5-6 uşaq...

Biz həmişə "5-6 nəfər" olmuşuq. 10 il əvvəl də, indi də. Bir vaxtlar hakimiyyət də etiraz mitinqlərinə çıxan insanların sayını bu qədər göstərərdi. Bu gün eyni ifadələri "Dalğa", "Ol" kimi gənclər hərəkatları, "AN" kimi şəbəkələr haqqında işlədirlər: 5-6 uşaq...

Məsələ adamların sayında deyil, əlbəttə. Maraqlıdır ki, eyni adamlar daha sonra ölkədəki bütün problemlərin həllini də bu "5-6 uşaq"dan gözləyir. Yox, gözləmir, tələb edir!

Ölkədə normal seçki keçirilmir- "Dalğa" hara baxır? Prezidentlik instututu əbədiləşdirildi- "Dalğa" niyə bunun qarşısını almadı? ADNA-da baş verən qanlı olayda "Ol" harada idi? "AN" nədən küçələrə tökülüb aksiya etmədi?...

Başa düşürəm, müxalifətin bu və ya digər səbəblərdən əl-qolunun bağlı olduğu indiki mərhələdə kütlənin diqqəti az-çox fəal olan, ictimai proseslərə (siyasi yox ha!) təkan verməyə çalışan bu "5-6 uşağa" yönəlir. Belədə toplum bütün qara daşların altına onların çiyin verməsini istəyir. Əvəzində toplum özü nə edir? Seriala baxır, çayxanada qeybət edir, köşə yazır, pivə içir...

Biz azərbaycanlıların köhnə peşəsidir: hamı hər işlə məşğuldur, amma heç kim konkret bir işlə məşğul deyil. Baxırsan ki, adam guya siyasətçidir, amma qəzetlərdə donuz qripindən tutmuş, kolbasa sexinə qədər- bütün mövzularda şərh verir. Təki adı çəkilsin... Əslində toplumun tələbatı da bunadır. Kütlə və onun boz nümayəndələri hamıdan hər şeyi tələb etməyi sevir. Müsavatın, AXCP-nin, VHP-nin, nazirliklərin, hətta JEK-lərin görməli olduğu işi "5-6 uşaq"dan tələb edir.

Həm də təkcə tələb etmir, hələ yol da göstərir: belə et, elə et...
Kütlə həmişə eybəcər olub. Kütlə həmişə güzgüyə baxmaqdan qorxub. Baxsaydı, özünə də sual verər, özündən də tələb edərdi. Etmir. Ona "mız" qoymaq daha rahatdır.

Ölkədə etiraz enerjisini öldürən yalnız hakimiyyət deyil. Həm də kütlədir. Çünki öz içində bu enerji yoxdur. Kimin də azacıq başını qaldırdığını, tərpəndiyini görsə, onu basıb əzmək, çığnamaq istəyəcək. Belə bir manyakdır bizim əziz, sevimli, mənasız və boz kütləmiz.

Nə yaxşı ki, bu "5-6 uşağın" başını hələ yeyə bilməyiblər. Nə yaxşı ki, hamının "hır-hır" və "zır-zır"la məşğul olduğu indiki vaxtda onlar nəsə etməyə çalışırlar. Nə yaxşı ki, yatıb-durub bəziləri kimi indeyski xəyallar quran bataqlıq romantiklərinə çevrilməyiblər.

Bir gün bu "5-6 uşaq" - sonuncu cərgəmiz də basılsa...

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

против солнца