Mən tramvayam!

Mən tramvayam. Hər gün eyni vaxtda ayılır, eyni vaxtda işə gedir, eyni vaxtda da evə qayıdıram. Bu, hər gün təkrarlanır. Az qala yol boyu da eyni adamları, eyni avtomaşınları görürəm hər dəfə. Ucuz kostyum var əynimdə. Ucuz qalstuk taxıram. Saçlarımı səliqəylə yana darayıram. Tramvay kimi yaşayıram. Hərdən məni dəhşət bürüyür: görəsən mən öz marşurutumu, yolumu dəyişsəm nə baş verəcək? Qorxuram. Bütün içimlə uğraya biləcəyim qəzanın fəsadlarını hiss edirəm.

***
Mən tramvayam. Ətrafdakı adamlar da mənim kimi yaşayır. Hamı tramvaydır. Bütün Azərbaycan əhalisi tramvaydır. Hamı qəza vəziyyətində yaşayır, amma həm də qəzaya uğramaqdan qorxurlar.
Biz əzbərdən yaşayırıq. Biz kiminsə yolumuza döşədiyi dəmir relslərdən kənara çıxmaqdan dəhşətli dərəcədə qorxuruq!
Hərdən böyük bir tramvay parkına oxşayan bu ölkədə adamlar-tarmavaylar iki-iki, üç-üç kiçik dayanacaqlarda baş-başa verib pıçıldaşırlar. Məlum olur ki, hamı bu yeknəsəklikdən bezib. Hamı! Amma heç kim risk eləmir! Heç kim ağlına belə gətirmir ki, öz yolundan çıxa bilər!.. Onunçun çəkilmiş gündəlik yaşam cızığını tərk edə bilər!

***

Bir neçə il öncə, paytaxtdakı gerçək tramvay yollarını sökdülər. Günlərin birində şəhərin meri yatıb-durub dedi ki, tramvaylar şəhərin estetik görkəminə xələl gətirir, onları arxivə göndərməyin vaxtıdır. Əslində isə, istəmirdilər ki, insanlar bu tarmavaya baxanda özlərini xatırlasınlar. Bu taramvaylar güzgü kimi bir şey idilər. Onlara baxanda adam hər şeydən əvvəl özünü görürdü, tanıyırdı. Sonra içində bir yazıqlıq duyğusu yaranırdı. Sonra bu duyğu tədricən qəzəbə, daha sonra isə nifrətə çevrilirdi. Onda insanlar bu nifrəti püskürmək üçün yollar arayırdılar. Yığışırdılar «Qələbə» meydanına.
Tramvaylar söküləndən sonra isə daha insanlar bir yerə yığışmır, daha insanlar nifrət etmir, daha insanlar qəzəb püskürmür… Daha heç kim tramvay olduğunun fərqində deyil… Hamı sadəcə yorğundur… Yorğun!
Yorğun tramvay!..
Bir igid gərək ki, qolunu çırmalasın və səkkiz milyon tramvayın bütün ölkəni hörümçək toru kimi hörmüş, gözəgörünməz relslərini söksün… qalstuklarını açıb atsın zibil vedrəsinə… saçlarını dağıtsın…

***

… Ən faciəlisi odur ki, biz tramvaylar hətta troleybuslara həsəd aparırıq: Onlar heç olmasa dəmir relslər üzərində hərəkət etmirlər, ürəkləri istəyəndə bir-iki qarış o yan-bu yana sürüşə bilirlər. Bizə isə bu da olmaz! Ən cəsarətlilərimiz bir neçə dəfə troleybus olmağa cəhd ediblər – birini ağzından atdılır, birini həbsə göndərdilər, birinin başına torba salıb döydülər, ayaqlarını sındırdılar…
Olmaz, bir qarış da azadlıq olmaz!
Bizə yaxşı dərs verdilər!

03-09-2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца