Bakını necə xilas edək?

Keşmiş SSRİ-də öz tarixi aurası ilə seçilən paytaxtlar o qədər də çox deyildi. Kiyev, Tbilisi, Bakı... İndi bu şəhərlərin hər biri müstəqil ölklərin paytaxtlarıdır. Bu şəhərlərə tez-tez xarici qonaqlar, turustlər, diplomatlar gəlir. Onların bu ölkələr haqqındakı ilkin təsəvvürləri də elə bu paytaxtlar əsasında formalaşır. Bəzən hətta avtomobil kortejlərinin pəncərəsindən görünən mənzərə ilə...
İstər Kiyev, istərsə də Tbilisi tarixi simalarını, mədəniyyətlərinin göstəricisi olan memarlıq abidələrini bu gün də qorumaqda, paytaxtın genişlənmə və inkişafı planlarını isə şəhərkənarı ərazilərin hesabına gerçəkləşdirirlər. Bəs Bakıda?
Azərbaycanın paytaxtında baş verənləri kiçik detallarına qədər sadalamağa ehtiyac yoxdur. Çünki bunu hər birimiz və hər gün görürük. Bunlar bəs deyilmiş, indi neft milyardları hesabına bir çox fantastik layihələrin də həyata keçirilməsinə hazırlaşırlar. Bir neçə ildən sonra Bakı bütün görünüşüylə ərəb şeyxlərinin kef məskəninə çevrilən Dubaya bənzəyəcək.
Amma bu da insafsız bənzətmə oldu. Dubayın özündə belə pinti və ştamp 16 mərtəbəli qutu binalar yoxdur. O binaları necə və harada gəldi tikmirlər.
Bir sözlə, Bakı öz tarixi simasını, aurasını sürətlə itirir. Artıq bu şəhərin böyük bir mədəni keçmişin, sivilizasiyanın daçıyıcı sıolduğunu söyləmək çox çətindir. Bir zamanlar atəşpərəstliyin paytaxtı olan, həmin dövrdən və sonrakı dönəmlərdən qalan abidələri ilə diqqət mərkəzində olan Bakını neft milyardları udmaqda, tarixi keçmişini məhv etməkdədir.
Dəfələrlə deyilib, qoy bir dəfə də mən deyim. Axı Bakı neft bumu ilə ilk dəfə deyil ki, üz-üzədir. Hələ 19-cu əsrin sonları və XX əsrin əvvəllərində də Bakı öz neftiylə dünyanın diqqət mərkəzinə idi. Qısa zamanda Bakı milyonçular şəhərinə çevrildi. Amma o zaman bu milyonçuların tikdirdikləri mülklər, mədəniyyət ocaqları və digər memarlıq nümunələri bu gün də fəxrimizdir. Bəs yüz il sonra azərbaycanlılar bu günkü Bakıdan qalan hansı memarlıq abidələri ilə fəxr edəcəklər? Bu eybəcər 16 mərtəbələrləmi? O binaların hətta 20-30 il dözməyəcəyini mıəmurların özləri də yaxşı bilir. Onların bir gün uçması üçün heç zəlzələyə də gərək olmayacaq.
Günün sualı budur: Bakını necə xilas etməli? Onu naşı əllərdən necə qutarmalı, rüşvətxor məmurların eksperiment meydanına çevrilməsi prosesini necə saxlamalı?
Məncə, Bakını qorumaq naminə gec də olsa geniş ictimai kampaniyalara başlamaq lazımdır. Sonra çox gec olacaq.
Bir dəfə bir taksi sürücüsü mənə dedi: "Biz gec-tez Qarabağı alarıq, hələ o tərəfə də keçərik. Bakını isə geri ala bilməyəcəyik".
Doğru sözə nə deyəsən?

09-05-2008

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца