Əhmədin nağılı

Sıradan boy verməyən adi günlərin birində Əhməd "mənim də dövlətim olsun" dedi.
Əhmədin dövləti oldu.
Parlamentim, prezidentim olsun istədi, o da oldu.
Əhməd bunları niyə istədi?
Ona görə ki, dövlətin ona ayaqda durmaqda yardımçı olacağını düşünürdü. Çünki bütün normal ölkələrdə beləydi.
Ona görə istədi ki, dövlət Əhmədin, Məmmədin, İmamverdinin, Fatmanisənin orda-burda başlı-başına yaşamasını deyil, birlikdə millətləşməsini təmin edəcək, onların müdafiəçisinə çevriləcəkdi. Çünki oxuduğu kitablarda belə yazılmışdı.
Düşünürdü ki, yaşamı daha da asanlaşacaq, insanca ömür sürmək imkanı qazanacaq.
Oldumu? Olmadı!
Əhməd dövləti qurdu, amma bir də ayıldı ki, bu dövlətin ona dəxli yoxdur. Gördü ki, dövlət ona yardım etmək əvəzinə, hər addımda mane olur. Küçədə, iş yerində, toplumda rüşvət kimi, bürokratiya kimi onun qarşısına çıxıb, inkişaf etməyə, qol-qanad açmağa imkan vermir.
Əhməd çaşıb qaldı.
Onun işıq umduğu bütün deşiklərə dövlət barmaq tıxamışdı.
Əhmədin parlamenti necə oldu? Seçdiyi, səs verdiyi adamlar hardasa qutuların dibinə yapışıb, çıxmadılar. Əvəzində seçki qutuları Ələddinin sehirli lampası kimi əcaib cinlər buraxdı. Amma Ələddinin cinindən fərqli olaraq, bu biriləri Əhmədin üç arzusunu belə, həyata keçirmək istəmədilər.
Ölkənin bütün divarlarına iri şüarlar asıldı: "Arzulamaq qadağandır!"
Əhmədin prezidenti isə uzaq buludlar kimi əl-yetməz, ün-yetməz bir yerdə idi. Nə onun səsini, nə zarıltısını eşidir, nə də dərdini duyurdu.
Əhməd uşaq deyildi, insanca yaşamaq imkanlarının günü-gündən tükəndiyini aydın görürdü.
Toplumun hər tərəfindən çəkilib, öz içinə sığındı. Arzulamaq qadağan olunsa da, evinin yoxsul divarları arasında, kasıb mətbəx masasına söykənib içində arzular, xəyallar qururdu.
Arzu edirdi ki, dövlət onun istədiyi kimi olsun. İnsanların həyatına daha az müdaxilə edən bir dövlətin xəyalını qururdu. Bu xəyallar ona bir müddət güc verdi. Yenidən gözlərinə işıq gəldiyini, qəlbinin ehtirasla çağladığını duyurdu.
Bir neçə dəfə küçəyə çıxıb bağırdı: "Mən arzulayıram! Mən düşünürəm!".
Əhmədi həbs etdilər. İllər keçdi. Əhməd qocaldı. Onun daha təhlükəli olmadığını görüb, qapıları açıb buraxdılar.
Əhməd artıq saç-saqqalı ağarmış bir qocaydı. Küçələrə çıxıb, yanıldığını ucadan söyləməyə nə taqəti, nə də gücü qalmışdı. Duyduqlarını, xəyalında yaşadıqlarını kağıza köçürməyə başladı. Bir də ayıldı ki, yazdıqları yaman çoxalıb, qəlbi və evinin taxta döşəməsi bu ağırlıqdan cırıldayır.
Sıradan boy verməyən adi günlərin birində Əhməd yazdıqlarını qoltuğuna vurub, insanlar arasında paylamağa başladı.
Əhmədi yenə həbs etdilər. Bu həbslə divarlarda daha bir şüar da peyda oldu: "Yazmaq qadağandır!"
Daha bir neçə il keçdi. Əhməd həbsxanada o qədər qocaldı ki, əlləri, dizləri əsməyə başladı. Əli qələm tutmurdu. Onun daha heç nə yaza bilməyəcəyindən əmin olub buraxdılar.
İndi Əhmədin evi də yoxdur. İkinci dəfə həbs olunanda uçuq-sökük evini də müsadirə edərək sökmüş, yerində 16 mərtəbəli bina tikmişdilər. Əhməd küçədə yatır. Daha doğrusu dənizkənarı parkda- üzü neft buruqlarına sarı.
Artıq ömrünün sona çatdığını anlayır. Amma ölməkdən qorxur Əhməd. Qorxur ki, dərhal divarlarda daha bir şüar peyda olacaq: "Ölmək qadağandır!" Onda insanlar necə qurtulacaq bu sonu görünməyən əzabdan?
Bəs Əhməd nə etsin?

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца