Musiqili qanunlar

Aman, aman, Konstitusiya, ay aman!

Bir zamanlar Avropada konstitusiyalı respublika qurmaq üçün nə qədər qanlar axıdıldı. Bəlkə də buna görədir ki, bu ölkələrdə konstitusiyada yazılanlar kağız üzərində qalmadı- onların həyatının ayrılmaz hissəsinə çevrildi, insanca yaşamalarına təməl oldu və nəticədə Avropa bu günkü səviyyəsinə çatdı.
1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycanın 4 il sonra qəbul etdiyi Konstitusiya da yetərincə demokratikdir. Amma... kağız üzərində! Hətta prezidentlərimiz əl basıb and içməklə, Anayasaya nə qədər müqəddəslik donu geyindirməyə çalışsalar da, yenə olmadı. Anayasa nə masaüstü kitabımıza, nə həyatımızın ayrılmaz hissəsinə, nə də hər addımbaşı pozulan hüquqlarımızın təminatçısına çevrildi. Çünki konstitusion hüquqlarımızı qoruyacaqlarına and içənlər bunu etmədilər. Azərbaycan vətəndaşı özünü qanunun və hüququn himayəsində hiss etmədi. Bütün qapıların rüşvətlə açılması, iqtisadi imkanların monopoliyaya alınması, siyasi, sosial, mənəvi və fiziki basqıların adi hala çevrilməsi və s. sonucda məmuru qanundan, hüquqdan üstün etdi. Bütün bunları hər gün həyatında yaşayan sadə vətəndaşın Anayasaya münasibətini şərh etməyə məncə ehtiyac yoxdur.
Bu qanunsuzluğun, hüquqsuzluğun hansı sonuclara gətirib çıxaracağını isə təsəvvür eləmək çətindir.
Konstitusiya işləmir, qanunlar, məhkəmələr, rəsmi idarələr işləmir, neft pulları oğurlanır, təhsil və səhiyyə korrupsiya içindədir, siyasi və iqtisadi azadlıq yox dərəcəsindədir, ölkə iriçaplı məmurlar arasında dədəmalı kimi bölüşdürülüb. Ən maraqlısı odur ki, ölkəni yazılı qanunlar, hüquqlarla deyil, şifahi tapşırıqlar, pərdəarxası söhbətlərlə idarə edirlər. Bir sözlə, Azərbaycanı həmişə olduğu kimi yenə FOLKLOR idarə edir.
Hər hansı bayatı, qoşma və ya muğam Azərbaycan insanına onun hüquqlarından daha yaxın, daha doğmadır.
Bu yerdə ağlıma ideya gəldi: bəlkə qanunlarımız qafiyəli şeirlə yazılsın? Bəlkə qanunlarımıza musiqi bəstələnsin? Bəlkə elə buna görədir ki, bir çox nazirlərimiz hətta həvəskar bəstəkarlıqla məşğuldur. Axı onların içindən gələn budur! Bəlkə elə buna görədir ki, xalq bəstəkar Kamalı, nazir Kəmaləddindən daha çox sevir!
Niyə də olmasın! Təsəvvür edin ki, məsələn, vergi məcəlləsini, təhsil qanununu Kamalın bəstəsində, Aygün Kazımovanın ifasında “ATV-Maqazin”də dinləyirik! Məncə, musiqili qanunlar bu xalqın sümüyünə düşərdi. Hələ üstəlik toylarda əl qaldırıb süzərdilər də bu mahnılara.
Qətiyyən zarafat eləmirəm, əksinə, xeyli ciddiyəm. Nə yolla olursa-olsun, vəziyyət dəyişməlidir. Əgər bunu musiqili qanunlar edəcəksə, qoy olsun.
Yaxınlarda Gürcüstanın patriarxı ölkəsində konstitusiyalı monarxiya qurmaq təklifi ilə çıxış etdi. Geniş rezonansa səbəb olan bu təklifi yalnız son hadisələr gündəmdən çıxardı. Yadıma düşür ki, bir neçə il öncə jurnalist İlqar Əlfioğlu da Azərbaycanda konstitusiyalı monarxiya qurmaq təklifi vermişdi. O zaman bu təklifdən əsəbiləşsəm də, indi baxıb görürəm ki, əslində normal təklif imiş. Qoy hakimiyyət elə varisliklə biri-birinə ötürülsün. Necə ki, ötürülür. Amma ölkəni Nazirlər Kabineti və parlament idarə etsin. İngiltərədə, Norveçdə, İspaniyada, İsveçdə və s. Avropa ölkələrində olduğu kimi. Amma yox. Qorxuram ki, biz əsl şərqli kimi davranacaq, ərəb variantına gedib çıxacağıq. Yaxşısı budur musiqili qanunlar üzərində düşünək. Ağlabatanı elə budur, vallah.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца