Azərbaycanda yeni qüvvə axtarışları

Azərbaycanda siyasi böhran var. Zahiri sabitlik aldadıcıdır. Bu sabitlik hər an çat verə, yerini idarəolunmaz bir xaosa buraxa bilər. Ölkədə ifadə azadlığının bunca “blokadaya alınması”, alternativ düşüncənin bunca təzyiq altında saxlanılması sonunda bu enerjinin haradansa partlayıb üzə çıxmasına səbəb olacaq. Bunu anlamaq çətin deyil. Tarix buna nümunələrlə doludur.

Tarixin daha bir dərsi də budur ki, heç bir avtoritar idarəetmə üsulu, heç bir diktator, heç bir cəza mexanizmi bütün insanları bir düşüncə nöqtəsi ətrafında tutacaq gücdə deyil. Nə Neronun, nə Stalinin, nə Hitlerin səltənəti, hakimiyyəti əbədi ola bilmədi. Tarixin təbii axarını yubada bilərsən, dəyişməyi isə bacarmayacaqsan. Bu sadə qənaəti anlamayacaq qədər varmı Azərbaycan hakimiyyəti?

Əslində iqtidarın indiki daxili siyasəti həm hakimiyyəti, həm də Azərbaycanın gələcəyini tezliklə ciddi problemlərlə üzləşdirəcək.

İqtidarın daxili siyasətinin bir neçə əsas aspektinə diqqət edək:

1. Hakimiyyətin dini siyasəti doğrudurmu?

Hakimiyyət uzun müddətdir ki, öz gücünü bütünlükdə ölkədə demokratik proseslərin inkişafını durdurmağa yönəldib. Müxalifət qəzetləri, partiyalar, partiya funksionerləri satın alınıb, ölkədə ənənəvi müxalifət tamlıqla hakimiyyətin nəzarətinə keçib. Sadə insanların, narazı elektrotatın demokratiyaya inamları sarsılıb. Bir çoxlarının alternativ axtarışları arzuolunmaz nəticələrə gətirib çıxarıb.
Ən gülməlisi odur ki, hakimiyyət öz əliylə yaratadığı bu situasiyadan doğan nəticələrə hazır deyil.
Belə ki, son 10 ildə xarici dövlətlərin dini və kəşfiyyat qurumları yaranan boşluqdan şox ustalıqla yararlanıblar. Azərbaycanda İran, Türkiyə, Səudiyyə Ərəbistanın dini missionerlərinə, xüsusi xidmət orqanlarına bağlı olanların sayı sürətlə artır. Bu gün həmin qüvvələr artıq açıq şəkildə özlərinia bəyan etməkdən, bir qüvvə kimi duyurmaqdan belə çəkinmirlər. Təkcə Azərbaycanın internet məkanında sadə bir monitorinq aparmaq yetər ki, İrana bağlı neçə internet saytının yarandığını və hansı propaqanda ilə məşğul olduqlarını görəsən.
Eynilə Rusiya, İsrail, Türkiyə, ABŞ mərkəzli qüvvələrin də sayı artmaqdadır.

Azərbaycan hakimiyyəti əsasən keçmiş kommunistlər və atesitlərdən ibarət olduğu üçün, onların İslama münasibəti müsbət deyil. Hər nə qədər bunu gizlətməyə çalışsalar da, atdıqları addımlardan niyyətlərini anlamaq çətin deyil. Azərbaycan əhalisinin mütləq çoxluğu müsəlmandır.

Buna görə də dövlətin aydın bir dini siyasəti olmalıdır. Başqa sözlə, dövlət öz dininə özü sahib çıxmalıdır. Bunu etmədikcə insanların səmimi dini duyğularından kənar qüvvələr bəhrələnəcək. Təsadüfi deyil ki, Azərbaycanda heç bir tarixi ənənəsi olmayan müəyyən İslami cərəyanlar (sələfilik, nurçuluq və s) Azərbaycanda qısa müddət ərzində çoxsaylı tərəfdarlar toplaya bilib.
Sələfiliyin radikal qanadı isə Azərbaycanın Əfqanıstana, İraqa çevrilməsi üçün tam gücü ilə çalışmaqdadır.
Azərbaycan hakimiyyəti isə əvəzində nə edir?

Doğrudanmı orta məktəblərdə hicab qadağası qoymaq, zorla vəhhabilərin saqqalını qırxmaq çıxış yoludur?

Son illər radikal vəhhabilərin həbslərinin artması bir daha sübut edir ki, bütün bunlar çıxış yolu deyil. Çünki əvvəl-axır o gənclər Azərbaycan vətəndaşlarıdır. Onların məhv olan gəncliyinə, həyatlarına görə isə ilk növbədə məsuliyyəti məhz hakimiyyət daşımalıdır.

Hakimiyyət nə etməlidir? Ölkənin sağlam İslam aydınlarını toplayaraq, aydın bir dini konsepsiya işləməli və onu əməldə yerinə yetirməlidir.

İslam Universiteti modernləşməli, kadr hazırlığına ciddi diqqət yetirilməlidir. Hər il minlərlə gənci İran, Türkiyə və ərəb ölkələrinə dini təhsil üçün göndərmək əvəzinə onların daxildə hazırlanmasına üstünlük verilməlidir.

Ölkədəki məscidlərin də məhz bu şəxslərin idarəçiliyinə verilməsi təmin edilməlidir. Orta məktəblərdə də dinin daha dolğun tədrisini təşkil etməyin zamanıdır.
Ümumiyyətlə, təhsil tamamilə modernləşdirilməli, dərsliklər yeni dövrün tələblərinə uyğun hazırlanmalı, kadrların hazırlanmasına və ixtisasartımına diqqət yetirilməlidir.
Təkliflərin sayını artırmaq da olar. Əsas məsələ prosesi başlamaq və vacib qərarları aidiyyatı qurumlar və dini ekspertlərlə birgə qəbul etməkdir.

Bu yerdə bir məqama da toxunmağı lazım bilirəm. Bəzi dostlarımız təklif edir ki, dinə qarşı mübarizə aparmaq lazımdır. Mən isə Türkiyə və Sovet İttifaqının təcrübəsini göz önünə alaraq, bilirəm ki, dinə qarşı yox, dindən sui-istifadəyə qarşı mübarizə aparılmalıdır. İslamı toplumun inkişafında əsas faktorlardan birinə çevirmək lazımdır. Bu mənada Azərbaycan İslam dünyasında bir ilkə imza atmış ola bilər. Necə ki, ABŞ-ın inkişafında dinin böyük funksional payı var.

2. Hakimiyyətin alternativ düşüncəyə qarşı sərt mübarizəsi

Yuxarıda YAP hakimiyyətinin son 15 ildə demokratik qüvvələrə qarşı sistemli mübarizəsinə toxunduq. Ölkədə bu sahədə vəziyyət hətta sıravi vətəndaşa da tam çılpaqlığı ilə bəlli olduğu üçün, yalnız bəzi məqamlara toxunmaqla kifayyətlənəcəyəm. Əgər mərhum Heydər Əliyev hakimiyyəti qorumaq üçün, müxalifəti nə qədər sıxırdısa da, onu tam boğmurdu. Müxalifətin istər icazəli, istər icazəsiz aksiyalar keçirməyə imkanı vardı. Müxalifət qəzetləri indiki kimi ayrı-ayrı məmurlar tərəfindən satın alınmamışdı. Dövlət baçşısı müxalifət mətbuatının rəhbərlərini də bir neçə dəfə qəbul etməklə, həm də bir mesaj vermiş oldu.

Amma bu gün bunun tam tərsini görürük. Heydər Əliyevin vəfatından sonra əl-qolu açılan məmurlar indiki prezidenti çox asanlıqla öz avantüralarına inandıra biliblər. Müxalifət iflic vəziyyətdədir. İfadə azadlığı tam məhdudlaşdırılıb. Prezidenlik institutu əbədiləşdirilib. Heç bir alternativ düşüncəyə yaşam haqqı tanınmır. Siyasi rəqabət ruhu öldürülüb.

Belədə narazı elektrotat bəs hara yönəlsin? Özünü harda və necə iafadə etsin?

Müşahidələr göstərir ki, son illər gənclər müxalifət partiyalarına üzv yazılmağa, onların sıralarına qoşulmağa üstünlük vermir. Bu gənclərin bir qismi sadəcə gözləmə mövqeyindədir, ya da fərdi çalışmalara üstünlük verir. Onlar haqqında az sonra danışmalı olcağıq.

Gəncliyin digər qismi isə heç bir digər alternativ olmadığına görə, yuxarıda bəhs etdiyimiz dini missionerlərin təsiri altına düşür.
Necə deyərlər, hakimiyyət problemi özü yaradır, sonra da bu problemin nədən yarandığını anlamadan, çaçqın, tələsik addımlaq atır.

Əgər hakimiyyət siyasi rəqabət mühitinin yenidən yaranmasına, demokratik təsisatların inkişafına imkan verməsə, fəlakət qaçınılmaz olacaq.
Bundan əalvə, məmur kapitalizminə son vermək, azad iqtisadi mühitin formalaşmasına təkan vermək lazımdır. Ona görə ki, demokratik təsisatların inkişafı həm də azad istisadi mühitdən asılıdır. Əgər ölkədə müstəqil maliyyə gücləri yoxdursa, deməli demokratiya da olmayacaq. Əgər indiki kimi müxalifət partiyalarının büdcəsi məmur cibindən asılı olacaqsa, onda siyasi proseslər yenə də tamaşa olmaqdan o yana keçməyəcək.


3. Yeni qüvvəni hardan gözləməli?

Bir köşə yazısının imkan verdiyi qədər Azərbaycanın indiki siyasi böhranının əsas səbəblərindən, gözlənilən nəticələrindən danışmağa çalışdım.

İndi isə vəziyyətdən çıxış yolu kimi, daha bir neçə təklifimi vermək istəyirəm. Öncədən deyim ki, bunlar subyektiv fikirlərimdir və müzakirəyə açıqdır. Daimi oxucularımızın və maraqlı şəxslərin aktiv münasibət bildirəcəyinə və birlikdə ortaq bir həll tapacağımıza ümid edirəm.

Qeyd etdiyim kimi, bu gün Azərbaycanda gözləmə mövqeyində olan, istər QHT-lərdə, istərsə də fərdi qaydada çalışmalara üstünlük verən çoxsaylı gənclər ordusu yetişib. Onlar nə müxalifət, nə də iqtidar partiyasında təmsil olunmurlar. Böyük əksəriyyəti intellektual və potensiallı gənclərdir. Kimdir bu gənclər?
Müxtəlif tələbə təşkilatlarında, gənclər qurumlarında olanlar, xaricdə təhsil alıb ölkəyə qayıdan çoxminli gənclər, QHT sektorunda çalışanlar və s. Bunlara müxalifət partiyalarında olan azsaylı səmimi gəncləri də əlavə edək. Bu gənclərin bu gün yeganə problemi aydın bir ideya, parlaq lider ətrafında təşkilatlana bilməmələridir.

Fikrimcə bu gənclərlə dini çevrələrə qoşulmuş, sağlam düşüncəli vətənpərvər, ölkədə gerçəkdən islahatlar və dəyişiklik istəyən gənclər arasında körpü rolunu oynaya biləcək aydın bir konsepsiyaya və bu konsepsiyanı həyata keçirə biləcək liderə ehtiyac var.

Hələ ki, bu gün belə bir lider yoxdur. Amma bu, sabah da olmayacaq anlamına gəlmir. Proses əvvəl-axır bu lideri yetişdirəcək. Yeni təşkilatlanma uğurlu qurulsa, qısa zamanda 10 minləri ətrafına toplaya biləcəyini düşünürəm. Bu gün proqnozum fantastik görünə bilər, amma bu, tamamilə realdır. Yetər ki, bioqrafiyası təmiz, fikri aydın və lider xususiyyətlərinə malik səmimi bir şəxs uğurlu təşkilat modeli qura, ortaq ideoloji konsepsiya yarada bilsin. Sonrası artıq prosesin işidir.

08-04-2009

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца