Türmədən çıxdı Rüstəm Kürən Rüstəm Üzü çil Rüstəm Bu da bir işdi, Kənddə inək oğurlamışdı İlişdi Eh, gənc arvadı vardı Xoşbəxt yaşardı Meşənin yanında palçıq daxması. Türməyə düşdü Rüstəm Kasıb Rüstəm Arvadı tək qaldı 4 il kəsdilər Ax, Rüstəm! Qoca meşəbəyi palçıq daxmaya dadandı. Balaca kənd ola, Söz-söhbətlə dola… Ax, Rüstəm! Bax, Rüstəm! Gənc arvadı Tez-tez yanına gedərdi Bu siqaretin Bu pulun… Türmədən çıxdı Rüstəm Kürən Rüstəm Üzü çil Rüstəm Anası kəsdi yolunu: - O evə getməyəcəksən! Bacısı kəsdi yolunu: - O ləçəri unudacaqsan! Ax Rüstəm! Ax Rüstəm! - Anam, məni sevdinmi heç? - Bacım, məni sevdinmi heç? - 4 il yatdım, qapımı döyən olmadı! - Qadınım ac qaldı, tək qaldı, həyan olmadı! Can Rüstəm! Gözləri qan Rüstəm! Bu da bir işdi, Başına gəlmişdi. Meşənin yanında palçıq daxması… Sevimli gənc arvadı… Saçlarında dən… - Ax, canım, necəsən?