Oyun qaydalarını dəyişək

Bizim standartdan kənara çıxmayan istənilən etirazımız elə oyunun qaydalarına uyğunlaşmağımız deməkdir.

Azərbaycanda siyasi sistem ənənəvidir: yeni olmayan avtoritarizm, ənənəvi bürokratizm və bayağı oliqarxiya. Bu sistemi yönədənlər kütlə psixologiyasını yaxşı bilir, hər şeyi buna görə ölçür-biçirlər.

Baxın, seçkini istədikləri kimi banal bir şou halına gətirdilər, əmin idilər ki, uzaqbaşı adda-budda standart etirazlar səslənəcək, vəssalam. Qeyri-adi heç nə baş verməyəcək. Elə də oldu. Amma onu da bilirlər ki, belə hallarda kütlə nə qədər sussa da, razı görünsə də, içində özünün belə dərk etmədiyi, mahiyyətini anlamadığı mənfi enerji yığıla bilər. Bu enerji boşalmayınca təhlükəni sovuşmuş hesab etmək olmaz. Odur ki, dərhal bir "ELİTA" oyunu atdılar ortaya. Seçki unuduldu, diqqətlər, gözlər başqa səmtə yönəldi, yığılmış enerji boşaldı.

Hakimiyyətin rusiyalı texnoloqları hələ ki, dəqiq işləyir...

Bəs bu oyunu necə pozmalı? Standartlara uymalı, yoxsa çərçivələri pozmalıyıq? Axı sussaq da, danışsaq da, etiraz etsək də, oyunda var olacağıq. Çünki öncədən qurulmuş planda- oyun ssenarisində bütün bunlar nəzərə alınıb. Deməli, biz standartdan kənara çıxmalı və bununla da yeni situasiya yaratmalıyıq.

Bu yöndə bəzi təkliflərim var:

Məsələn:

- "Ziya Məmmədov adına Gənclər Klubu" yaratmaq. Divarlara, avtobuslara, metrostansiyalara Ziya Məmmədovu öyən, onu az qala bir övliya kimi təqdim edən mədhiyyələr yapışdırmaq və "niyə də prezidentimiz Ziya Məmmədov olmasın" deyə bir sual qoymaq... Bu barədə mediaya müsahibələr vermək, aksiyalar keçirmək və s. Bir az daha irəli gedib bu Gənclər Klubuna başqa bir gənclər qrupu alternativ olraq "Kəmaləddinsevərlər" klubu da yarada bilər. Guya bir-birinə rəqibdirlər-filan... Ortalıqda ssenaridə olmayan absurd bir situasiya yaranacaq.

Ən əsası, bütün sadaladıqlarımın heç birində qeyri-qanuni əməl yoxdur və hakimiyyət necə davranacağını təyin etməkdə çətinlik çəkəcək. Yəqin ki, həmin nazirlərin başı əməllicə ağrıyacaq buna görə. "Yeni Müsavat"ın sözü olmasın, onda doğrudan da hakimiyyət daxilində bir çaxnaşma, qarşıdurma və gərginlik ab-havası hökm sürəcək. Başlayacaqlar bir-birindən xoflanmağa. Çüman ki, nəticədə bu nazirlər ya istefaya göndəriləcək, ya da...

Uzaqbaşı sevinməyə heç bir səbəb tapa bilmədiyimiz Azərbaycanda dodaq qaçırdan məzəli bir situasiya yaranacaq...

Ümumiyyətlə, heç nəyin məntiqə uyğun olmadığı Azərbaycanda kütləvi surətdə məntiqdən imtina etməliyik. Bilərəkdən absurd situasiyalar yaratmağa çalışmalıyıq. Bunu gündəlik həyatımızda da tətbiq etməyin xeyri dəyər. Məsələn, avtobusda gedərkən oxuduğunuz kitabı tərsinə tutub, ciddi görkəmlə özünüzü mütaliə edirmiş kimi göstərin. Günəşli gündə çətirlə gəzin. Özünüzə qələmlə bığ qoyun. Qalstukunuzu boynunuza deyil, ayağınıza bağlayın.... Oyadın, insanların içindəki yatmış, gizlin ABSURDU oyadın.

İnanın, mütləq nəsə dəyişəcək. Mütləq yeni situasiya yaranacaq. Ən azından Azərbaycan bir daha indiki Azərbaycan olmayacaq.

Ən pis halda ağlımızı itirəcəyik. Onsuz da heç nəyə yaramayan, ölkədə heç nəyi həll etməyən ağlımızı...

Necə deyərlər, ağıllı olub hamının dərdini çəkincə, dəli ol ki, sənin dərdini çəksinlər.

Onda ağlı başında olan heç kim yalnız dəlilərdən ibarət bir ölkənin prezidenti olmaq istəməz. Hətta neftin bir barrelinin qiyməti 200 dolları adlasa da...

Haydı, içinizdəki absurda vızıv atın, oyansın...

16-11-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца