Biz xırda insanlarıq

Cəfər Cabbarlının "Aydın"ı üzərində...

Bazar günü Kamera Teatrında Cəfər Cabbarlının "Aydın" dramı əsasında hazırlanmış eyniadlı tamaşanın təqdimatını izlədim.
Hər kəsə də izləməyi məsləhət bilirəm.
Günümüzdə belə, için-için yaşadığımız acı bir faciə.
35 yaşında həyatı sirli şəkildə yarıda qırılmış sonuncu böyük dramaturqumuz sanki özündən sonrakı bütün Azərbaycan AYDINlarının taleyini yazıb getmiş.
Mikayıl Müşviqin, Əli Kərimin, Asif Atanın... taleyini.
Hətta quruluşların, ideologiyaların bir-birini əvəz etməsi belə, bu taleyi dəyişmir.
Ən dəhşətlisi isə oydu ki, tamaşadan sonra evə gəlib
televizoru açanda ANS-in “Divan”ında “Cəfər Cabbarlı dahidirmi?” deyə bir sorunun dartışıldığına şahid oldum. Cəfəri ittiham edirdilər...
Bir müddət öncə isə dramaturqun qızı televiziyada hansısa verilişə çıxıb jurnalistlərdən Cəfər Cabbarlının dini baxışlarını qabartmamağı xahiş edirdi. Qəfil bu məqamı xatırladım...
Cəfər qızı tərəfindən də tərk edilmişdi...
... Sən demə Cəfər həm də öz taleyini yazıbmış.
Məni ağrıdan da budur- qadınlarımız AYDINların ağırlığını çəkə bilməyəcək qədər zəifdirlər.
İstisnalar həmişə var, mübahisə etmirəm, amma böyük mənada həqiqət budur ki, budur!
Əlbəttə, Azərbaycan kişisi də o qədər böyük deyil, inanmıram ki, eyni şərtlər qarşılığında onlar da bir AYDIN qadınımızın yükünü çəkə bilə. Amma toplumumuz kişi mərkəzli olduğundan bu sorun daha çox birinci variantda üzə çıxır.
Bir əsrə yaxındır ki, hər bir AYDIN səhəri tərkedilmə qorxusuyla açır. Yuxudan dəli kimi ayılır, qorxur ki, artıq GÜLTƏKİN onu tərk etmiş olar.
... Və günün birində doğrudan da Gültəkin AYDINı tərk edir, onu Dövlət bəyə (yəni var-dövlətə), rahat yaşama satır.
Bu, bir sevgi dramı deyil, maddi və mənəvi dünyaların konfiliktidir.
Bu, Azərbaycan insanının kiçiklik tarixidir.
Bu, “nədən bizdə böyük insanlar doğulmur, yaranmır” sualının cavabıdır.
Bu, hər addımda xəyanətlə üzləşə biləcək Azərbaycan AYDINınən taleyidir.
... Elə problemlər var ki, onları danışmaqla, yazmaqla həll eləmək olmur. Onlar yaşanmalıdır, onların həlli toplumun, fərdlərin içindən gəlməlidir.
Yoxsa, uf demədən Azərbaycan qadını böyük deyil yazardım. Amma Azərbaycan kişisinin də yaltaq, qorxaq və ələbaxımlı olması faktını qoyacaqlar qarşıma. Başlayacaq sonu olmayan mübahisələr. Nə deyim, əslində haqlıdırlar. Bəs nə etməli?
Bəlkə kişili-qadınlı birgə düşünək bu sualın ətrafında:
Necə edək ki, Azərbaycan insanı daha böyük olsun?
... Amma birgəlikdən əvvəl hər kəs bu sualı həm də özünə verməlidir məncə...

10-12-2007

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца