Oğru Rüstəm

Türmədən çıxdı Rüstəm
Kürən Rüstəm
Üzü çil Rüstəm

Bu da bir işdi,
Kənddə inək oğurlamışdı
İlişdi

Eh, gənc arvadı vardı
Xoşbəxt yaşardı
Meşənin yanında palçıq daxması.

Türməyə düşdü Rüstəm
Kasıb Rüstəm
Arvadı tək qaldı

4 il kəsdilər
Ax, Rüstəm!
Qoca meşəbəyi palçıq daxmaya dadandı.

Balaca kənd ola,
Söz-söhbətlə dola…
Ax, Rüstəm!
Bax, Rüstəm!

Gənc arvadı
Tez-tez yanına gedərdi
Bu siqaretin
Bu pulun…

Türmədən çıxdı Rüstəm
Kürən Rüstəm
Üzü çil Rüstəm

Anası kəsdi yolunu:
- O evə getməyəcəksən!
Bacısı kəsdi yolunu:
- O ləçəri unudacaqsan!

Ax Rüstəm!
Ax Rüstəm!

- Anam, məni sevdinmi heç?
- Bacım, məni sevdinmi heç?
- 4 il yatdım, qapımı döyən olmadı!
- Qadınım ac qaldı, tək qaldı, həyan olmadı!

Can Rüstəm!
Gözləri qan Rüstəm!

Bu da bir işdi,
Başına gəlmişdi.

Meşənin yanında palçıq daxması…
Sevimli gənc arvadı…
Saçlarında dən…
- Ax, canım, necəsən?

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца