, dostlar, özünüzü kəşf edin, çevrənizi, ölkənizi kəşf edin, yenidən yaradın. Həyatınızın maraqsız, yeknəsək keçməsi ilə bağlı qeybət və şikayətlərə son qoyub, onu maraqlı etməyə çalışın.
Mən azadlıq istəyirəm deməyin, mənə azadlıq verin bağırmayın. Bu günlərdə televiziyalarda tez-tez verilən «Mars» şokoladının reklamındakı pırpız saç oğlan kimi sadəcə, «mən azadam» deyib, yaşayın.
Hər kəs haqq etdiyi qədər azaddır, bunu unutmayın!

16-08-2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца