Niyə YAP-çılar şikayəti mənə edir?

Televiziyaların xəbər bülletenlərində, yazılı və elektron KİV-də hər gün çoxsaylı narazı insanlar və qruplar haqqında materiallar gedir. Problemlərin çoxu sosial məzmunludur. İnsanlar narazı və şikayətçidir. Amma baxırsan ki, bu adamlar öz problemlərinin haradan və niyə qaynaqlandığının fərqində deyillər.

Baxırsan ki, bu insanlar seçkidə YAP-a və onun namizədinə səs verən insanlardı.
Baxırsan ki, martda keçiriləcək Referendumda da gedib onların hakimiyyətinin əbədiləşməsinə səs verəcəklər. Bunu onların qırımından, yerişindən, duruşundan bilirəm. Birinci dəfə deyil ki...

Amma gəlib şikayəti biz jurnalistlərə edirlər. Məmurlar onları qapıdan qovur, onları saymır, amma... onlar yenə, yenə və yenə bu məmurların onları qapıdan qovmasına səs verirlər.

Martda isə gedib səs verəcəklər ki, sabah, 10 il, 20 il sonra belə, bu məmurların övladları da onların övladlarını, nəvələrini beləcə qapılardan qovsunlar...

Belə bir absurda heç bir normal ölkədə rast gəlmək mümkün deyil.

Amma bura Azərbaycandır.

Dəfələrlə olub ki, üstümə şikayətlə gələn insana ilk sualım bu olub: "Seçkilərdə kimə səs vermisən?". Təbii ki, bəlli cavab almışam. Və soruşmuşam: "Bəs nədən gedib ona şikayət eləmirsən?" Deyiblər: "Kimdi bizi eşidən?"... Deyirəm: "Yaxşı, sabah yenə seşki olsa kimə (kimlərə) səs verəcəksən?". Deyiblər: "Ona (onlara)". "Niyə?". Çiyinlərini çəkiblər.

Absurd...

O günü redaksiyaya son prezident seçkilərində namizədliyini irəli sürən, amma qeydə alınmayan Yaşar adlı birisi yazılı bəyanat gətirmişdi. Bəyanatın mövzusu-filanı bir yana qalsın, görürəm adam yazıb ki, "həm o vaxt, həm indi İlham Əliyevi alternativsiz hesab edirəm". Soruşuram: "Qardaş, belə idisə, niyə bəs namizəd olmaq istəyirdin? Bir Qüdrətimiz var idi də, sənə daha nə ehtiyac?"...

Nə isə, başınızı ağrıtmayım. Adamı qovdum otaqdan. Dedim, get özünlə məzələn...

Bax belə...

Çıxılmazlıq...

13-01-2009

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца