10 il sonra Azərbaycan necə olacaq?

10 il sonra Azərbaycan necə olacaq? Bu suala cavab vermək asan deyil. Heç mənim də falçılıq eləmək fikrim yoxdur. Hər halda bu gündən baxdıqda 10 il sonranın bəzi konturlarını görmək elə də çətin deyil.

Başlayaq təhsildən. Ola bilsin o zaman Azərbaycanın bütün məktəbləri kompüterlə təmin olunacaq. Azərbaycan məktəblisi, gənci internetdən daha səmərəli istifadə etməyi bacaracaq. Amma təhsil sistemi yalnız kompüterdən ibarət deyil. Geniş mənada heç bir kardinal dəyişiklik baş verməyəcək. Dərsliklər elə bu günkülərin tayı, bəlkə də eynisi olacaq. Təhsildə rüşvət və korrupsiya da olduğu kimi qalacaq. Deməli, bu sistemin yetişdirdiyi "kadrlar"ın böyük çoxluğu eynən bu günki kimi topluma yararsız olacaq.
Təhsil naziri Misir Mərdanov olmasa da - yox, sistem eyni üsullarla işləyəcək. Çünki Azərbaycanın təhsil sisteminin 10 il sonra tam fərqli, modern və topluma yararlı ola bilməsi üçün lazım olan islahatlar bu gün, bəlkə də dünən başlamalıydı. Amma başlamayıb.

İqtisadiyyatdan danışaq bir az da. Ölkədə monopoliya və məmur oliqarxiyası daha kəskin və qabarıq şəkildə hökm sürəcək. Çünki təhsildə olduğu kimi, iqtisadiyyatda da radikal islahatların izi-tozu görünmür. Az-çox kağız üzərində olan qanunlar isə işləmir. Azad iqtisadiyyatın, orta təbəqənin formalaşması üçün heç bir ciddi addım atılmır. Bank sektoru formalaşmayıb, kredit və qiymətli kağızlar bazarı yoxdur. Fiziki şəxslərin öz biznes ideyalarını gerçəkləşdirə bilmələri üçün münbit şərait, azad rəqabət mühiti və dövlət dəstəyi yoxdur. Bu günlərdə rəsmi saytı açılan Sahibkarlara Yardım Fondunun hesabatlarını incələdikdə isə adam dəhşətə gəlir. Bu fonddan hansısa kredit ala bilmək üçün insana uzun ömür və can sağlığı lazımdır. Bəzən isə bu da bəs etmir. Gərək ən azından İqtisadi İnkişaf Nazirliyindəki yüksəkçinli məmurlarla sıcaq tanışlığın, qohumluğun və ya ortaq maraqların olsun. "Şapka" haqqında dolaşan xalq rəvayətlərini isə hələ bir kənara qoyaq. Vergi sistemində, gömrükdə, neft sektorunda baş verənləri də bilirik. Deməli, bu təməllər üzərində qurulan iqtisadiyyatın 10 il sonra necə olacağını təyin etmək üçün "Şöhrət" ordenli ağsaqqal olmağa ehtiyac yoxdur.

Hüquq və məhkəmə sisteminin düzələcəyinə də ümid bağlamaq səfehlik olardı. Adi bir misal deyim. Son vaxtlar test üsuluyla seçilən və vəzifəyə təyin olunan hakimlər belə, rüşvət alır, tapşırıqla qərarlar qəbul edir. Deməli, problem yalnız siyasi hakimiyyətdən yox, həm də insanlarımızın mahiyyətindən qaynaqlanır. Bu barədə yazılarımın birində ətraflı yazdığım üçün üzərində çox dayanmaq istəmirəm.

Mətbuatımız, seçki sistemimiz, televiziyalarımız hakimiyyətin cibindədir. Vətəndaş cəmiyyəti yoxdur. Hakimiyyətin nəzarətində olmayan heç bir maliyyə resursu qalmayıb. Sadaladığım və sadalamadığım bəlli problemlərin fonundan baxdıqda, Azərbaycanın 10 il sonrakı mənzərəsini nikbin notlarla təsvir etməkdə çətinlik çəkirəm.

Tanıyanlar bilir ki, sinik və pessimist ruhlu biri deyiləm. Amma fakt da faktlığında qalır.
Bəs 50 il sonra Azərbaycan necə olacaq- bu gün məni diksindirən sual əslində budur.
Yeri gəlmişkən, 10 il sonra mənim 45 yaşım olacaq, 50 il sonra isə həyatda olmayacam.

02-03-2009

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца