Hanı mənim baş nazirim?

Bu gün Azərbaycanın hər şeydən çox ciddi iqtisadi islahatlara ehtiyacı var. Təsadüfi deyil ki, azad bazar iqtisadiyatı həm də demokratiyanın qarantı hesab olunur. Bəs bu və ya digər islahatları həyata keçirməli olan qurum- Nazirlər Kabineti necə işləyir? Ümumiyyətlə, işləyirmi? Cənab baş nazirArtur Rasizadənin islahatlar mexanizmini həyata keçirməyə, nəzarət etməyə biliyi, təcrübəsi, cəsarəti yetərlidirmi? Təcrübə göstərdi ki, yox. Vəzifəsində gün keçirdiyi uzun illər ərzində biz möhtərəm baş nazirimizi yalnız lətifələr qəhrəmanı kimi tanıdıq. Bir neçə dəfə ekrana- ictimaiyyət qarşısına çıxması bəs idi ki, onun nəinki Azərbaycan dilini bilməməsi, hətta iqtisadiyyat haqqında ən elementar bilgilərə malik olmaması hamıya bəlli olsun. Ümumiyyətlə, onun nə işlə məşğul olmasını təyin etmək müşkül məsələdir.
Ən qəribəsi odur ki, mətbuat baş nazirin personasına o qədər də yeo ayırmır. Baş nazirin adı KİV-də nadir hallarda peyda olur, sanki qəhrəman Artur ölkənin baş naziri yox, hansıa mənzil istismar sahəsinin müdiridir. Onun tənqidinə də az rast gəlirik. Qəzetlərdə çalışan bir neçə həmkarımdan bunun səbəblərini soruşanda qəribə cavablar almışam: «Əşşi, onun nə günahı, mərifətli adamdır, ziyalı nəslindəndir, heç kimlə işi yoxdur» və s. bu kimi cəfəngiyatlar. Anlamıram, nazirləri korrpsiyaya qurşanaraq, oliqarxlara çevrilmiş bir hökümətin sədri bütün bunlara göz yumursa, ətrafında baş verən iqtisadi və siyasi maxinasiyalara göz yumursa, yuxarıda sadalanan mənəvi yarlıqlar nədər yerində səslənir? Susqunluq, işləməmək, rüşvətə, korrupsiyaya, monopoliyaya göz yummaq nə zamandan mərifətin, ziyalılığın və ya qanacaqlı olmağın kriteriyası hesab olunur?
Baş nazirin mərhum şairimiz, repressiya qurbanı Hüseyn Cavidin nəslindən olması da indiki situasiyada heç kimin xeyrinə işləmir. Ən azından bu, böyük şairin əleyhinə işləyən bir faktordan başqa bir şey deyil. Hüseyn Cavid daha təhlükəli bir rejimə qarşı idi, yenilmədi, sınmadı, yaltağa, qorxağa çevrilmədi. Səhnəni əbədi bir qəhrəman kimi tərk etdi. Bəs cənab baş nazir?
Şəxsən, mən belə bir baş nazirimin olmasına görə utanc hissi keçirirəm. Onun susqunluğuna, onun «yolavermək mədəniyyətinə» heyrət edirəm. Adam nə qədər mənfi mənada dözümlü imiş!
Ötən il Macarıstanda xalq baş nazirin bir kəlməsinə görə («Bilmirəm bu ölkədə nə baş verir?) ayağa qalxıb, kabineti istefaya çağırdı. Xalqın səbəbi çox sadə idi: əgər ölkənin baş naziri ölkədə nə baş verdiyi anlamırsa, o və kabineti istefa verməlidir. Çünki macarlar özlərinə hörmət edir. Bəs biz? Niyə belə bir oyuncaq hökümətə görə utanc hissi keçirmir, qəzəblənmir, istefa tələblərini səsləndirmirik? Hanı özümüzə hörmətimiz? «Hanı mənim baş nazirim?» deyə niyə bu sualı özümüzə, cəmiyyətə və ən nəhayət, hakimiyyətə vermirik?
Bu qədər yetməzmi?

30-07-2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца