Hamı kəndə!

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında aktiv olan, xüsusən də müxalif, radikal düşüncəsi ilə seçilən şəxslərin mütləq çoxluğu əyalət uşaqlarıdır. Burada "əyalət" sözündə hansısa alt məna axtarmayın. Sözün birbaşa mənasında əyalətdə doğulan insanları deyirəm. İçi mən qarışıq...
İsa Qəmbərindən tutmuş, Seymur Baycanına qədər- hamı keçmiş rayon uşaqları deyilmi? Hamımız gənclik arzularımızın, xəyallarımızın ardınca qoşaraq, paytaxta gəlmədikmi?
O vaxtlar romantik idealistlər idik. İndi də bir çoxumuz belə qalmışıq. Şəhər uşaqları isə romantik, xəyalpərvər olmur. Onlar əsl praktik adamlardı. Həm mübarizədə, həm susqunluqda. Kənd uşaqları isə hətta yaltaqlıqda da romantika axtarır. Məsələn, biriləri bunu şeir, poema yazaraq edir, biriləri bəlağətli, şirin-şəkər çıxışlarla.
Sözümün canı bu da deyil. Demək istəyirəm ki, aqrar ölkə olan Azərbaycanın kəndləri bu gün bizlərdən məhrum olub. Kəndin beyinli, yaradıcı fantaziyalı, mübarizə ruhlu insanları Bakıya, fiziki gücü, ticari istedadı olan şəxsləri isə Rusiya bazarlarına axışdı. Nəticədə kəndlər tamam boşaldı.
Biz isə Bakıda taleyimizi axtara-axtara arzularımızın necə gömülməsinə canlı şahidlik etməkdən başqa heç nə qazanmadıq.
Bakı zəbt olunub. Bakı neft şəhəri, sənaye meydanıdır. Bunlar isə oliqarxların, məmurların, bir sözlə ikiayaqlı əjdahaların ağzındadır. Biz hazırda okeanda yelkəni qırılmış taxta qayıqlardan başqa bir şey deyilik.
Biz qazanmadıq, amma əyalət də çox şey itirdi Bakıya axınımızdan. Oliqarxların başı paytaxtın hər qarışını və neftin pullarını qamarlamağa qarışdığı bir vaxtda, biz kənddə qalıb, öz yaradıcı ideyalarımızı tətbiq edərək, boş qalan, əkilməyən torpaqlarda möcüzələr yarada bilərdik. Biz neft sektoruna qarşı güclü aqrar sektoru qura bilərdik. Biz öz ideyalarımızı, arzularımızı əlimizdə olan real məkanlarda deyil, artıq çoxdan bizim olmayan paytaxtda həyata keçirmək istədik. Alındımı? Bu suala qoy hər kəs özü-özlüyündə, öz taleyi baxımından cavab versin.
Baxın, heç olmasa 10 il əvvəl hər hansı birimiz kənddə 1 hektar torpağın qulpundan yapışıb, öz bütün istedadımızı ora yönəltsəydik, indi fərqli mənzərənin şahidi olardıq. Əlbəttə, azadlıq ideyaları, insan haqqları uğrunda mübarizə də heç vaxt unudulmamalıdır. Amma bir var, bunu Bakının küçələrində, cibində siçan oynaya-oynaya edəsən, bir də var cibində heç olmasa biçdiyin məhsulun 5-10 manat pulu ola. Acların səsi həmişə quyunun dibindən gələr.
Demokratiya və insan hüquqları kimi anlayışlar dünyanın heç bir yerində yoxsulların məşğuliyyəti deyil. Qərb ölkələrinə baxın, ictimai-siyasi həyatda olanların arxasında ciddi kapital, böyük şirkətlər, gəlir sahələri var. Amma bizdə? Fakt budur ki, əsasən rayon uşaqlarından formalaşan müxalifətin bu gün öz puluna qəzet buraxmaq imkanları belə yoxdur. İşin faciəvi tərəfi isə bu deyil- azad dediyimiz mətbuata da sponsorluğu guya mübarizə apardığımız oliqarxlar edir. Biz isə hələ də romantikanın yaşıl çəmənliyində şellənirik.
İndi kəndə qayıtmağa da gecikmişik. Oliqarxlar artıq qanadlarını kəndlərə qədər açmağa başlayıblar. Nə bilim, bəlkə də gec deyil. Bəlkə kənddə qulpundan yapışa biləcəyimiz hansısa iş hələ də monopoliyada deyil. Bakıda isə bütün sahələr nəzarətdə, monopoliyadadır. Burada nə siyasətlə, nə ictimai işlə, nə bizneslə məğul olmaq mümkündür. Sistem tam gücüylə qapanıb. Təsadüfi adamları sistemin dişli mexanizmləri üyüdüb də, sümüklərindən un istehsal edir.
Kimlərsə deyə bilər ki, bu gün onsuz da əyalətdə çoxlu fermer təsərrüfatları, iş adamları var. Cavabım budur: Öncə Hikmət Hacızadə ilə Səyavuş Novruzovun arasındakı fərqi düşünün. Sonra kənddə qalan istedadsız və çarəsizlikdən fermer olanlarla, istedadını köşələrə, qəzetlərə, partiyalara , QHT-lərə xərcləyən enerjili adamlarımızı. Adamdan adama fərq var. Hətta hərdən bu fərq adamlığın özü qədər olur.
Nəticə budur: Biz kəndləri boş qoyduq, Bakıda isə artığıq.
Kəndə qayıdaqmı?

11-07-2009

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

против солнца