Hökmdarın gizli ləqəbi

Ona inanmayan kafir, onu sevməyən yeziddir!

Toplum - abstrakt anlayış, mövcud olmayan varlıqdır. Vətən, millət, xalq, kütlə də həmçinin.
Toplum haradasa səhər yataqdan duran, işə gedən və ya mətbəxdə eşələnən, sevən və ya sevilən, axşam əri və ya arvadıyla yatan birisi deyil. O, çörək yemir, su içmir, səs vermir, sevmir və nifrət eləmir. Gözlə görülən, əllə toxunulan deyil, odur ki, yaxasından tutub dartmaq, şapalaq vurmaq və ya tənbeh etmək barəsində düşünmək bir xəyaldır. Amma əsrlərdir filosoflardan, şairlərdən tutmuş sadə insanlara qədər hər kəs bu xəyalın dalınca qaçır. Nə etmək olar- bəşər övladı hələ də reallıqdan daha çox, öz xəyallarında mövcuddur. Çünki insanın xəyalı reallıqdan daha öndədir. İstənilən reallığa həmişə müqəddimə kimi bir xəyal mövcuddur. Bizim atdığımız addımlar soyuq və aydın reallığın deyil, qaranlıq, şirin xəyalımızın davamıdır. Toplum və bu kimi ümumiləşdirmələr də belə şirin xəyallardandır. Bu xəyallar bizi daha konkret və aydın olandan yayındırır, bizi məsuliyyətdən qoruyur.
Bu, siyasətçilərin sevdiyi üslubdur. Konkret olanı- fərdi öz nitqlərinin qaranlıq dəhlizlərində azdırmaq onları xilas edir. Sənin evin yoxdur- onlar vətəndən danışır. Sən dolana bilmirsən, yoxsulluq qapında keşik çəkir- onlar iqtisadi sıçrayışdan lovğalanırlar. Sənin hüququn yoxdur- onlar millətin azadlığından dəm vururlar. Sən yuxu olan hansısa ümumi firavanlıq dumanında öz ayıq evsizliyini, işsizliyini, yoxsulluğunu yaşayırsan. Amma səsin çıxmır. Çünki artıq səni inandırıblar ki, «millət» firavandır, «xalq» razıdır, «vətən» sənin evindir, «toplum» isə zəngindir.
Hökmdarlar öz hakimiyyətlərini bölüşməyi sevmirlər, amma sadə insanlar üçün bir sürü ümumiləşdirmələr uydururlar. Çünki hökmdar çox gözəl dərk edir ki, «kreslo təkdir, kreslodan başqa kreslo yoxdur», amma səni nağıla inandırır: «Hakimiyyət xalqa məxsusdur». Xalq hanı? Xalq kimdir? Bəlkə sənsən xalq? Sənin hakimiyyətin varmı? Sən hökm verə bilirsənmi? Bəlkə Xalq elə hökmdarın özüdür? Axı hakimiyyət yalnız ona məxsusdur! Deməli, xalq elə onun özüdür ki, var. Deməli, vətən onun bölünməyən, paylaşılmayan iqamətgahıdır, villaları, istirahət mərkəzləridir! Sən xalq deyilsən, Əhmədsən, İmamverdisən, Hüseynbalasan, Aynur, Fatma, Zibeydəsən, amma xalq deyilsən. Səni, qonşunu, qohumlarını, tanışlarını və küçədə, televizorda gördüklərini bir yerə toplayanda belə, yenə xalq deyilsən. Hər kəsin cibində öz pasportu, ürəyində öz dərdi var. Heç kimin cibindən XALQın şəxsiyyət vəsiqəsi çıxmayacaq. Çünki o yoxdur. Çünki «Xalq» Hökmdarın gizli ləqəbidir. Toplum da, millət də, kütlə də, camaat da, vətən də Odur! Ondan başqası yoxdur! Ona inanmayan kafir, onu sevməyən yeziddir!
Sən belə yaşamaqda davam et - aza qane ol, tapdığın bir tikə çörəyə şükür elə, yuxudan ayılma, xəyallarına sığın, reallığı dərk etməyə çalışma…
… Yoxsa dəli olacaqsan, xəstə olacaqsan, amma yenə, yenə xalq olmayacaqsan!
Dedik ki, hər reallığın müqəddiməsi xəyaldır. Qapısı, kandarı xəyal olan reallıq da xəyaldır. Bəlkə bizim özümüz də xəyalıq, yuxuyuq?
Elə isə bizi kim uydurub?

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца