Prezidentin mədəniyyət siyasəti

Hiss olunur ki, ölkə başçısı Azərbaycan mədəniyyətinə dövlət adına qayğı göstərmək, onun inkişafı üçün əlindən gələni etməyə çalışır. Bu cəhdi alqışlayırıq. Çünki özü-özlüyündə yaxşı addımdır. Amma bu addımların necə atılması ortaya bir çox suallar və problemlər çıxarır. Bunlar isə görülən işlərin əhəmiyyətini azaltmaqla yanaşı, həm də prezidentin xoşniyyətinə kölgə salır.
Bəllidir ki, fərman və sərəncamların mətnini prezident özü hazırlamır. Buna məsul olan şəxslər var, onlar mətnləri hazırlayır, prezidenti məlumatlandırır və s. Ola bilsin ki, prezident yetərincə məlumatlı olduğu bir sahəylə bağlı fərman və ya sərəncamlar imzalayanda, mətndə hansısa qusurlar tapsın və onun yenidən işlənməsini tövsiyyə etsin. İndiki halda isə söhbət çağdaş Azərbaycan mədəniyyətindən gedir. Məlum olduğu kimi İlham Əliyevin gəncliyi demək olar ki, Azərbaycandan kənarda keçib- təhsil alıb, işləyib və s. Mütaliəsi isə daha çox rus və ingilis dilləri üzərindən olub. Təsadüfi deyil ki, ədəbiyyatla bağlı ilk fərmanlarından biri çox sevdiyi rus dilli detektiv yazar Çingiz Abdullayevə “xalq yazıçısı” adını vermək oldu. Azərbaycan yazıçısı dedikdə onun gözünün qarşısına daha çox uşaqlıq xatirələrində və atasının siyasi arealında gəzişənlər gəlir. Bir sözlə, sovet dönəmindən üzü bəri yaşayıb-yaradanlar. Yəni günümüzün qocaman sənət adamları.
Yəni prezidentimiz gənc sənət adamlarını tanımır. Bunun normal olub-olmamasını çözmək həvəsində deyiləm. Başa düşürəm ki, prezident də insandır, hər şeydən məlumatlı olmaq sadəcə bir insanın fiziki imkanları xaricindədir. Bunun üçün prezidentin komandası var. Məsələn, bu sahəyə məsul olan adamlar var: Fatma Abdullazadə, Elçin Əfəndiyev, Əbülfəz Qarayev və s. Görəsən prezident mədəniyyətlə bağlı qərar verəndə onlardan hansı ilə məsləhətləşirmi? Yoxsa bu fərmanlardan ortaya çıxan problemlər prezident aparatında çalışan sıravi bir dəftərxana işçisinin “kefkom”luğundan başqa bir şey deyil?
Prezident fərman verir: yaradıcı qurumlar üçün istirahət mərkəzləri tikilsin, yaradıcı adamlara təqaüd verilsin, yeni kitablar nəşr olunsun və s. Çox gözəl. Amma fərmanda yalnız Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar İttifaqlarının adı çəkilir. Görəsən prezident bilirmi ki, daha sovet dövründə olduğu kimi gənc yazıçılar, bəstəkarlar, rəssamlar qeyri-rəsmi yaradıcı nazirlik funksiyasına iddialı olan bu qurumlara üzv olmağa o qədər də meyl etmirlər? Görəsən xəbəri varmı ki, bu gün xeyli istedadlı insan məhz adıçəkilən qurumlardan kənarda fəaliyyət göstərir?
Görəsən prezident bunları bilsəydi, yenədəmi yalnız bu qurumların üzvlərinə təqaüdlərin verilməsinə qərar verərdi? Yalnız bu qurumları dövlət büdcəsindən maliyyələşdirərdi? Görəsən prezident başa düşürmü ki, bütün bu verdiyi fərman və sərəncamlar yaradıcı insanları zorən bir damın altına yığmaq, sovet dövründə olduğu kimi yaradıcı kolxozlar yaratmağa xidmət edir? Axı belə olduğu halda xərclənən pullar da havaya sovrulacaq, heç bir əhəmiyyəti olmayacaq.
Qoy sadəlöhv olmaqda davam edim. Özümü elə aparım ki, guya doğrudan da prezidentin bütün bunlardan xəbəri yoxdur. Guya o Stalin kimi hamını bir damın altına yığmaq, sonra onlardan siyasi oyunlarda piyada kimi istifadə etmək niyyətində deyil. Belə hesab edək ki, bütün bunlar sadəcə məlumatsızlıqdan və ya Fatma xanımın şəxsi hikkəsindən irəli gəlir.
Normal halda isə, yaradıcı adama bu şəkildə təqaüd vermirlər. Ondansa qoy yaradıcı müsabiqələr, mədəni layihələrlə bağlı tenderlər elan edilsin. Sağlam rəqabətə şərait yaradılsın. Yaranan alternativ qurumların Ədliyyə Nazirliyində illərlə yatan sənədləri qeydiyyata alınsın. Nəşriyyat sektorunun inkişafı üçün qanunlar qəbul edilsin, nəşriyyatlara uzunmüddətli və faizsiz kreditlər verilsin. Müasir kitab mərkəzlərinin tikilməsi üçün iş adamları arasında tender elan edilsin və ən yaxşı layihəyə maliyyə ayrılsın. Mətbəələr öz hesablarına çap etdiyi kitablara görə vergidən azad edilsin və bununla da naşirlik məktəbinin formalaşmasına stimul verilsin. Ən müasir mətbəə texnologiyalarını ölkəyə gətirmək istəyənlərə yardım edilsin və s. Bu olardı sistemli iş. Bu olardı Azərbaycanın mədəniyyətinin sabahını düşünmək. İndiki halda isə görülən işlər ən yaxşı halda bir atımlıq barıtdı, ən pis halda isə adi bazarlıqdı.
Mədəniyyət üzərində bazarlıq açmaq isə heç də yaxşı iş deyil.

25-08-2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца