Demokratiyaya neçə metr qalıb?

Hətta dinozavrların insana çevrilməsi üçün bu qədər vaxt lazım olmamışdı!

«Azərbaycan demokratiyaya doğru daha bir addım atdı» - hər beş ildən bir ölkəmizdə keçirilən seçkilərə sivil dünyanın verdiyi bu soyuqqanlı qiymət məzələnməkdən başqa bir şey deyil. Nə uzaqmış bu demokratiya? Beş ildən bir atdığımız tək addımla, ümumiyyətlə, nə zamansa o «uzaq yaşıl ada»ya qovuşa biləcəyikmi? Buna bir insan ömrü yetərlidirmi?

Bütün emosiyaları bir kənara qoyub, suallarıma cavab tapmaq üçün adi bir hesablama apardım. Nəticələr gözlənilməz oldu. Siz də tanış olun:
Antik demokratiyanın vətəni Yunanıstandır. Bakıdan bu ölkənin paytaxtı qədim Afinaya qədər isə 2320 km. məsafə var. Əgər demokratiyanın qədim modelinə doğru gediriksə və bu uzun yolda hər beş ildə yalnız bir addım (əgər Elman Türkoğlunun addımları ilə ölçsək, təqribən bir metr) irəliləyə biliriksə, onda bizə nə az, nə çox, düz 11 milyon 600 min il vaxt lazımdır. Yox, əgər eyni sürətlə, çağdaş demokratiyanın ixracatçısı ABŞ-ın paytaxtı Vaşinqtona üz tutmuşuqsa, onda 9900 km. məsafə qət etməliyik. Bunun üçünsə zavallı Azərbaycan xalqının 49 milyon 500 min illik bir zamana ehtiyacı var.
Dəhşətdən biz-biz durmuş saçlarınızı ovcunuzla arxaya darayın- bu, hələ hamısı deyil, hesablama davam edir.
Bəllidir ki, nə qədər cəlbedici görünməsindən asılı olmayaraq, Azərbaycan heç bir vəchlə Afina demokratiyasını arzulamazdı. 11 milyon 600 min il demokratiya uğrunda can qoyasan, amma sonda gözlərini açarkən özünü arzuladığın cənnətdə deyil, şəkli tarix kitablarından bizə tanış olan hansısa yunan müharibəsinin tən ortasında görəsən. Heç də xoş sonluq deyil. Amerika isə çox uzaqdır. Onda nə etməli? Təklif edirəm ki, yunan demokratiyasına deyil, yunan Pifaqorun məşhur düsturuna istinad edək. Bakı-Afina-Vaşinqton adlı nəhəng və virtual üçbucağın hündürlüyünü tapaq. Deməli, Bakı bucağından Afina ilə Vaşinqton arasındakı məsafənin tən ortasına doğru xəyali bir xətt uzadırıq. Baxaq görək, tapdığımız nöqtə hara düşür: Atlantik okeanının Azor adalarına. Niyə məhz Azor? Bu, bir təsadüfdür, yoxsa mistika? Bəlkə Azər və Azor sözlərinin oxşarlığında hansısa gizlin bir sirr var? Məncə, Azor qədim Azər tayfalarının gələcək vətənidir, ya da əslimiz-kökümüz ordandır. Nə fərqi var? Əsas odur ki, Bakıdan Azor adalarına qədər olan 6 000 km məsafəni nə təhərsə qət etməliyik. Bunun üçünsə 30 milyon il vaxt lazımdır!!! 30 min era! Dəhşət!!! Hətta dinozavrların insana çevrilməsi üçün bu qədər vaxt lazım olmamışdı!
Saçlarınızı bir daha arxaya darayın- hələ bu da hamısı deyil.
Görəsən, 30 milyon ildən sonra ümumiyyətlə, Yer kürəsi öz yerində olacaqmı? Alimlərin hesablamaları göstərir ki, tədricən öz orbitindən uzaqlaşmaqda olan planetimiz bu müddət ərzində tamamilə məhv olacaq. Belə çıxır ki, Azərbaycan xalqı bu dünyadan nakam köçəcək.
Onda nə etməli? Bax, Lenini burda ağlamaq tutmuşdu...

16-09-2006

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

против солнца