Zahir Əzəmət: "Artıq Azərbaycanın da öz "Nobel"i var"

"Mədəniyyət" qəzeti, 8 fevral 2008.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı “Mədəniyyət” qəzeti www.kultaz.com- mədəniyyət saytının rəhbəri Zahir Əzəmətlə müsahibə dərc edib. Müsahibəni diqqətinizə təqdim edirik.

- Ötən ilin ortalarında Azərbaycan internet məkanında ilk mədəniyyət portalının əsasını qoydunuz. Sizcə layihə uğurlu alındımı?

- Məncə uğurlu alındı. Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bunun qarşılığında isə milli internet məkanında anadilli mənbələrin sayı çox azdır. Xüsusən, mədəniyyət sahəsində ciddi boşluq var. Halbuki digər postsovet ölkələrində təkcə mədəniyyətə və ədəbiyyata aid saytların sayı yüzlərlədir. Kultaz-ı yaradanda uğurlu layihə olacağına əmin idim və gözləntilərim özünü doğrultdu. Hazırda saytımız günlük internet qəzet kimi fəlaiyyət göstərir, sabit oxucu auditoriyası var. Hər gün Azərbaycanda və dünyada baş verən ən maraqlı mədəniyyət hadisələrini oxucularımızın diqqətinə çatdırırıq. Ədəbiyyat, teatr, kino, müsuqi, foqtoqrafiya, rəssamlıqla bağlı maraqlı yazılar, müsahibələr, araşdırmalar təqdim edirik. Əgər gün ərzində 400-500 insan informasiya əldə etmək üçün saytımıza baş vurursa, bu, Azərbaycan reallığında ciddi rəqəmdir. Kultaz maarifləndirmə işini görür əslində. Saytımızın Kitab blogunda yüzə yaxın müəllifin əsərlərindən ibarət elektron kitabxana fəaliyyət göstərir. Yeni çıxan kitablarla bağlı xəbərlər verir, onların təbliğatını qurur, satışına yardım edirik. Eyni məqsədlə saytın Fəlsəfə blogunu da qurmuşuq. Bütün bunlar Azərbaycan internet məkanı üçün yeni hadisələrdir.

- Bir çoxları interneti "kitabın düşməni" adlandırır. Deyirlər ki, gənclər kitab oxumağı deyil, interneti seçirlər

- Doğru yanaşma deyil. İnternetin vətəni olan ABŞ kitab oxuma göstəricilərinə görə, dünyada birincidir. Texnologiyanın yüksək inkişaf etdiyi digər Qərb ölkələrində də bu faiz xeyli yüksəkdir. Sadəcə, bayaq dediyim kimi, Azərbaycanda internet istifadəçisi üçün anadilli ciddi mənbələr yox dərəcəsindədir. Əksinə, internetin imkanlarından istifadə edərək, kitabı, mədəniyyəti təbliğ etmək olar. Necə ki, biz bunu edir və nəticəsini də görürük. “Azərbaycanda kitab niyə az oxunur” sualının isə cavabı başqadır. Bu, artıq başqa söhbətin mövzusudur.

- Sizin kimi başqa saytlar da varmı?


- Az da olsa var. Bizdən az sonra www.lit.az - ədəbiyyat saytı fəaliyyətə başladı. Çox peşəkar saytdır. Biz dərhal onlara dəstək verdik, az sonra daimi əməkdaşlıq haqqında müqavilə də imzaladıq. Lit.az heç bir ədəbi quruma və qruplaşmaya daxil olmadan yalnız ciddi ədəbiyyatın təbliği ilə məşğuldur. Qısa zaman ərzində sanballı arxiv yarada bilib. Artıq bu saytın da zəngin elektron kitabxanası var. Əməkdaşlığımızın nəticəsi olaraq, bu günlərdə birlikdə "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi təsis etdik. Müsabiqə il uzunu iki mərhələdə keçirilir. Birinci mərhələdə yeni imzaların, gənc istedadların üzə çıxarılması və dəyərləndirilməsi aparılacaq, ikinci mərhələdə isə il boyu Azərbaycanda çap olunan ən yaxşı kitablar seçiləcək. Qaliblərin şəxsi saytları qurulacaq və qiymətli hədiyyələrlə təltif olunacaq. Onu da bildirim ki, qiymətləndirməni 5 nəfərlik nüfuzlu və peşəkar münsif həyata keçirəcək. Azərbaycanda bu miqyasda müstəqil ədəbi mükafatın təsis edilməsi ilk dəfədir. Fürsətdən istifadə edib, bildirim ki, müsabiqə haqqında əlavə məlumat üçün kultaz.com-a və lit.az- a baş vurmaq kifayətdir. Hər iki saytda müsabiqə haqqında ayrıca bloglar fəaliyyət göstərir. Orada şərtlərlə tanış olmaq mümkündür. İndidən müsabiqə haqqında xoş rəylər alırıq. Bir oxucumuzun sözüylə desək, artıq Azərbaycanın da öz "Nobel"i var.

- İnternet saytları əsasən əldə etdikləri reklam hesabına özlərini maliyyələşdirir. Bəs Kultaz?

- Təssüf ki, Azərbaycanda nə reklam bazarı, nə də milli burjuaziya hələ arzu olunan səviyyədə deyil. Ona görə də saytı yalnız öz şəxsi vəsaitimlə saxlamağa çalışıram. Əlbəttə, reklam əldə edə bilsəydik, işimizi daha yüksək səviyyədə qura bilər, sanballı kollektiv qurardıq. Hazırda isə saytın kollektivi yoxdur, yalnız mənim əməyim hesabına fəaliyyət göstərir. Çətin olsa da, sevdiyim işdir, peşiman deyiləm. İnanıram ki, gələcəkdə reklam da olacaq. Olmasa belə, Kultaz fəaliyyətini dayandırmayacaq. Məqsədimiz mədəniyyətə xidmət etməkdir, gəlir götürmək yox. Ümumiyyəylə, yaxşı olardı ki, dövlət bu kimi layihələr üçün tender elan edərək, ən yaxşılarına qrant ayırardı. Bu, ümumiişin xeyrinə olardı.

- İnternetlə bağlı daha hansı layihələriniz var?

- Yaxınlarda lit.az-la birlikdə daha bir neçə maraqlı layihəni başlamaq fikrindəyik. İstəyirik ki, rus və ingilis dillərində Azərbaycan ədəbiyyat saytlarını yaradaq, yazarlarımızı, ədəbiyyatımızı, mədəniyyətimizi xaricdə təbliğ edək, başqa ölkələrin nəşriyyatları ilə əlaqə yaradaq. İnanıram ki, bu layihəmiz də uğurlu alınacaq.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца