Sosial inqilaba doğru

Və ya FLASHMOB nədir?

I Kadr

Yaşadığın binanın ətrafını şəhər meri hansısa tikinti şirkətinə satıb. Yeni “qonaqlar” bir günün içində oradakı ağacları qırıb töküblər. Ətraf keçəlləşib. Bu dazlaşmanın təkcə sənin və sizin binanın başına gəlmədiyini bilirsən, ona görə də əsəbini boğmağa çalışırsan. Həm də düşünürsən: “Tək nə edə bilərəm ki? Onsuz da şikayətimə baxan olmayacaq. Hələ işdən də qovarlar. Gəl sonra ailəni dolandır...” Bu kimi fikirlərlə işə gedir, içində ani doğulmuş etirazı yerindəcə boğursan. Bir neçə gün belə keçir, artıq vəziyyətlə barışırsan. Hətta az qala düşünməyə başlayırsan ki, bəlkə də belə daha yaxşıdır, ətraf daha aydın seçilir və s.
Bir neçə gün sonra yenə blokdan çıxanda birdən gözün kəsilmiş ağacların yerində asfalt səkiyə təbaşirlə çəkilmiş ağac şəkillərinə sataşır. Heç nə anlamırsan. Bu nədir? Bunu kim edib? Çaşıb qalırsan. Avtobus dayanacağına qədər getdiyin yol boyunca eyni mənzərənin şahidi olursan. Səki boyu müxtəlif yerlərdə gah ağac, gah oturacaq şəkilləri. Bu şəkillər yadına kriminal verilişlərdə və filmlərdə gördüyün bir səhnəni salır: qətl hadisəsi baş vermiş yerdə meyitin düşdüyü vəziyyəti təbaşirlə belə cızırlar.
... Həmin gün iş yoldaşları da şəhərin müxtəlif yerlərində eyni mənzərənin şahidi olduqlarını danışacaqlar sənə...

II Kadr

Eyni gündə şəhərin müxtəlif yerlərində “Qazel” və avtobusların ilk dayanacağından marşurutlara özünə qara karandaşla bığ qoymuş, ağ köynəyinə qırmızı qalustuk şəkli çəkmiş, üzünə çox ciddi və fəlsəfi ifadə almış gənclər minir, boş yerlərdə oturur, yol boyu heç kim üçün ayağa qalxmır, bir-birini tanımırlarmış kimi davranır, deyinə-deyinə bir-bir dayanacaqlarda düşür və yollarına davam edirlər.

Oyun necə başladı?

Hər şey 2002-ci ilin oktyabrında ABŞ sosioloqu Hovard Reynqoldun “Ağıllı kütlə: növbəti sosial inqilab” (Smart Mobs: The Next Social Revolution) kitabının nəşri ilə başladı. Kitabda müəllif peyğəmbərcəsinə yeni çağ insanının təşkilatlanma üçün yeni kommunikasiya texnologiyalarından (məsələn, internet, mobil telefon və s.) istifadə edəcəyini xəbər verirdi. Beləliklə, “ağıllı kütlə” - smartmob anlayışı yarandı ki, bu da flashmob və bu kimi aksiyaların inkişafında əsas amilə çevrildi.
2003-cü ilin iyununda San-Fransiskodan olan Rob Zazueta Reynqoldun kitabını oxuduqdan sonra flocksmart.com adlı sayt yaradır və “ağıllı kütlə” texnologiyasına əsaslanmış əyləncə xarakterli aksiyalar təşkil etməyə çalışır.
İlk flashmob 2003-cü ilin iyununda Nyu-Yorkda qeydə alınır, amma bu, baş tutmamış aksiya hesab olunur. Çünki haradansa xəbər tutan polis buna mane olur. Amma təşkilatçılar 17 iyuna təyin etdikləri aksiyada bu problemdən yayınmağı bacarır və tarixə yeni səhifə yazırlar. Bu aksiyada təxminən 200-ə yaxın insan iştirak edir. Onlar “Macys” univermağının mebel şöbəsində çox bahalı bir xalçanın ətrafına toplaşaraq satıcıya, Nyu-Yorkda hansısa “şəhərətrafı kommunanın anbarında” birgə yaşadıqlarını və bu “Sevgi xalçası”nı almaq üçün gəldiklərini söyləyirlər.
Bu absurd aksiyanın effekti gözlənildiyindən də güclü olur. Artıq bir neçə gündən sonra anoloji aksiyalar bütün Amerika və Avropanı bürüyür. İki aydan sonra bu texnologiya keçmiş SSRİ respublikalarına da yol açır. Həmin ilin 16 avqustunda eyni anda Peterburq və Moskva dəmiryol vağzalına gələn bir qrup gənc əllərində anlaşılmayan sözlər yazılmış kağızlar tutaraq, qatardan düşənləri qarşılamağa gedirlər. Həmin gün Ukraynanın Kiyev və Dnepropetrovsk şəhərlərində də anoloji aksiyalar keçirilir. Bununla da MDB ərazisində flashmob öz inkişaf yoluna qədəm qoyur.

Absurdun təntənəsi

Reynqoldun kitabı Azərbaycan dilinə tərcümə edilməsə də, onu internetdən rus dilində tapmaq asandır. Amma bu kitabı oxumaq hələ hər şey demək deyil. Çünki praktiki olaraq Zazueta tərəfindən əsası qoyulan Flashmob aksiyaları bu bir neçə il ərzində o qədər sürətlə inkişaf edib ki, artıq çoxdan öz klassik anlamından uzaqlaşıb. Bununla belə, bütün bu aksiyaların məğzində “ağıllı kütlə” - smartmob ideyası dayandığına görə kitabı oxumağınız məsləhətdir. İlkin fəlsəfəsini anlamaq üçün “klassik flashmob”un da nə olduğunu nəzərdən keçirək.
Flashmob (ingiliscədən tərcümədə "ani kütlə") - əvvəlcədən planlaşdırılan kütləvi aksiyadır, aksiya zamanı bir qrup insan (mobber) qəfildən ictimai yerdə peyda olur, bir neçə dəqiqə ərzində ciddi görkəmlərini pozmadan öncədən planlaşdırdıqları absurd ssenarini həyata keçirir, sonra isə heç nə olmamış kimi hərəsi bir tərəfə dağılışır. Əlbəttə, buna qədər polis onları maşına doldurub, bölməyə aparmayacaqsa...
Flashmob-un psixoloji prinsipi mobberlərin absurd, anlaşılmaz situasiya yaratmasındadır. Bununla belə, onlar özlərini elə aparırlar ki, sanki bu vəziyyət onların normal və təbii hallarıdır: üzlərinə ciddi ifadə alır, heç birisi gülmür, sağlam və soyuq ağılla nə etdiklərinin fərqində olurlar.
Flashmob təsadüfi tamaşaçılara hesablanmış, onlarda rəngarəng duyğular və maraq yaradan, bəzən isə hətta prosesə qatılmaq, müdaxilə etmək həvəsi oyadan göstəridir.
Flashmob-un ideologiyasını sadəcə bir cümlə ilə ifadə etməyə çalışsaq, belə demək olar: “Flashmob- dinin, siyasətin, iqtisadiyyatın fövqündədir”. Bu ideologiya Flashmobu xarici faktorların təsirindən qorumağa imkan verir, başqalarının ondan şəxsi məqsədlər üçün istifadə etməsinin qarşısını alır.
İdeal Flashmob ssenarisi absurd, sirli və maraqlı olmalı, heç bir halda gülüş doğurmamalıdır. Mobberlər birmənalı şəkildə qanunu pozmamalıdır. Sadəcə, nəsə mənasız və absurd bir işi, bunda sanki bir məna varmış kimi yerinə yetirməlidir. Sonucda təsadüfi izləyicilər hər şeyi ciddi qəbul edir, özündən asılı olmayaraq gördüklərində məna axtarmağa başlayırlar. Onlarda maraq, həyacan, anlaşılmazlıq hissi və hətta şəxsi müdaxilə həvəsi oyanır. Ona görə də flashmob gərəkli sərhədləri aşmadan, haradasa beş dəqiqədən artıq sürməməlidir. Yoxsa gülüş doğuraraq effektini itirə bilər.
Bu tip aksiyalar tamamilə könüllü xarakter daşıyır, orada iştiraka görə pul ödəmək və almaq olmaz. Hətta eyni aksiyanın iştirakçıları fərqli məqsədlər güdə bilər. Bu məqsədləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- əylənmək;
- qəlibləşmiş sərt ictimai davranışlara qarşı protest;
- ictimai davranış stereotiplərindən özünü azad hiss etmək;
- ətrafdakılarda təsir oyatmaq;
- özünəinam (“Görəsən, kompleksim yoxdu ki?»);
- nəsə kəskin bir hiss yaşamağı sınamaq;
- ümumi işə bağlılığını hiss etmək;
- qrup halındakı psixoterapiyaya bənzər bir effekt almaq;
Flashmob-un bir sıra tipik qaydaları var, onlardan vacib olanları nəzərdən keçirək:
- Təyin olunan aksiya yerinə əvvəlcədən diqqət cəlb etməməli, aksiyaya qədər ora toplaşmamalı; hamı aksiyaya eyni anda başlayıb, eyni anda bitirməli; aksiyadan sonra dərhal dağılışmalı və özünü heç nə olmamış kimi aparmalı;
-Ssenari ətrafdakılarda absurd və sirli təəssürat oyatmalıdır;
- Təsadüfi izləyicilərdə aqressiya oyatmamalı; qanunları pozmamalı, ətrafı zibilləməməli;
- Ciddi olmalı;
Hüquq mühafizə orqanları ilə hər hansı konfliktdən qaçmaq üçün də bəzi uyğun məsləhətlər var:
- Şəxsiyyət vəsiqəsini özünlə götürməli;
- Bununla belə, polis səni saxlasa, hər kəsin özünə cavabdeh olduğunu unutmamalı, aksiyada iştirak etdiyini qəti şəkildə danmalı, orada təsadüfən olduğunu söyləməli.

Yaradıcı münasibət

Yuxarıda sadaladıqlarımız birmənalı şəkildə “Klassik Flashmob” aksiyalara aiddir. Qeyd etdiyim kimi, ilkin mərhələdə absurd əyləncə xarakteri daşıyan “smartmob” aksiyalar artıq çoxdan sosial və siyasi vurğu əldə ediblər (politmob və ya sosiomob). Smartmob sürətlə müxtəlif formalar almağa başlayıb ki, buna əsaslanaraq, formalaşma prosesinin hələ də davam etdiyini söyləmək olar.
Bu kimi aksiyalardan daha bir neçəsini nəzərdən keçirək:
- X-mob: bu, “gizlin” aksiyadır. Bu zaman iştirakçının obrazı əriyib-itir. Sanki bu, aksiya yox, iştirakçının gündəlik həyat tərzidir. Çox zaman təklikdə həyata keçirilir. Məsələn, yerə düşən zibili götürüb qutuya atmaq, mağazadan çek tələb etmək və s.
- İ-mob: bu, internet aksiyaların ümumi adıdır. Məsələn, bu ilin enerji tariflərinin qaldırılmasına etiraz olaraq yaranan susmayaq.biz saytının başladığı kampaniya.
- Art mob: Bu aksiyalar bədii xarakter daşıyır. Dalğanın bu yaxınlarda gerçəkləşdirdiyi Açıq Hava Teatrını yadımıza salaq.
- L-mob (long-mob): öncədən mobberlərin aralarında razılaşdırdıqları, amma hər kəsin sərbəst olaraq istənilən yerdə və istənilən vaxtda yerinə yetirə biləcəyi aksiyadır. Bu mənada uzunmüddətli də ola bilər.
- Small mob: “Hər gün aksiya!” prinsipi ilə gündəlik həyat tonusunu yüksəltmək üçündür. Məsələn, belə bir aksiya keçirilə bilər: İstənilən metro qatarının ikinci vaqonuna yalnız gənclər minsin. İdeal variantda günün birində bu ideya yayıla bilər və sən vaqona minəndə deyingən dayılar və xalalarla deyil, səninlə eyni aurada olan gənclərlə rastlaşacaqsan.
- Bookcrossing (Küçə kitabları): artıq qlobal hərəkata çevrilmiş bir aksiyadır. “Dünyanı kitabxanaya döndərək” və ya “Evdəki kitablara azadlıq verək” şüarlarıyla keçirilən bu aksiyanın mahiyyəti budur ki, iştirakçılar bilərəkdən kitabları ictimai yerlərdə “unudur”, bununla onun “yaxşı əl”ə düşəcəyinə ümid edir. Kitabın içində yapışdırılmış məxsusi qeyddə bildirilir ki, onu tapan adam oxuyandan sonra yenə eyni qaydada kitabı başqası üçün “unutmalıdır”.
- Farshing- ekstremal və psixoloji xarakter daşıyır, ətrafdakılara yox, iştirakçılara hesablanıb. Məqsəd bütün gündəlik kompleks və sərhədləri, etik, sosial çərçivələri aşmaq, özünə qalib gəlməkdir.
- Date-mob; mob-hause; mob-oyun və s.

Azərbaycanda yeni nəfəs

2005-ci il parlament seçkilərindən sonra Azərbaycanda hakimiyyət müxalifətin bütün mübarizə metodlarını sıradan çıxarıb. Mitinqlərə, nümayişlərə icazə verilmir, mətbuat daimi basqı altındadır, televiziyaya çıxmağa qadağa qoyulub və s. Yeni texnologiyalardan xəbərsiz olan müxalifət düşərgəsi yaranan situasiyada fərqli heç bir addım ata bilmədiyinə görə tədricən siyasi səhnədə əriyib-itməkdə, sadə vətəndaşlarda isə kəskin pessimizm yaranmaqdadır. Belə bir məqamda Dalğa Gənclər Hərəkatının son zamanlar sürəkli olaraq “smartmob” texnologiyasından istifadə etməsi cəmiyyətə yenidən bir təravət və ümid aşıladı. Tutqun səmada ildırım effekti verən bu aksiyalar günü bu gün də davam etməkdədir. Artıq siyasi düşərgə də tez-tez “smart-mob” texnologiyasına müraciət etməkdədir. Amma fikrimcə, toplumu və situasiyanı dəyişmək üçün yalnız polit-moblar yetərli deyil, klassik flashmob-a da tez-tez müraciət edilməli və onun gənclər arasında ən yayğın texnologiya çevrilməsinə nail olunmalıdır.
Xatırladaq ki, Dalğaçılar bu texnologiyanın tətbiqinə 2005-ci ildən başlayıblar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца