Lənət olsun içimdəki insan sevgisinə!

Desəm ki, indi o qədər də bayram ovqatında deyiləm...
Desəm ki, hər il əvvəlkindən daha ağır, daha qara gəlir...
Desəm ki, 2009-cu il bizi öküz buynuzlarında o ki var oynadacaq...
və ayaqları altına alıb çığnayacaq...
Desəm ki, 26 dekabrda Yeni İl ovqatımız korlandığı kimi, 18 martda da Novruz ovqatımız təlx olacaq...
nə dəyişəcək ki...

Hərdən o qədər, hətta sözlə ifadə edə bilməyəcəyim qədər pessimist oluram. Bu anlarda gələcəyə - bu dövlətin, bu xalqın, bu millətin gələcəyinə nikbin baxa bilmirəm. Bu məqamlarda çarəsizlikdən əzik əncirə dönən sifətimi görməyi kimsəyə arzulamazdım...

Azərbaycanda sizcə nə qədər məmur var? Ən ucqar kənddəki məktəb direktorundan, bələdiyyə sədrindən, icra nümayəndəsindən tutmuş Prezidentə qədər hər kəsi məmur kimi qeydə almalı olsaq, hansı rəqəmi alardıq? Bura polisləri, həkimləri, bir sözlə büdcəyə bağlı hər kəsi əlavə etsək, onda hansı rəqəm alınar? 100 min? Bəlkə də daha çox. Sonra potensial məmurları hesablayaq. Yəni marıqda yatıb bu məmurlardan hansınınsa sıradan çıxmağını gözləyən və məmuniyyətlə onun yerinə keçməyə hazır olan yüz minlərlə azərbaycanlını da bura əlavə etsək... Daha yüz minlərlə azərbaycanlı da gecələr yatanda belə, məmur olmağı xəyal edir... Deməli, az qala Azərbaycanın əmək qabiliyyətli bütün əhalisi bu siyahıya düşmüş olur. Bu kiçik hesablamanı nədən apardıq? Yaxın oturun, mən deyim, siz də dilxor olun.

Deməli belə. Ən ucqar kənddəki məktəb direktorundan, bələdiyyə sədrindən, icra nümayəndəsindən və ya sıravi polisdən, həkimdən tutmuş Prezidentə qədər mənə elə bir məmur göstərin ki, o, düzgün işləyir. Yəni rüşvət almır, rüşvət vermir, ən azından öz sistemində baş verən qanunsuzluqlara qarşı mübarizə aparır... Mən 10 ilə yaxındı ki, informasiya sahəsində çalışıram. Şəxsən belə bir fakta qəti rast gəlməmişəm. Əlbəttə, aralarınızda eləsi tapılacaq və tanıdığı hansısa məmuru nümunə kimi gətirib, onun lehinə bəzi arqumentlər söyləməyə çalışacaq. Amma bu suallarım havadan asılı qalacaq: "Qardaşım, dediyin şəxs sistem içində hansı mübarizəni aparıb? Nə zaman gördüyü faktları heç olmasa topluma açıqlayıb? və s."

Bu dəhşətli mənzərə haqqında heç düşündünüzmü? Sizcə bu YAP hakimiyyəti ilə, ya xalqın hansı səviyyəyə qədər korroziyaya uğraması ilə bağlıdır. Mən problemi ikinci faktorla izah edərdim.

Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, eyni mənzərənin şahidi olardıq. Yox, mən heç də bu qənaətimlə sizləri İlham Əliyev sistemi ilə (oxu: sistemsizliyi ilə) barışmağa çağırmıram. Çünki bu sistem mümkün ola biləcək variantlar arasında ən pisidir. Hətta Hafiz Hacıyevin prezidentliyi bundan qat-qat yaxşı olardı. Tam səmimiyyətimlə deyirəm.

İndi sizdən soruşuram, necə nikbin olaq? Axı o məmurlar az qala hər birimizin ailəsində var! Ya da ən azından onlara qohumluğumuz çatır, onlara salam verib, salam alırıq. Yeri gələndə çörək kəsir, yoldaşlıq edirik. Elə isə niyə onlara özlərini bunca rahat və toplumun tamhüquqlu üzvləri kimi hiss etməyə imkan veririk? Çünki biz də elə onlar qədər korroziyaya uğramışıq.

Biz də onlardan biriyik!

Biz də öyünə biləcəyimiz qədər cəsarət sahibi deyilik!

Desəm ki, hamımız bir bezin qırağıyıq...
Desəm ki, hamımızın içində bir siyavuşnovruzov, bir zahidoruc, bir qulamhüseynəlibəyli var...
Desəm ki, atılıb-düşməyimiz, arada-bərədə yazı yazıb stəkanda fırtına etməyimiz havanı korlayan karbon qazından başqa bir şey deyil...
və bəlkə də bu qaz bizim mövcudluğumuzdan daha dəyərlidir...
Desəm ki, bütün müxalifət qəzetləri satın alınıb və deməli, onların oxucuları da dolayısıyla satılıb...
Desəm ki, hər şeyə tüpürüb bu ölkədən getməkdən başqa bir çıxış yolumuz qalmayıb...
qədərindən artıq pessimist olmaram ki?

... Onda ortaya heç olmasa bir qəhrəmanlıq nümunəsi qoyun!
... Ki, fikrimdən daşınım!

28-12-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца