Antiseminar!

Qərb fondları 20 ilə yaxındır ki, istər özləri, istərsə də yerli təşkilatların əli ilə Azərbaycanda saysız-hesabsız seminarlar keçirir. Bizə demokratiyanı, insan haqqlarını, qadın azadlığını, seçki və dartışma kültürünü, sivilizasiyaların dialoqunu anladırlar guya.
Bu seminarların bir aşağılayıcı tərəfi də var.

Yəni biz meşə insanıyıq, bütün bunların nə olduğunu bilmirik. Bizə bunlar öyrədəcəklərmiş filan-filan şeyləri.

Biz Şərqdə ilk demokratik respublikanı quranda, qadınlara səs hüququ verəndə, insanların bərabərliyini elan edəndə hələ bir çox Qərb ölkələrində bütün bunlar yalnız xoş bir yuxu idi. ABŞ-da zəncilərin hüququ hələ dünən tanınıb, amma onlar gəlib bizə insan bərabərliyindən seminar keçirlər.
Nizami "İsgəndərnamə"də azad və ədalətli toplumu təsvir edəndə, Qərb alimləri hələ Yerin fırlanıb-fırlanmadığı üzərində baş sındırırdı.

Yox, mən heç də cərgəmi və ya ideoloji baxışlarımı dəyişməmişəm. Bu gün Azərbaycanda necə bir sitemin hakim olduğunu və bu rejimin insan azadlıqlarını saymazdan gəldiyini unutmamışam. Amma problem heç də meşə insanı olmağımızda və ya demokratiyadan xəbərsizliyimizdə deyil. Sözüm odur ki, Qərb fondları yanılır. Ya da işlərini bilərəkdən belə tutublar. Bu yanaşma bir toplum olaraq özümüzə, gücümüzə, potensialımıza inamı sarsıtmaqdan başqa heç nəyə yaramır!

1988-ci ildə, 1991-də, 93-də, hətta 98-də də bu gün olduğundan daha inamlıydıq.

Sonra hakimiyyətlə yanaşı Qərb də bizi aşağıladı.
İndi biz demokratiyanı nəsə yad, uzaq, bizə aid olmayan bir anlayış kimi təsəvvür edirik az qala.
Əslində isə belə deyil.

Lap dərinə gedəndə istər hakimiyyətdəkilər, istər müxalifətdəkilər, istər adi vətəndaşlar demokratiyanın nə olduğunu gözəl bilirlər. YAP-ın nizamnaməsi də demokratiyadan danışır, Səyavuş Novruzov da.

Ramiz müəllim isə demokratiya ilə bağlı qalın kitabların müəllifidir.
Bəs problem nədədir? Bəs niyə hamının haqqında danışdığı, hamının bütün cikinə-bikinə bələd olduğu bu demokratiya bizdə yoxdur?
Ona görə ki, səmimi deyilik!

Min ilərdi ki, yalan danışmağı pisləyir, yalançıları lənətləyirik. O günü son zəngə hazırlaşan 11-cilərdən birinin Xatirə dəftəri əlimə keçib. Dəftəri öz ürək sözləriylə dolduran şagirdlər bir ağızdan "ən nifrət etdiyin şey" qrafasının qarşısına "Yalan!" cavabını yazmışdılar. Amma bu zavallıların da ömrü bizlər kimi yalan içində keçəcək. Həm özləri yalan danışaq, həm də başqalarından eşidəcəklər. Biz beləyik, dərdimiz seminarlıq deyil.

Hamı bilir ki, oğurluq eləmək olmaz, amma edirik.
Hamı bilir ki, halal çörək yemək lazımdır. Amma haram üşün sinov gedirik.
Hamı bilir ki, kişi kimi yaşamaq lazımdır, amma arvad-uşaq arxasında gizlənirik.
Demokratiyaya da yanaşmamız belədir.
Bizim üşün bütün dəyərlər aşınıb! Ölüb...
Odur ki, seminarlar məndə yasxana təəssüratını yaradır.

Bizə seminarlar lazım deyil, qərbli arkadaşlar. Bizə səmimiyyət verin... Bizimlə səmimi olun!
Hakimiyyətə dəstək, bizə seminar verməklə, səmimiyyəti pozmuş olursunuz.

Sonda sözüm oxucularadır. Dostlar, demokratiya yad planetlilərin gətirdiyi virus, herkellərin, qrossların sənə sırıdığı kitayski mal deyil. Bizim ataların-babaların uğrunda vuruşduğu, qan tökdüyü, sahib çıxdığı bir dəyərdir! Bu mirasa sahib çıxmaq isə bizim borcumuzdur!
Demokratiya öz dəyərimizdir, öz haqqımızdır, öz qan yaddaşımızdır.
Ona, respublika dəyərlərinə, 28 maya sahib çıxın...
Və seminarlara deyil, özünüzə qayıdın!

24-05-2009

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

против солнца