Elçibəy balaca adam olub

Azərbaycan necə ölkədir? Bu ölkə insanının ümumiləşdirilmiş obrazı nədir? Bu iki sual sizə asan gəlməsin. Adamı tank kimi əzir, altından çıxa bilmirsən. Yazılı ədəbiyyatımız yaranandan bu sualların peşindədir, amma hələ də ortaq bir cavab yoxdur ki, yoxdur.
Bir xalqı, bir ölkəni tanımaq üçün məncə, onun öndə olan insanlarına baxarsan. Onların hərəkətlərinə, davranışlarına, intellektlərinə, yaradıcı enerjilərinə.
Sarkozi tipik fransızdır. Yeltsin əsl rus idi. Fateh Terim türk oğlu türkdür. Elçibəy isə bir azərbaycanlı. Sadə, adi azərbaycanlı. Balaca adam...
Balaca azərbaycanlı kimsəyə nifrət bəsləmir. Qarışqa kimi cəfakeşdir. Xəyalpərvər, qonaqpərvər, həyatpərvərdir. Ölmək istəmir, bütün əzablarına rəğmən həyat eşqi ilə doludur. Balaca ürəyində bütün dünyaya sığmayacaq qədər sevgi, mərhəmət var.
Azərbaycanda balaca adamların nəsli kəsilmək üzrədir. İndi belələrini paytaxtda, iri şəhərlərdə, rayon mərkəzlərində tapa bilməzsiniz. Sonuncu balacalar Lerikin, İsmayıllının, Oğuzun, Astaranın, Yardımlının, Naxçıvanın dağlarına çəkilib, öz solğun və balaca həyatlarını yaşayırlar. Televizora, mobil telefona, kompüterə baxanda gözlərini döyürlər. Hər cür texniki tərəqqi qarşısında tərki-silah bir təbəssüm qonar dodaqlarına. Heyrətlə baxarlar. Nəvələrinin, məsələn, kompüterə toxunması onları uşaq kimi sevindirir, qorxudur, heyrətləndirir. Mobil telefonla danışan görəndə "bismillah" deyir, salavat çevirirlər. Evdə heç kim olmayanda hürkə-hürkə ayaqlarının ucunda yaxınlaşarlar nəvələrinin yanına. Onu sorğu-suala tutarlar. Nəvələr isə bilərəkdən şişirdilmiş, uydurulmuş cavablar verər onlara. Məsələn, deyərlər ki, kömputer çox qorxulu şeydir, adamın "kopya"sını çıxardır, onun əvəzinə düşünə, yaşaya, sevə bilir.
Balacaların çaşqınlığı, heyrəti ayrıca bir kefdir.
Heç bir təhsili olmayan atam 72 yaşında naqəfil məndən soruşmuşdu: "Deyirlər şeir yazırsan, hə?" "Hə"- demişdim və atamın yalnız indi bunu eşitməsi məni də heyrətləndirmişdi. "Hələ birini de görək"- deyə ərkyana söyləmişdi. Mənsə Sabirin bir şeirini oxumuşdum ona. İnanmışdı. Ləzzət eləmişdi. Və oğlunun bütün külliyyatından xatircəm köçmüşdü dünyadan.
Mirşahinin Elçibəylə "Təmiz söhbət"inə yəqin hamı baxıb. Ona şeirdən-zaddan sual vermişdi, şeir oxutdurmuşdu arıq-uruq Yardımlı balası. Amma birdən-birə şəhərli olmuşdu Mirşahin və demişdi: "... və siz prezident olmaq istəyirsiz?!" Elçibəy balaca adam idi. Belə şəhərli sancmalarının, meqapolis ironiyalarının fərqində deyildi. Tam səmimi: "Mən prezident olacam. Mən prezident olmadım ki..." - deyə cavab vermişdi Elçibəy, balaca adam. Hələ səsinin tonu...
Heydər Əliyev böyük adam idi. İlham Əliyev də balaca adam deyil. Televiziyada gördüyümüz, yanağından kərə yağı daman nazir və komitə sədrləri də zırpı adamlardı. Elçibəy hətta prezident olanda da böyümədi, balaca qaldı, balaca adamların yanında, ürəyində qaldı.
Onu bütün balaca adamlar sevirdi. O isə hamını.
Onun bığından, saqqalından, üzünün qırışlarından, ağzından çörək kimi ovxalanan sözlərindən, müsahibələrindən bir xeyli böyük adamlar, yekə siyasətçilər törədi. İndi yarısı hakimiyyətdə, yarısı müxalifətdə- böyük siyasətlə məşğul olurlar. Heç birisi balaca adamların yanında deyil. Biri-biriylə qapışa-qapışa böyüyüblər, div boyda olublar, zırpı-zırpı partiyaları, iddiaları var, böyük-böyük, müdrik-müdrik danışırlar. Onların içində Elçibəy yoxdur, balaca adamlar, balaca ürəklər yoxdur.
İsa Qəmbər böyük adamdır. Etibar Məmmədov, Əli Kərimli, Mirmahmud Fəttayev, Aqil və Arzu Səmədbəylilər böyük adamlardı.
Üfürə-üfürə yaşayan adamlara böyük adamlar deyirlər.
Köntöy, pinti, xeyirxah, sadəlövh, ürəyitəmiz adamlara isə balaca adam.
Qayıdaq yazımızın əvvəlinə.
Heç vaxt Azərbaycan və ya Azərbaycan insanı deyiləndə YAPozavrları gətirmirəm göz önünə. Balaca Azərbaycanın balaca adamlarını düşünürəm. Elçibəyi, Nəcəf Nəcəfovu, Hikmət Hacızadəni... Astaradakı Yədulla kişini, İsmayıllıdakı Həzəri, Lənkərandakı Bəhlulu...
Azərbaycan indi böyüyüb, nefti var, pulu var, qarınlı-qalstuklu nazirləri, məmurları, lotuları var.
Azərbaycan çoxdan akulalar ölkəsidir.
Amma bir zamanlar balaca adamlar vardı...
Elçibəy vardı...

23-06-2008

Yorumlar

Billie Jean dedi ki…
Gözəl yazıdır!
Philosophy dedi ki…
Vallah halal olsun, chox gozel yazidir. Bloggerlere yazdigim ilk werhdir. Her zaman bele balaca qal.
Ayna dedi ki…
Heyif sizden boyuk urekli balaca adamlar...Elcibey o qeder balacadir ki,bir coxumuzun ureyinin en derinliklerinde yasayir ve hemise yasayacaq...

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца