Şeir nədir?

Ədəbi yaradıcılıqla məşğul olan hər kəsin, xüsusilə şeir yazan gənclərin tez-tez üzləşdikləri sualdır bu: şeir nədir?
“Kitabi Dədə Qorqud”da rastımıza çıxan qafiyyəsiz, “heca”sız poeziya mətnləri şeir deyilmi? Şeirdir!
Nənələrin bədahətən qoşduğu, poetik kəşflərlə dolu bayatılar şeir deyilmi? Şeirdir!
Nizaminin, Füzulinin, Nəsiminin mövzu və üslubca bir-birindən kəskin fərqlənən, amma eyni vəzndə (əruz) yazılmış şeirləri nədir bəs? Əlbəttə, şeir nümunələri! Səməd Vurğunun A.S.Puşkinin məşhur “Yevgeni Onegin” poemasını tərcümə etməsindən sonra Azərbaycan şeirinə gətirdiyi çarpaz şeiri necə adlandıraq? Şeirdir!
Əli Kərimin az qala publisistik dillə yazılmış sərbəst və “kobud” şeirlərinə hansı ad verək? Yenə şeirdir!
Hadi, Hüseyn Cavid, Məmməd Araz, Ramiz Rövşən, Vaqif Bayatlı (Odər) və s. şairlərimizə dayanaraq bu sualların sayını yetərincə sıralaya bilərik. Amma hər dəfə eyni cavabı alacağıq: şeirdir!!!
Bəs bu qədər üslub, dil, forma və mövzu etibari ilə fərqlənən mətnləri ümumi ŞEİR yarlığı altında birləşdirən nədir?Qoyduğumuz son sualın cavabı istənilən yeni başlayan istedadlı yazar üçün həyati əhəmiyyət kəsb edir. Son vaxtlar ədəbi prosesi az-çox özündə əks etdirən azərbaycandilli internet saytlarında yerləşdirilən mətnlərin və onlara yazılan şərhlərin təhlili də bu suala cavab axtarmağın nə qədər aktual olduğunu bir daha ortaya qoyur.
Ən doğru cavabı tapmağın yolu suallardan keçir. Başlayaq.
Görəsən Nizami, Füzuli və Nəsiminin müasirləri bu gün niyə unudulub? Bu üç şairin öz müasirlərindən daha istedadlı olduğunu söyləmək kimi topdan cavablar bizi qane edəcəkmi? Ümumiyyətlə, bir yazarın uğurunda istedadın payı nə qədərdir? Birinin digərindən “daha yaxşı yazması” hansı anlama gəlir?
Əsas suala cavab verməmişdən qabaq, yuxarıda qoyduğumuz üç suala cavab axtaraq.
Sual 1. Nizami, Füzuli və Nəsiminin müasirləri bu gün niyə unudulub?
- Ona görə ki, onların müasirlərinin böyük əksəriyyəti istedaddan mərhum idi- istənilən dövrdə bu, dəyişməyən qanundur. İkinci dəyişməyən qanun isə budur ki, məsələn, Nizaminin istedadlı müasirlərinin əksəriyyəti ya Nizamini, ya da Nizamiyəqədərki ədəbi bütü təqlid edirdilər. Zaman keçdi- onların içindən tarixin sınaqlarından salamat çıxan təkcə Nizami oldu. Çünki bu əjdaha qardaş özünü, məhz özünü ifadə edirdi. Təqlidçi deyildi. Eyni sözlər Füzuliyə, Nəsimiyə, Xətaiyə, Xəqaniyə və bu günümüzə qədər adı, şeiri gəlib çıxmış istənilən digər şairimizə də aiddir.
Sual 2: Bu üç şairin öz müasirlərindən daha istedadlı olduğunu söyləmək kimi topdan cavablar bizi qane edəcəkmi?
-Yuxarıda bu suala qismən cavab verdik. Təkcə istedadlı olmaq yetərli deyil. Gərək özünəməxsus və təqliddən uzaq olasan. Bu yazarların müasirlərindən niyə fərqləndiyini hardasa izah etdik. Aydınlıq gətirilməsi lazım olan əsas məsələ isə “istedad” arqumentidir. Aydındır ki, istedadsız yazar bizim yazımızın obyekti ola bilməz. Amma tarixin hədsiz sayda istedadlı yazar üçün “qardaşlıq məzarlığı”na çevrildiyini də qeyd etməliyik. İstedad- ədəbiyyatın əlifbasıdır. Amma kim bu əlifbadan necə sözlər quraşdıracaq, cümlər quracaq, bu “palçıqdan hansı heykəli yonacaq“- bu sonranın işidir. Və ya Mark Tvenin sözü ilə desək, ədəbiyyat 10 faiz istedad, 90 faiz tərdir. Ədəbiyyatda yeniliyə qapalı olan heç bir imza indiyə qədər uğur qazanmamışdır. Füzuli Nizamidən sonra ona görə uğur qazandı ki, tam fərqli yanaşma, üslub və formalar təklif etdi. Bu, onun zamanında hədsiz cəsarət tələb edən addım idi. Təsadüfi deyil ki, müasirləri Füzulini “boşboğaz” adlandırırdı. Hansı ki, bu ləqəb sonradan onun ədəbi təxəllüsünə çevriləcəkdi.
Nizaminin “Leyli və Məcnun”u realist və həyati anlam daşıyan bir əsər idisə, Füzuli eyni süjetə irfani anlam verməklə, onun kodlarını yer aləmindən ayırıb, göylərə- İslami sistemə bağladı. Ümumiyyətlə, Füzuli Nizamidən fərqli olaraq, bir şeirini, qəzəlini belə, qadına, insana həsr etmədi. Bir çoxlarına bu iddiamız ilk baxışdan qəribə görünə bilər. Amma irfandan xəbəri olanlar bilir, Füzuli “canan” deyəndə qadını, gözəl sevgilini yox, “can”ı YARADANı nəzərdə tuturdu (“canan” “canı yaradan” deməkdir). Məşhur “Leyli və Məcnun” poemasının girişi də məhz belə başlayır: “Əgər Yaradanı Leyli, özümü isə kamilliyə can atan aşiq- Məcnun kimi götürsəm…”. Burada Leyli qətiyyən adi bir qadın obrazı deyil- Yaradanın obrazıdır. Ədəbiyyatda rəmzlərin, simvolların olması adi haldır. Təssüf ki, sovet ədəbiyyatşünaslığı və orta məktəblərdə keçirilən, bu gün də eyni təməllər üzərində davam etdirilən ədəbiyyat dərsləri bizim uşaqları tam yanlış yola yönəldir.
Sözümüzün əsas qayəsi budur: əslində Füzuli öz şeir məktəbini Nizamin məktəbinin inkarı üzərində qurmuşdu. Hürufi fəlsəfəsini öz şeirinə gətirən, insanı Allahlaşdıran Nəsimi də Füzuli poeziya məktəbini inkar etməsəydi, Füzilinin bütün digər müasirləri kimi çoxdan unudulmuşdu.
Təqlidçilər həmişə tarixin künc-bucağında itməyə məhkumdur- bu aksiomanı yenidən isbat etməyə ehtiyac yoxdur.
Nəhayət, sual 3 və 4: Ümumiyyətlə, bir yazarın uğurunda istedadın payı nə qədərdir? Birinin digərindən “daha yaxşı yazması” hansı anlama gəlir?
- “İstedad” məsələsinə artıq aydınlıq gətirdik. Bir yazarın digərindən “daha yaxşı” yazmasının da ilkin şərtlərinə haradasa toxunduq. İndi isə bu məqama daha geniş izahat verək.
Hər bir böyük yazarın borcudur ki, yazdığı ədəbi dili zənginləşdirsin, yeni sözlərə yaşamaq hüququ versin. Məsələn, Şekspir İngilis dilinə 10 min, Puşkin rus dilinə 3 min yeni söz qazandırıb.
Hər bir böyük yazarın daha bir borcu odur ki, ədəbi dilə yeni struktur və formalar qazandırsın, dilin statistik və inkişafdan qalmış bir orqanizm kimi yox, canlı bir varlıq kimi daimi inkişafına xidmət etsin. Yazar borcludur ki, dərsliklərdə kanonlaşmış dil qaydalarını sındırıb, ona yeni formalar və üslublar qazandırsın. Adi bir misal, yaxın qonşumuz Türkiyə ədəbi dilinin inkişafına nəzər yetirək. Götürün bir Nazim Hikmətin şeir dili ilə, ondan bir neçə onil sonra həyatını dəyişən Atilla İlhanın şeir dilini müqayisə edin. Fərqi aydın görəcəksiniz. Nazimi çox rahat anlayacaq, amma Atilla İlhanın səksənlərdə yazdığı şeirlərin əksərini tam dərinliyi ilə anlamaqda çətinlik çəkəcəksiniz. Amma Azərbaycanda yüz il qabaq şeir yazmış Mikayıl Müşfiqin şeir dili ilə bu günkü gənc yazarın şeir dili arasında heç bir fərq görməyəcəksiniz. Kimlərsə bunu normal qəbul edə bilər, amma ədəbiyyat həm də bir elm, həm də əsrlər boyu davam edən bir təcrübi emalatxanadır. Bu baxımdan yüz il boyu Azərbaycan dilinin statik qalması bir tərəfdən onun inkişafdan axsamasıdırsa, digər tətərfədən bu dildə yazanların hələ məhəlli olmasından xəbər verir. Eyni sözləri biz “yanaşma tərzi”, “üslub”, “forma” “struktur” kimi ciddi ədəbi anlayışlar haqqında da deyə bilərik. Təəssüf ki Azərbaycanda ədəbi tənqid bir dəfə də olsun poetik mətnləri (və ya nəsri) məhz bu kontekstdən təhlilə çəkməmiş və ya çəkə bilməmişdir. Tənqid Azərbaycanda mətnləri 2 nöqtədən təhlilə çəkib həmişə:
1. “Müəllif burda necə də gözəl demişdir…”
2. Mətn öz zamanı ilə necə də gözəl səsləşir və ya səsləşmir…
Bu faktorlar nə qədər vacib olsa da, ədəbiyyatın tam tənqidi mənzərəsini anlamaq üçün qətiyyən yetərli deyil. Bəlkə də buna görədir ki, az-çox özündə ədəbi istedad hiss edən hər kəs elə bilir ki, yalnız “ilham pərisi”nin hesabına ədəbiyyatda gün keçirə bilər. Bəlkə də buna görədir ki, Azərbaycanda sözün həqiqi mənasında ciddi ədəbi nümunələr yaranmır. Bəlkə də buna görədir ki, nəsrimiz nəqletmədən, şeirimiz müəllifin “kuxna” problemindən o yana keçmir. Bizim müəlliflərin şeirləri nədən ibarətdir: müəllif sevgilisindən ayrılmış və kədərlidir, vətənini dəhşət çox sevir, göz yaşları tökmək üzrə mahirdir, yağışdan, payızdan riqqətə gəlir və s. Bəs nəsrimiz? Böyründə-başında baş verən əhvalatları kağıza köçürməklə nasirlərimiz işlərini bitmiş hesab edir. Ədəbiyyat budurmu? Yox.
Əlbəttə, bu gün də istedadlı gənclərimiz var- amma baxırsan ki, biri Ramiz Rövşəni, biri Nüsrət Kəsəmənlini, biri Salam Sarvanı, biri Əli Kərimi, biri Vaqif Bayatlını və s.-ni təqlid eləməklə məşğuldur.
Bunu onlara irad tutanda iki arqument gətirirlər:
1. Mən bu şeiri yaznda heç onları oxumamışdım;
2. Mənim dediyim fikirlə onun dediyi arasında böyük fərq var və s.
Belədə yuxarıda sadaladığım məqamları bir daha ümumiləşdirməyə ehtiyac yaranır. Təqlid yalnız özündən əvvəlki şairin fikrini hansısa başqa şəkildə təkrarlamaq deyil. Bu, şeirin hava və ritminin oxşarlığında, yanaşma tərzlərinin bənzərliyində, formada, cümlə quruluşunda və s. çoxsaylı digər məqamlarda özünü göstərə bilər. Əsl şeir bütün mənalarda orijinaldır. O, heç bir parametr üzrə əvvəlkiləri təkrarlamır- yalnız özüdür. Və əslində “şeir, yaradıcılıq özünüfadə deməkdir” anlayışını da bu konteksdən anlamaq lazımdır. Özünüifadə - sənin başqalarından fərqin deməkdir. Bu fərqdən başlayır şeir. Bu fərqdən başlayır yaradıcılıq.
Bəs biz nə edirik?
Dünyanın bir əsrdən artıqdır ki, bir forma kimi imtina etdiyi (yaşayıb bitirdiyi) hecada, qəm-kədər, sevgilim-ayrılıq-həsrət üçbucağında bizə qədər yazılmış milyonlarla şeiri təqlid eləməklə məşğuluq. Bununla nəyə nail olacağıq? Heç nəyə!
Adam bu mətnləri oxuyanda orada bu yazardan başqa hər kəsi görür- Nizamini, Füzulini, Nüsrət Kəsəmənlini və hətta Əliağa Vahidi də. Dostum, XXI əsrdə tutaq ki, 18 sentyabr 2007-ci ildə məhz sənin yaşadığın sevgi hanı bəs? Doğrudanmı sən sevgilinlə söhbətdə onun gözlərini dənizə, saçlarını söyüd yarpaqlarına, dodaqlarını təzə açılmış qönçəyə bənzədəndə özün-özünə gülməyin tutmur? Tutmursa, əmin ol, sevgilin səni axmaq hesab edir, əgər hələ bunu sənin üzünə vurmayıbsa, deməli tezliklə edəcək. Əmin ol. Sadəcə bir az zamana ehtiyacı var. Ya sən hələ də Səməd Vurğunun və ya Füzulinin, Əli Kərimin, Ramiz Rövşənin, Rəsul Rzanın formasında şeir yazırsansa, deməli sən heç nə yazmırsan. Sən uca bir dağın kölgəsində müvəqqəti xumarlanan çoxsaylı imzalardan birisən. Günəş dağın bu üzünə fırlanan kimi buxarlanacaqsan! Sən “Titanik”in şöhrətinə aldanıb ona minməyə can atanlardan birisən. Bu gəmi batanda ordakı yüzlərlə sərnişinin adını heş kim xatırlamayacaq. Yenə “”Titanik” batdı” deyəcəklər. Məsələn, heç kim deməyəcək ki, “Filankəs Nüsrətin, Səmədin, Ramizin gəmisində batdı”. Ədəbiyyatın statistikası yox,onun tarixini yaradanlardan ol. Öz kiçik və taxta qayığında batmağı daha üstün tut, nəinki “Titanik”lərin parlaq tarixçəsi içində itib-batmağı.
Sonda bir daha qeyd edim: Ədəbiyyat üçün üç şərt çox vacibdir:
1.İstedad;
2. Cəsarət;
3. Düzgün mütaliə.
Səndə bunlardan biri yoxdursa belə, sən heç kimsən, dostum. Get başqa işlə məşğul ol.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца