Sevişək, inkişaf edək

Bir neçə il bundan əvvəl internetdə təsadüfən bir adamla tanış oldum. "Suri-Baba" nikiylə (təxəllüsüylə) yazan həmin maraqlı adamla bu günə qədər də yazışmalarımız, mesengerlə canlı söhbətlərimiz davam edir. Fərqli fikirləri, hər məsələyə özünə görə yanaşması var. Onun fəlsəfəsi haradasa Dostoyevski estetikasıyla səsləşir: Dünyanı sevgi, daha doğrusu, sevişmə xilas edəcək!
Adam deyir ki, bir çox dövlətlərin, dövlət başçılarının aqressiyasının səbəbi onların qadın kompleksi ilə bağlıdır. Sevişə bilməmələrinin hirsini xalqdan, digər dövlətlərdən çıxırlar. Deyir ki, gərək namizədləri seçkiyə buraxmazdan əvvəl seksopataloqa göstərəsən. Sağlam olanları seçəsən yalnız. Seçiləndən sonra isə onların gündəlik iş qrafikində sevişə bilmələri üçün bolluca vaxt nəzərdə tutasan. Yoxsa əvəzində xalqı zad eləyəcəklər.
Sadə insanların da bolluca sevişməyə ehtiyacı var deyir: İnkişafın təməli sevgidir. İnsan sevəndə daha bol və daha xoş enerjiylə yüklənir, daha çox çalışır, daha az nifrət edir, hər kəsə sevgiylə yanaşır. Baxın, deyir, son vaxtlar Azərbaycan insanı sanki daimi depressiyadadır. Deyirəm, düzdür, hətta bir neçə gənc dostum tamam nifrətlə dolubdur, tez-tez ya ölkədən gedəcəklərini, ya da intihar edəcəklərini deyirlər. Aha, deyir. İmkan verin onlara bolluca sevişsinlər. Deyirəm, onda ölkədə əxlaqsızlıq baş alıb gedəcək, Cənubi Afrikada hamı bir-biriylə sevişirdi deyə, ölkənin yarıdan çoxu SPİD-ə yoluxdu. Hansı əxlaqsızlıq? - deyir,- Onsuz da Azərbaycanda əxlaqdan əsər-əlamət qalmayıb, rüşvət almaq, rüşvət vermək, yaltaqlıq, yalan danışmaq, zülmə boyun əymək, susmaq əxlaqsızlıq deyilmi? Deyir, sən Cənubi Afrikaya baxma, onlarınkı sevgiylə məşğul olmaq deyildi, optovoy idi, axı mən demirəm ki, hamı bir-biriylə sevişsin, hamının 50 sevgilisi olsun, deyirəm ki, birini sevin, amma ona yetərincə zaman ayırın, onunla heç bir kompleksə qapılmadan sevişin, məşuqənizlə yox, arvadınızla, ərinizlə, sevgilinizlə azad olun.
Suri_Baba onu da deyir ki, Azərbaycan kimi ölkələrdə televiziyaya yalnız reklamları seyr etmək üçün baxmaq lazımdır. Çünki reklamlar həmin ölkə barəsində istənilən qəzetdən, kitabdan, verilişdən daha çox və daha dəqiq informasiya verir. Deyirəm necə? Deyir, bizim reklamlara bax, şadlıq sarayları, makaron və kolbasa məmulatları, mobil operatorlar və s. Deyirəm, noolsun? Deyir ki, şadlıq saraylarının reklamı o deməkdir ki, bu xalqın işi-gücü yeyib-içmək, qarın bəsləməkdir, kolbasa və makaron isə bu xalqın ciddi istehsal sahələri fikirləşməyə beyni yoxdur anlamına gəlir, həm də bu, təhsilin, iqtisadiyyatın səviyyə göstəricisidir, mobil operatorların 24 saat davam edən reklamları isə xalqın nə qədər çənədən boş olduğunu və əlindən bir iş gəlmədiyini, vaxtını qeybətlə keçirdiyini sübut edir. Deyir, ona görə də mən heç bir kitab oxumuram, qəzet almıram, verilişlərə baxmıram. Yalnız reklamlar. Reklamlar bitəndən sonra isə...
Necə deyərlər, reklamlar bitdi, seksə davam...

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца