Keçi kimi şən

Hərdən dostlar mənə irad tutur ki, hədsiz təmkinlisən. Biriləri hətta sual da verir: "Sən heç hirslənirsən?"
Mən cavabında guya təmkinimi pozmayıb, gülümsəyirəm
Amma, doğru sözümdü, təmkinimi pozacaq, məni hirsləndirə biləcək heç nə görmürəm.
Yox, bununla Azərbaycanda bütün işlərin yağ kimi getdiyini demək istəmirəm.
Sadəcə, əsəblərimi qoruyuram.
Məsləhətdi ki, siz də qoruyasınız.
Məsələn, əgər onlarla jurnalist xarici ölkələrdən siyasi sığınacaq istəyirsə, ABŞ onlara «yox», əvəzində Rusiya sığınacaq isətəyən digər bir baş redaktora "hə" cavabı verirsə, əsəbdən ağzım qulağımın dibinə əyilməsin deyə nə etməliyəm? Əlbəttə, gülümsəməliyəm
Bax, sənin də dodağın qaçdı
Əlbəttə, hər dəfə yalnız gülümsəməklə kar aşmır. Elə olur ki, bu da kömək eləmir.
Məsələn, bu günlərdə Siyavuş Novruzov "siyasi sığınacaq istəyən jurnalistlərin qanında qarışıq var" deyəndə, gülümsəyə bilmədim.
Əvvəl sakitcə oturub, özümü elə apardım ki, guya bu sözləri heç eşitmədim. Alınmadı. Sonra gedib su içdim. Boğazımda qaldı. Həyətdə domino oynayıb, uduzdum. Xeyri olmadı. Onda divana uzanıb, qapını bağladım. Başladım özümü qıdıqlamağa. Ho.. Ha-ha Hi-Hi Xixx Ho-hooo
Əlqərəz, oxucular məni zorla sakitləşdirdilər.
Əgər Eynullanın yerinə olsaydım, məni terrorçuluqda ittiham edən MTN-nin təcridxanasında bütün günü özümü qıdıqlayardım.
Məsləhətdi, siz də hərdən özünüzü qıdıqlayın.
Evdə çörək yoxdu- gülümsəyin.
Sizdən rüşvət istəyirlər- gülümsəyin.
Maaşınız azdı- gülümsəyin.
İş yoxdu- gülümsəyin
Bizim Elnur Astanbəylinin sevimli filosofu Henri Devid Toro demiş, gülüş öldürücü silahdır, əgər inqilab etməyə gücün çatmırsa, təbəssümünlə etiraz et.
Dostlar mənim təmkinimə həm də ona görə heyrət edirlər ki, özləri iki gündən bir depressiyaya düşdükləri halda, məni həmişə keçi kimi şən görürlər.
Məncə bu sirri də hamıya açmağın zamanı gəldi.
Beləliklə, heç vaxt depressiyaya düşməmək üçün nə etməli? Və ya mən niyə həmişə keçi kimi şənəm?
Bunun iki yolunu izah etdim.
Amma, yaxın oturun, ən qısa və rahat yolunu da sizə anladım.
Əgər hədsiz kədərli və ümidsizsinizsə, hətta Kamyu demiş, hərdən nədən əzab çəkdiyinizi özünüz də bilmirsinizsə, depressiya MTN əməkdaşları kimi qəfildən qapınızı döyübsə, ürəyiniz paslı, dəmir darvazalar kimi öz-özünə cırıldayırsa, gözləriniz yol çəkməyə başlayıbsa, amma kimi, nəyi gözlədiyinizi bilmirsinizsə və ya sadəcə, səbəbsiz-filansız darıxırsınızsa, onda bir az da yaxın oturun, indi kef edəcəksiniz.
Deməli, mən belə hallarda nə edirəm? Əvvəlcə bir stəkan çay süzüb, çəkilirəm ins-cins olmayan bir küncə, sonra bir siqaret yandırıb qoyuram damağıma, sağa-sola baxıb məni heç kimin eşitmədiyinə, görmədiyinə əmin olandan sonra başlayıram çoxdan eşitdiyim, dadı-duzu qaçmış bir lətifəni bərkdən özümə danışmağa.
Və Ha-ha-hooo-hiii. Qıxxxxxxx.
Uy daaa, bilirsiniz adam necə yüngülləşir?
Özüm ölüm, məsləhətdi, siz də sınayın

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца