İntihar nədir?

Firavanlıq və xoşbəxtlik içində olan insanın müdrikləşdiyini heç eşitmisinizmi? Əksinə, insanın müdrikləşməsi üçün itkilər, qurbanlar və sonsuz ağrılar yaşaması lazım gəlir.
İnsan həyatın dibinə endikcə böyüyür, zirvədə deyil.
Və ya insan niyə intihar edir? Doğrudanmı intihar hər zaman yalnız zəiflik əlmətidir? Elə isə yapon xarakirisini necə izah edək?
Xarakiri (başqa sözlə suppuku) 19-cu əsrə qədər Yaponiyada geniş yayılmış özünəqəsd ritualı idi. Tanınmışlar və məmurlar, xüsusilə ordu zabitləri arasında yayğın olub. İnsanlar ya hansısa günahları qarşılığında özlərini cəzalandırmaq, ya hansısa itkini ifadə etmık, ya da öz şərəf və ləyaqətlərini qorumaq üçün bu addımı atırdılar. Ritualın yerinə yetirilməsinin xüsusi şərtləri var idi. Bunlardan ən əsası bir dostunun bu səhnəyə şahid olmasıydı. Ekstern hallarda- məsələn, döyüş meydanında bunlarsız keçinmək olardı. 1868-ci ildən rəsmən xarakiri Yaponiyada ləğv olunsa da, praktiki olaraq hələ də Yaponiyada tez-tez rast gəlinən bir faktdır. Xüsusən də 20-ci əsrdə bir çox tanınmış yapon yazıçısı və sənət adamının xarakiri etməsi, ona daha da əsrarəngiz və fəlsəfi don geyindirib.
Beləliklə, xarakiri nümunəsində gördük ki, intihar heç də həmişə zəiflik əlaməti deyil, həm də fəlsəfi aktdır. Yoxsa Heminqueyin, Mayakovskinin və onlarla başqa tanıdığımız, bu gün də sevə-sevə oxuduğumuz yazıçı və filosofların nədən intihar etdiyinə izah tapa bilmərik. Hərçənd onlar xarakiri etməyib, birisi dərman içib, birisi köhnə ov tüfəngiylə gicgahına atəş açıb və s.
Sosiologiyanın əsasını qoyan alimlərdən biri olan fransız fikir adamı Emil Dürkheymə görə, intiharın əsas səbəblərindən biri fərdlə ictimai dəyərlər, normalar arasında yaranan vakuumdur. Bunu ANOMİYA adlandıran E.Dükheym deyir ki, bu kimi vakuumlar keçid dövrlərində daha çox rastlanır. Bu, elə bir dövrdür ki, əvvəlki normalar fərd üçün öz qüvvəsini itirib, yeniləri isə hələ formalaşmayıb. Leninə görə isə bu situasiya inqilabi situasiyadır. Deməli, intihar həm də fərdi inqilabdır. Bu qəbil intiharlar tibdə PARASUİSİD adlanır. Bu zaman intihar edən şəxs bir növ ətrafdakıların diqqətini ya özünün, ya da toplumun hansısa probleminə cəlb etməyə cəhd edir. Bunun əksi isə şüurlu və doğruçu intihardır. Bu zaman insan öncədən hazırlaşır, onun məqsədi kimsənin- doğmaların, dostların nə hiss edəcəyini göz önünə almadan, nəyin bahasına olursa-olsun intihar etməkdir. O, ağrımır, tərəddüd etmir, həyatdakı missiyasınının başa çatdığını sakitcə dərk edir və qərar verir. Bu, həmin haldır ki, onu müdriklik adlandırmaq olar.
Ümumiyyətlə, elm intiharı izah etməkdə və təyin etməkdə çətinlik çəkir.
1936-cı ildə Nyu Yorkda İntiharın öyrənilməsi üzrə Komitənin iclasında tanınmış psixoanalitik Qreqori Zilburq bəyan edir: "Təssüf ki, elmi baxımdan intihar problemi izaholunmaz olaraq qalır. Nə tibet müdrikliyi, nə də kliniki psixopatalogiya bu problemin nə səbəblərini, nə də empirik həllini tapa bilmir".
1973- cü ildə "Britaniya ensiklopediyası" Amerika Suisidoloqlar Assosiasiyasının sədri Edvin Şneydmana intihar haqqında məqalə sifariş edir. Baxaq görək tanınmış mütəxəssisisn problem haqqında son qənaəti nədir: "Əslində insanların nədən həyatlarına intiharla son verdiyini heç kim bilmir!". 1988-ci ildə digər bir psixoloq Antoon Leenaars da öz araşdırmasına bu cümlə ilə başlayır. "Heç kim intiharı bilmir, hətta intihar edənin özü də".
İntiharın bunca sirli və fəlsəfi şəkil almasında tarixi paradiqmalar da az rol oynamayıb. Bizi onun ikinci tərəfi maraqlandırır daha çox. Məncə, intiharın fəlsəfi akta çevrilməsi Sokratdan başlayır. Afina höküməti Sokrata özünü zəhərlə öldürmək hökmü çıxarır. Sokrat isə bunu etməmişdən öncə bir neçə gün insanlar qarşısında intiharın fəlsəfi əsaslandırılması istiqamətində nitqlər edir. O deyirdi ki, intihar onun qəlbini azad edəcək və ölümsüzlüyə qovuşduracaq. İntihar və ölümsüzlük anlayışları Sokratın fəlsəfi intihar ritualı ilə eyniləşir.
İslamda isə intihar günahdır, Allah tərəfindın bağışlanmaz aktdır, intihar edən sorğusuz-filansız cəhənnəmə vasil olur. Bəlkə də buna görə, İslam Şərqində intihar ayrıca bir mədəniyyət kimi formalaşmadı. Baxmayaraq ki, burada da intihar halları tez-tez baş verir. Çünki həyatda real olaraq özünü cəhənnəmdə hiss edən insanın qarşısını bəzən xəyali cəhhənnəm qorxusu ala bilmir.
Cəhənnəm isə hər addımda, hər qarışda var. Xüsusən də Azərbaycanda...

05-01-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца