Qulyabanıların bayramı

90-cı illərin əvvəllərində mətbuatın ən çox müzakirə elədiyi problemlərdən biri Azərbaycandan beyin axını məsələsiydi. Birdən-birə sosial problemlərin burulğanına, sayğısızlığa tərk edilmiş mütəxəssislər, savadlı kadrlar kütləvi surətdə ölkəni tərk etməyə başladılar.
Prosesin qarşısını almaq mümkün olmadı. Gedənlər getdi. Dünyanın bilgi bazarında bu gün etibarlı valyutamız ola biləcək hər kəs ölkəni tərk etdi. Qaldı "milli valyutalar" və bir-iki "Kefli İsgəndər".
Milli valyutalar" inflyasiyaya uğradı, "Kefli İsgəndərlər" depressiyaya.
Yerdə qaldı Mazandaran pələngləri, zarafat edirəm, heç nə qalmadı.
Qara dəlik.
10 il keçdi. Bomboz bir onillik arxada qaldı.
Heç kimin gözləmədiyi halda yenidən adda-budda ümidlər cücərməyə başladı. Gənclərin timsalında tədricən müstəqil Azərbaycanın yeni intellektual nəsli formalaşmağa cəhdlər etdi. Sevinənlər də oldu, heyrətlənənlər də! Rasim Qaracanın şeirində olduğu kimi:

metroda basabas
qucağında çağa tutmuş qadına bax
bu amansız dünyada
hələ də uşaqlar doğulur...

Uşaqlar doğuldu. Uşaqlar böyüdü. Ayaqda dura bilmək üçün heç kimə deyil, istedadlarına sığındılar. Tədricən nəsil kimi formalaşmağa, xalqın gələcəyini udmaqda olan lənətəgəlmiş Qara Dəliyi doldurmağa cəhd etdilər.
Amma...
Bu yeni nəslin formalaşma cəhdləri, Azərbaycanın qara neftin hesabına zənginləşəcəyi ilə bağlı nağıllarla üst-üstə düşdü. Necə deyərlər, ümid ümidə qarışmışdı.
Doğrudan da neft pulları sürətlə ölkəyə axmağa başladı. Xalqa xoşbəxt gələcək vəd edən məmurların cibləri dolmağa, bəslənən ümidlər isə solmağa başladı.
Onda yeni nəsil həyəcan təbili çaldı. Fikir verən olmadı. "Milli sərvət neft deyil, insandır, bilgidir" deyə hayqırışlar firavanlığına genələn məmurların, hakimiyyət dəllallarının umurunda belə, olmadı....
Və budur! Çevrə yenidən qapanır!
...Son illərdə hansısa yaşlı, heç olmasa ortayaşlı bir kadrın Azərbaycanı biryolluq tərk etməsi faktını xatırlayırsınızmı? Amma əvəzində yaşı 25-30 arası olan neçə-neçə istedadlı gəncin Azərbaycanı tərk etmə faktı var! Getdikcə bu, kütləvi xarakter almağa başlayır.
Xalq özü özünü yeyir! Hakimiyyət isə xalqı!
Qulyabanıların bayramıdır!
Vətən, təkcə uğrunda ölə bildiyin torpaq parçası deyil, həm də insanca, hürrcə yaşaya biləcəyin yerdir, auradır. ... Ki, sabah uğrunda vuruşmağa, ölməyə səbəbin olsun. Amma vətən qulyabanı yuvasına dönüşüncə, əlbəttə, 20 faizi işğal olunar və heç kimin cınqırı da çıxmaz.
Çünki artıq hər kəs anlayır ki, sabah biz gedib dişimiz-dırnağımızla vuruşub, şəhid olub Şuşanı alsaq, adının çəkilməsini istəməyən etibarsız nazir ordusu oranı şəxsi mülklərinə çevirəcəklər, necə ki, bu gün Qəbələ, Quba, Qusar kimi rayonlar bu nazirlərin dədə mülkü sayılır.
Qulyabanılar marıqda, ölkədən gedənlər isə çarıqda olsun, sizsə qulağınızı yaxın gətirin, sözüm var: Bacardıqca tez tərk edin bu ölkəni, Vətən sizi çağırır!

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца