Müxalifətin total səhvi

Hakimiyyətə işləyən kimdir: İsa Qəmbər, yoxsa Əli Kərimli?

Azərbaycanda bir neçə aydan sonra prezident seçkiləridir. Amma nə müxalifət düşərgəsində, nə də toplumda seçki coşğusu hiss olunmur. Bunu müxalifət mətbuatı da etiraf edir. Görəsən, gerçəkdə nə baş verir? Müxalifətmi zəifdir, yoxsa başqa səbəblər var? Həm iqtisadi, həm də beynəlxalq güclərin dəstəyi baxımından əvvəlki illərə baxanda hakimiyyətin mövqeyi bu gün daha möhkəmdir. Dünyada neftin önəmi artdıqca, onun dayaqları daha da möhkəmlənir (normalda dövlətin dayaqları möhkəmlənməliydi). Bu faktor ölkə daxilində də hakimiyyətin manevr imkanlarını artırır. Ən maraqlısı odur ki, hakimiyyətin mahiyyəti dəyişməsə də, müxalifətlə, toplumla işləmə üsulları zaman-zaman dəyişir. Amma müxalifət yerində sayır.

Bu gün Azərbaycanda müxalifətdə olan partiyalar və liderlər 80-ci illərdə meydan hərəkatının dalğası üzərində formalaşan qüvvələr və şəxslərdir. Onlar 90-cı illərin əvvəllərində öz içindəki meydan havasıyla hakimiyyətə gəlsələr də, çox qısa zaman sonra hakimiyyətlərini itirib, yenidən müxalifətə çevrildilər. Bu zaman onların içindəki meydan havası da onları tərk etmədi və görünür, hələ uzun müddət də onlarla birgə yaşayacaq.

Meydan hərəkatı xüsusi emosional bir hal idi. Heç bir emosiya daimi ola bilməz. Ona görə də liderlərdən fərqli olaraq, xalq bu emosiyadan daha tez arındı. Topxana meşəsində bir neçə ağacın qırılmasına görə Azadlıq meydanına yığışan milyondan artıq insanın bu gün təkcə atəşkəs dövründə minlərlə gəncin ölməsinə belə soyuq münasibətinin bir izahı da budur. Liderlərin borcudur ki, kütləni, xalqı idarə etmək üçün hər dəfə yeni forma və taktikalar tapsınlar. Amma bizim müxalif liderlər bunu edə bilmədi. Çünki onlar üçün siyasi məktəb rolunu meydan hərəkatı oynamışdı, onların bildiyi mübarizə vasitələri də yalnız bu "məktəb"in onlara öyrətdiyi üsullarla məhdudlaşırdı: konkret fəaliyyət planına əsaslanmayan ümumi və emosional çıxışlar, mitinqlər, aclıq aksiyaları, baykot taktikası və s. İllər keçdi, hakimiyyət əldən-ələ ötürüldü, möhkəmləndi, amma müxalifət öz taktikasını dəyişmədi ki, dəyişmədi.

Son 15 ildə yeni nəsillər yaranıb, xalqın, kütlənin strukturu, tərkibi xeyli dəyişdi, mürəkkəb şəkil aldı. Səksəninci illərdə meydana gəlib yumruğunu imperiyaya qarşı havada yellədən hansısa emosional fəhlə bu günün iş adamıdır, "Qazel" sürücüsüdür, kiçik bərbərxana sahibidir, ailə başçısıdır, onun problemləri istər mahiyyət, istərsə də hədəf etibari ilə indi xeyli fərqlidir. Amma müxalifət yenə onlara 20 il öncə olduğu kimi müraciət edir. Sadəcə indi "mənfur imperiya" əvəzinə, "mənfur hakimiyyət" işlədilir.

Sovet quruluşundan yenicə azad olmuş Azərbaycan toplumunun tərkibi o zaman xeyli bəsit idi: fəhlələr, kəndlilər və kiçik məmur ordusu. İndi isə bu tərkib xeyli mürəkkəb və qarışıqdır. Cəmiyyət xeyli sayda seqmentlərə bölünüb. Müxalifət isə sanki bunları görməzdən gəlir. Nəinki günlük fəaliyyətlərində, hətta seçki dönəmlərində yalan-doğru ortaya qoyduqları platformalarda belə, bu seqmentlərə ayrıca müraciətlər nəzərə çarpmır. Bir siyasi qüvvə, məsələn, tikinti sektorunun bu gün üzləşdiyi müxtəlif problemlərin həlli ilə bağlı konkret qanun layihələrinə, təkliflər paketinə malik deyilsə, o sektor hansı əsasla bu qüvvəni dəstəkləməlidir? Hanı müxalifət partiyalarının bu kimi qanun layihələri, konkret planları?

Son parlament seçkilərində daha biabırçı durum yarandı. "Yes" blokundan başqa, heç bir siyasi qüvvə ortaya platforma qoymadı. "Yes"in bir neçə bəndlik platforması da ümumi tezislərdən başqa bir şey deyildi. Belədə bir iş adamı, bir fəhlə, tələbə, müəllim, işsiz niyə sizi dəstəkləməlidir? Çünki xalq yaxşı bilir, ümumi danışmaq elə danışmamaqdır.

"Azərbaycan xalqı monopoliyadan əzab çəkir", "Xalq bu repressiyaya yox deməlidir", "Neftin pulları xalqa qaytarılmalıdır" kimi topdanşüarların heç kimin qılını belə tərpətmədiyini anlamaq lazımdır sonunda.

Yadıma 2003-cü ildəki prezident seçkilərindən əvvəl İsa Qəmbərin verdiyi müsahibələrdən biri düşür. İsa bəy deyirdi: "Mənim platformam xalqın ürəyindədir". Eyni fikri Müsavat başqanı ABŞ-da səsləndirmişdi. Əlbəttə, mən o zaman Amerika səfərində İsa bəyi müşayiət edənlərin arasında deyildim. Amma səfərlə bağlı "Yeni Müsavat"da dərc olunmuş yazını oxuyanda xeyli gülmüşdüm. İnanıram ki, Qərb də bəyin bu açıqlamasını siyasi lətifə kimi qarşılamışdı. "Qərb Azərbaycan müxalifətini niyə dəstəkləmir" sualının çoxsaylı cavablarından biri də budur! Müxalifətin heç bir planı, platforması yoxdur, o, siyasəti xalqla eşq oyunu kimi başa düşür. Necə yəni mənim platformam xalqın ürəyindədir?

Müxalifət liderlərinin daha bir bəlası informasiyasızlıqdır. Onların iş sisteminə diqqət yetirin: hər gün mühafizəçilərin əhatəsində evdən işə- işdən evə. Bir sözlə, onların hərəkət trayektoriyası Hacıbala Abutalıbovun tarixə gömdüyü tramvayları xatırladır. Bəs onlar ölkədəki durumla bağlı informasiyaları haradan əldə edirlər? Mətbuatdan və yaxın hesab elədikləri insanlardan! Bəs mətbuat informasiyanı haradan əldə edir? Hökumətin nəzarətində olan informasiya agentliklərindən! Hansı müxalifət mətbuatının əyalətdə postları, dayaqları var? Hansı qəzetin ciddi iqtisadi-siyasi analitikləri var? Hansı mətbuat dezinformasiya və emosiyadan xalidir? Hansı qəzetin mövzuları paytaxt Bakıdan kənara çıxır? Heç birinin! Bir-iki kəmsavad müxbir yazısının ümidinə qalan bu qəzetlərdən siyasi liderlər hansı ciddi informasiya əldə edə bilər? 20 ildi müxalifət liderləri kimi otaq şəraitində oturub televiziyadan və mətbuatdan götürdüyü informasiyalarla məzələnən dostumuz Hacı Zaminin köşələrindənmi öyrənir İsa Qəmbər? (Ona görə hər dəfə İsa Qəmbəri nümunə gətirirəm ki, müxalifət liderləri içində ciddiyə aldığım yeganə şəxs də odur). Nəticədə müxalifət partiyaları hiss olunmadan öz medialarından asılı vəziyyətə düşüblər. Təsadüfi deyil ki, hakimiyyət məhz müxalifət partiyalarının qəzetlərini nəzarətə almağa can atır və buna nail olur da. Dostlar inciməsin, bu ölkədə ən tirajlı qəzetdən tutmuş, ən balaca qəzetə qədər hansının kimin puluyla dərc olunduğu hər kəsə bəllidir. Hətta "Yeni Müsavat" da! Beləliklə, mətbuatı nəzarətə alan hakimiyyət dolayısıyla müxalifəti də idarə edir. XXI əsr informasiya əsridir. İnformasiya kimin nəzarətindədirsə, güc də onun əlindədir, hadisələrə təsir etmək imkanı da.

Budur, yenidən seçki ilidir. Müxalifət nə qədər çabalayırsa da, yerindən tərpənə, hərəkətə gələ bilmir. Hakimiyyət isə yenə idarə etdiyi müxalifət mətbuatının vasitəsi ilə onları oyuna çəkir. Müxalifət mediasının son aylardakı gündəminə baxın: Əvvəl İsa Qəmbər seçkiyə gedəcək-getməyəcək sualı ortaya atıldı? "Yeni Müsavat"ın, konkret olaraq Rauf Arifoğlunun münasibəti gecikmədi: o, açıq-aşkar partiyanı və İsa bəyi təhdid etdi: başqan mütləq seçkiyə qatılmalıdır, yoxsa... Sonra "Azadlıq" qəzeti Müsavat Partiyasını ittiham etməyə başladı: seçkiyə qatılmaq hakimiyyətə işləmək deməkdir. "Yeni Müsavat" cavab verdi: "Boykot taktikası hakimiyyətin dəyirmanına su tökməkdir" və s. Bu meyxana deyişməsi bu gün də davam edir. Dedim axı, hakimiyyət bu qəzetlər vasitəsi ilə müxalifəti idarə edir. Nəticə də bu olacaq ki, bu partiyalar bir araya gələ bilməyəcək. Ortalıqda bir tamaşa gedir, istər-istəməz hər kəs bir oyunçuya çevrilib. Gideborun dediyi tamaşa cəmiyyəti iştə bu! Amma daha bu tamaşanı heç kim alqışlamır, lojada yalnız hakimiyyətdir!

Beləliklə, yaxın gələcəkdə müxalifət öz fəaliyyətini günün şərtlərinə uyğun yenidən- hətta deyərdim ki, sıfırdan qurmasa, onu siyasi səhnədən silinmə təhlükəsi gözləyir.

Yenidən qurulma üçün ilkin tezislər budur:
1. Cəmiyyətin əsas təbəqələri ilə işləmək üçün partiyalarda mobil qruplar-komissiyalar yaradılmalıdır. Bu mobil qruplar təhkim olunduqları sahələrin təmsilçiləri ilə ardıcıl görüşlər keçirməli, bu görüşləri siyasiləşdirmədən, yalnız onların problemlərini öyrənməyə mərkəzləşdirməlidir, daha sonra bu problemləri aradan qaldırmaq üçün konkret qanun layihələri işləməli, toplumun müzakirəsinə təqdim etməlidir;
2. Partiyalar rayon şöbələri kimi effektini itirən sistemdən imtina etməli, regional idarəetmə mexanizmlərinə keçməli, rayonlarda, ucqarlarda mobil qruplarla işləməyə üstünlük verməlidir (seçki dövründə edildiyi kimi);
3. Otaq şəraitində ümumi bəyanatlar verməkdən qaçmaq, topluma daha çox açılmaq lazımdır (məsələn, qapı-qapı, ev-ev, məhəllə-məhəllə işləmək) və bu zaman toplumla görüşlərdə topdan siyasi bəyanatlar vermək əvəzinə, məhz toplumu dinləmək gərəkdir (onlar nə istəyir, nə düşünür, problemləri nədir).

İlkin tezislərə daha bir neçəsini də əlavə etmək olar. Amma indilik bu qədər də bəsdir. Sadəcə istəmədim ki, yalnız vəziyyəti tənqid eləməklə yetinim, həm də konkret təkliflərimi ortaya qoymağa çalışdım.

Yazımın sonunda bir məqamı da qeyd edim, xalqın müxalifəti dəstəkləməməsi yalnız müxalifətin günahı deyil. Burada hakimiyyətin hər dəfə seçkiləri saxtalaşdırması, televiziyaları müxalifətin üzünə bağlaması və avtoritar mahiyyəti də az rol oynamır. Amma bu situasiyanı dəyişmək də müxalifətin borcudur- ona görə də tənqidimin ağırlığını onların üzərinə saldım. Görək nəticəsi olacaqmı...

30-03-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца